Luisvill: atçılıq şəhəri
Klivlend proqramını tamamladıqdan sonra Kentaki (Kentucky) ştatının şəhərlərindən biri olan Luisvillə (Louisville) yollandıq. Qrupumuz iki hissəyə ayrıldı. Bizim Luisvill qrupumuz rəhbər Karlosla bərabər, Azərbaycan, Türkiyə, Ermənistan, İtaliya və Maltadan olan iştirakçılardan təşkil olunmuşdu. Məsafənin uzaqlığı və birbaşa uçuşun imkansızlığından ötrü Klivlenddən öncə Atlanta hava limanına, oradan da Luisvillə yollandıq. Əvvəlcə kiçik bir haşiyəyə çıxaraq qeyd etməliyəm ki, ABŞ-da olduğumuz müddətdə istifadə etdiyimiz daxili uçuşlar Amerika insanını tanımaq üçün son dərəcə faydalı oldu.
Hava şəraitinin qeyri-müəyyən olmasından ötrü Atlantadan Luisvillə gedərkən həyatımın ən dəhşətli uçuşunu təcrübə etdim. Daxilimizdə baş qaldıran narahatlıqla komanda yoldaşlarımla göz-gözə gəldik. Ancaq türbülans uzun müddət səngimədi və artıq övladlarımın video görüntülərini son dəfə görmək üçün telefonu açmağa hazırlaşırdım. Lakin pilotun məharəti və soyuqqanlılığı ilə türbülansdan xilas olduq. Daha sonra kabin məmuru sanki sərnişinlərdəki qorxunu sakitləşdirmək üçün gecikmədən çay, kofe təklif etməyə başladı və kofeni içərək kitabı oxumağa davam etdim. İnsan belə bir varlıqdır…
Uzun və çətin uçuşdan sonra, nəyahət, Məhəmməd Əlinin adını daşıyan, atçılıq və şərabçılıqla məşhur beynəlxalq hava limanına endik və yollandıq otelimizə…
Luisvill şəhəri, əsasən, atçılıq və şərab istehsalı ilə məşhurdur. Belə ki, Uelsdən XVIII əsrin sonlarında gəlməyə başlayan sakinlər Kentakidə ilk içki zavodunu məhz həmin tarixlərdə qurublar. Digər tərəfdən atçılıq da Luisvill üçün əsas məşğuliyyət və gəlir sahələrindən biri hesab olunur. Məlumata əsasən, atçılıqdan ümumən 1,3 milyard ABŞ dolları gəlir əldə edilir.
Ümumiyyətlə, deməliyəm ki, ABŞ səfərim gözlədəyimdən maraqlı və effektiv keçdi. Burada tək istisna öyrəşməkdə çətinlik çəkdiyim mətbəx, otellərdəki səhər yeməkləri və s. oldu. Mətbəxi xüsusi olaraq qeyd etməliyəm. Çünki mənim kimi ömründə “fast food” yeməmiş birisi bu cür yeməklərin mərkəzində 3 həftə yaşamalı oldu. Bununla belə, Vaşinqton yazısında da qeyd etdiyim kimi, Amerika görməyən, təcrübə etməyən birisi dünyaya dair təfsilatlı qavrayışa sahib olmaqda çətinlik çəkəcəkdir.
Səfər etdiyimiz şəhərlərdə azərbaycanlı dostlarla qarşılaşmağım səfərimi xüsusi maraqlı etdi. Luisvill şəhərinə gəldikdə qrup rəhbərimiz Karlos burada da dostumun olub-olmadığını soruşdu. Əlbəttə, Luisvildə yaşayan və tanıdığım azərbaycanlı yox idi. Lakin Luisvill şəhərinin beynəlxalq münasibətlər komitəsini ziyarət edərkən professor Çarlz Ziqlerin (Charles Ziegler) ADA universitetindən Anar Vəliyevi tanıdığı, onunla bərabər işlədiyi aydın oldu… Beləliklə, azərbaycanlı tapmasam da, azərbaycanlı birisi ilə işləmiş bir professorla tanış oldum.
