Xəbərlər

FHN dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət ünvanlayıb.

“Füyuzat” xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.

“Qeyd olunanları nəzərə alaraq, FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin olunması məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır. Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə qeyd olunub.