Xəbərlər

Norveçdə vikinq dövrünə aid sirli məzar tapılıb

Norveçdə vikinqlər dövrünə aid sirli məzar tapılıb. Belə ki ağzında dəniz darağı (molyusk) qabıqları olan qadının qəbiri arxeoloqlarda çaşqınlıq yaradıb.

“Füyuzat” bu barədə “Sciencealert” xəbər saytına istinad edərək məlumat verir.

Norveçin Trendelaq bölgəsində aşkar edilən vikinq dövrünə aid bir məzar arxeoloqlar üçün ciddi tarixi müəmma yaradıb. Təxminən IX əsrə (800-cü illərə) aid olan bu artefakt indiyə qədər vikinq arxeologiyasında rast gəlinməyən xüsusiyyətləri ilə diqqət çəkir.

Qəbirdə dəfn olunmuş qadının ağız və çənə nahiyəsinə iki böyük dəniz darağı qabığının qəsdən və xüsusi qayda ilə yerləşdirilməsi alimləri heyrətləndirib. Bu cür dəfn üsulu xristianlıqdan əvvəlki vikinq qəbirlərində indiyə qədər qeydə alınmayıb.

Norveç Elm və Texnologiya Universitetinin (NTNU) arxeoloqu Raymond Sauvage tapıntının unikal olduğunu qeyd edib:

“Ən diqqətçəkən məqam ölü qadının ağız nahiyəsinə yerləşdirilmiş iki dəniz darağı qabığıdır. Bu, Norveçdə xristianlıqdan əvvəlki qəbirlərdə indiyə qədər məlum olmayan bir praktikadır. Biz hələlik bunun nəyi simvolizə etdiyini bilmirik”.

Qəbir barəsində məlumatlar hələ rəsmi elmi nəşrlərdə dərc edilməsə də, ilkin tapıntılar onun qeyri-adiliyini açıq şəkildə göstərir.

Tapıntının ilk izlərinə metal detektor istifadəçisi Roy Soreng rast gəlib. O, Trendelaq vilayətinin Bjuqn ərazisində bir tarlada araşdırma apararkən vikinq dövrünə aid bürünc broş tapıb.

Soreng torpaq sahibi Arve İnnstrand ilə birlikdə NTNU Muzeyinə və Trendelaq Vilayət Şurasına məlumat verib. Bundan sonra əraziyə göndərilən mütəxəssislər geniş qazıntı işləri aparıblar.

Araşdırmalar nəticəsində həmin ərazidə vikinq dövrünə aid bir qadının qəbri olduğu müəyyən edilib. Bu tapıntı Norveç üçün nadir hesab olunur, çünki torpağın turşuluğu adətən insan qalıqlarını sürətlə məhv edir.

Zamanın təsiri ilə qəbirin bir hissəsi dağılsa da, tapılan əşyalar qadının sosial statusu barədə mühüm məlumatlar verir. Qəbirdə paltar qayışlarına taxılan iki oval broş və alt nahiyəni sabit saxlamaq üçün istifadə olunan halqa bərkidici tapılıb.

Raymond Sauvage bildirir ki, bu tapıntılar qadının azad və ehtimal ki, evli olduğunu göstərir:

“Bu vikinq dövrünə aid qəbirdə IX əsrə aid tipik geyim və zinət əşyaları ilə dəfn olunmuş bir qadın var. Bu da onun cəmiyyətdə mövqeyi olan, bəlkə də, təsərrüfat sahibəsi olduğunu göstərir”.

Ən böyük sual yaradan məqam dəniz darağı qabıqlarıdır. Qabıqlar qadının çənəsinin hər iki tərəfinə simmetrik şəkildə yerləşdirilib. Onların xarici səthi çölə baxır, birləşmə xətləri yanaq sümüklərinə yönəlib, alt kənarları isə boyun tərəfə yaxın olub.

Qəbirdə həmçinin səliqə ilə düzülmüş quş sümükləri, ehtimal ki, qanadlara aid qalıqlar da tapılıb. Bu cür dəfn elementləri tarixdə nadir hallarda da olsa, müşahidə edilir.

Tarix boyu dəniz qabıqları müxtəlif mədəniyyətlərdə simvolik məna daşıyıb. Qədim dövrlərdə onlar məhsuldarlıq və qadınlıqla əlaqələndirilib, daha sonrakı əsrlərdə isə ruhani inanclarla bağlanıb.

Lakin arxeoloqlar vurğulayır ki, bu mənaların heç biri IX əsr Skandinaviya mühitinə uyğun gəlmir. Buna görə də bu cür dəfnin səbəbi hələlik naməlum olaraq qalır.

Alimlər qadın haqqında daha ətraflı məlumat əldə etmək üçün tədqiqatları davam etdirirlər. Xüsusilə eyni tarlada daha əvvəl aşkar edilmiş və VIII əsrə aid olan başqa bir qəbir ilə qohumluq əlaqəsinin olub-olmaması araşdırılır.

Raymond Sauvage deyir:

“Skeleti araşdıracağıq, tapılan əşyaları qoruyacağıq və tarixləndirmə ilə DNT analizi üçün nümunələr götürəcəyik. Məqsəd bu insan və eyni ərazidə tapılmış əvvəlki dəfnlə mümkün əlaqələr barədə daha çox məlumat əldə etməkdir”.