Qədim Roma dövründən günümüzə memarlıq sahəsi ilə bağlı yalnız bir kitab gəlib çatmışdır. “Memarlıq haqqında” (“De Architectura”) əsərinin müəllifi Vitruvius kitabın ilk fəslində yazır ki, memar olmaq üçün sahə ilə bağlı dərin bilik əsas şərtdir. Bununla yanaşı, peşəkar səviyyəyə yüksəlmək üçün on müxtəlif sahə üzrə də ilkin biliklərə sahib olmaq vacibdir. Bu zaman tarix, fəlsəfə, musiqi, hüquq kimi sahələr sadalanır və memar üçün niyə önəmli olduğu izah edilir. Əlbəttə, bir memardan musiqi bəstələməsini gözləmək olmaz. Lakin hərtərəfli və dərin biliklərə sahib olmaq peşəkarlıq üçün əsas şərtdir. Modern dünya bu baxımdan universal biliklərə sahib alimlər yetişdirə bilmişdir. Xüsusilə XIX–XX əsrlərdə bu cür elm adamları daha da ön plana çıxmışdır. Sosial elmlər modern dünyanın inqilablar yolu ilə müəyyən etdiyi prinsiplər çərçivəsində cəmiyyətin inkişafına və sistemin davamlılığının təmin edilməsinə mühüm töhfələr versə də, son dövrlərdə sosial elmlərə yönəlmiş yad münasibətin qlobal bir trendə çevrildiyi müşahidə edilir.
Milli dövlətlər böhran anlarında insan faktorunu (vətəndaş və ya millət) asanlıqla ikinci plana ata bildikləri kimi, bu gün texnologiyanın inkişafı da sosial elmlərin nəzəri-diqqətdən uzaqlaşdırılmasına gətirib çıxarır. Daha doğrusu, sosial elmlər, xüsusən də siyasət və tarix sahələri metodoloji dəyişikliklərlə qarşı-qarşıyadır.
Bu tendensiya xüsusən müstəmləkə keçmişi olan, eyni zamanda işlək və effektiv sistem qurmağa çalışan “gənc” dövlətlərdə daha kəskin şəkildə özünü göstərir. Azərbaycanda da həm təhsil bürokratiyası, həm də elmi ictimaiyyət bu problemin fərqində olduğundan ali təhsil sisteminin yenilənməsi istiqamətində addımlar atılır. Bununla belə, elmə və sosial elmlərə münasibət hələ də istənilən səviyyədə deyil. Sosial elmlər nə dövlət proqramlarında prioritet sahə kimi yer alır, nə də akademiyada əməkhaqqı baxımından yüksək qiymətləndirilir. Müqayisə etdikdə Bakı Dövlət Universitetinin tarix müəllimi ilə Azərbaycan Tibb Universitetinin tədqiqatçı-həkiminin ümumi gəlirləri arasında ciddi fərq müşahidə olunur. Bu isə öz növbəsində yüksək ixtisaslı, intellektual tarixçi zümrənin formalaşmasına mane olur. Daha doğrusu, formalaşmaqda olan yeni prinsiplərin cəmiyyət tərəfindən mənimsənilməsi və sistemin davamlı şəkildə işləməsi məhz sosial elmlərin inkişafından asılıdır. Məsələn, Birləşmiş Krallıqda sosial elmlərə həsr olunmuş London İqtisadiyyat Məktəbi və yaxud Türkiyədə son illərdə təsis edilərək sırf bu sahə üzrə ixtisaslaşmış İbn Haldun Universiteti bunun bariz nümunələridir. Bir sözlə, sosial elmlər hər bir dövlət və cəmiyyət üçün həlledici əhəmiyyət daşıyır.
Sosial elmlər vacibdir! Çünki cəmiyyət qurmaq və insanları bir fikir ətrafında toplamaq məhz onun vasitəsilə mümkün olur. Azərbaycanın Qarabağda əldə etdiyi tarixi zəfərin düzgün təhlili və onun mahiyyətinin gələcək nəsillərə ötürülməsi siyasi elm və tarix sahələrinin inkişafı ilə mümkündür. Cəmiyyətdə boşanma halları daxil olmaqla, insan münasibətlərinin qarşılaşdığı sosial təhdidlər mütəxəssislər tərəfindən araşdırıla və öz həllinə qovuşa bilər. Elə bu səbəbdən sosiologiyada ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması məqsədilə adıçəkilən sahə dövlət proqramına daxil edilmişdir…



