Türkiyənin Ticarət Nazirliyi aprelin 9-dan Qəzzada hərbi əməliyyatlar bitənə və humanitar yardımın maneəsiz çatdırılması üçün şərait yaradılana qədər İsrailə 54 adda sənaye məhsulunun ixracına məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Nazirlik açıqlama yayıb.
Qeyd olunur ki, polad, alüminium, boya, elektrik kabelləri, aviasiya yanacağı, yağlar, gübrələr, bəzi növ sənaye avadanlıqlarından hazırlanan müxtəlif növ məhsullara məhdudiyyətlər tətbiq edilib.
Həmçinin məhdudiyyətlər siyahısına sement, dəmir və poladdan hazırlanmış bütün növ tikinti materialları, fitinqlər, fiber-optik kabellər, forkliftlər, ekskavatorlar, qranit, mərmər, izolyasiya materialları, metal emalı avadanlığı, dəzgahlar, kərpic və klinker, eləcə də metal emalı üçün istifadə olunan kimyəvi maddələr daxildir.
“Qərar dərhal icra edilməlidir. Müəyyən edilmiş məhdudiyyətlər İsrail öz beynəlxalq öhdəlikləri çərçivəsində Qəzza zolağında dərhal atəşkəs elan edənə və humanitar yardımın fasiləsiz çatdırılmasına icazə verənə qədər qüvvədə qalacaq”, – nazirlik bildirib.
Ticarət Nazirliyi vurğulayıb ki, İsrail beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam edir və beynəlxalq ictimaiyyətin atəşkəs və humanitar yardımın fasiləsiz göstərilməsi ilə bağlı çoxsaylı çağırışlarına məhəl qoymur: “Təəssüf ki, İsrail BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, BMT İnsan Haqları Şurası və Beynəlxalq Ədalət Məhkəməsinin bu kontekstdə qəbul etdiyi bir qərara da əməl etməyib”.
Nazirlik həmçinin beynəlxalq ictimaiyyətin bütün üzvlərini İsrailin beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsinin təmin edilməsinə töhfə verməyə çağırıb.