Azərbaycanlı olduğumu bilən kimi ADA universiteti rektorunun müşaviri, professor Anar Vəliyevi tanıyıb tanımadığımı soruşdu. Məlumdur ki, Anar müəllim doktorantura təhsilini Luisvill Universitetində almışdır.
Anar müəllimin professor Çarlzın hafizəsində buraxdığı xoş xatirə nəticəsində o mənə qarşı gözəl münasibət göstərdi. Bu özlüyündə mənim üçün çox qiymətli bir hadisə oldu. Bir azərbaycanlı olaraq qürurlandım. Axı uzun illər xaricdə yaşamış birisi olaraq bu sahədə “sicil”imizin heç də parlaq olmadığını bilirəm. Anar müəllimə və onun kimi vətənpərvərlik işini doğru, düzgün və vaxtında görməyə çalışan insanlara təşəkkür edirəm. Mən də öz növbəmdə Amerikada olduğum müddət ərzində bu prinsipə əməl etmək üçün əlimdən gələni etdim. Ümumən, professor Çarlzla çox maraqlı və faydalı müzakirələrimiz oldu.
Məlumat üçün deyim ki, Luisvill həm atçılıqda, həm də şərabçılıqda məşhurdur. Bununla yanaşı, müsəlmanlar tərəfindən də rəğbətlə xatırlanan Məhəmməd Əlinin vətənidir. Rəsmi səfərlərlə yanaşı, atçılıq və Beynəlxalq Məhəmməd Əli mərkəzini ziyarət etmək, həmçinin qrup olaraq ilk yerli musiqi proqramını dinləmək fürsətimiz oldu.
Luisvill səfərimiz çərçivəsində aşağıdakı qurum və məkanlarda olduq:
- Luisvill Beynəlxalq Münasibətlər Komitəsi;
- Cənubi İndiana və River Ridge İnkişaf Mərkəzi;
- Beynəlxalq Məhəmməd Əli Mərkəzi;
- Kentaki At parkı və muzeyi;
- Kentaki YMCS Gənclər Assosiasiyası;
- Kentaki İqtisadi İnkişaf Assosiasiyası;
- Kentaki İstehsalatçılar Birliyi;
- Qonaqseverlik yeməyi (hospitality dinner).
Vaşinqton yazısında artıq Azərbaycanın geniş tanındığını qeyd etmişdim. Bu doğrudur. Lakin əyalət səfərləri çərçivəsində bir çox yerdə də nəinki Azərbaycan, hətta Cənubi Qafqazın belə tanınmadığına şahid olduq. Belə ki, erməni iştirakçı Cənubi İndiana və River Ridge İnkişaf Mərkəzində Cənubi Qafqaz haqqında soruşarkən mərkəzin CEO-sunun belə bir bölgədən xəbəri olmadığı aydın oldu. Çünki ticarətləri, əsasən, Yaponiya, Qərbi Avropa ölkələri, Kanada və Meksika kimi ölkələrlə olduğundan Cənubi Qafqazı tanımaması anlaşılan idi. Bununla belə, siyasətlə maraqlı olan insanlar, yaxud elm adamları Azərbaycanı tanıyır və bilirlər.
Beynəlxalq Məhəmməd Əli Mərkəzi isə sadəcə bir boksçunun xatirəsinə həsr edilmiş muzey deyil. Burada afro-amerikalıların azadlıq mübarizəsi də öz əksini tapıb. Beləliklə, mərkəzi gəzərkən afro-amerikalıların mübarizə yolu ilə bağlı da təəssürat qazanmaq mümkündür. Orada çəkdiyim və maraqlı olduğunu düşündüyüm bir neçə şəkli də yazıya əlavə etmişəm. Həmin yerdə Məhəmməd Əlinin İslam haqqında görüşləri və türk bayrağının əks olunduğu şəkil xüsusi diqqətimi çəkmişdi. Belə ki, Məhəmməd Əli azadlığı, özünə (afro-amerikalılara) hörməti İslam vasitəsilə tapdığını düşündüyünü ifadə edir. Bir şəkildə isə “Məhəmməd Əli Amerikada azadlıq üçün mübarizə aparır” yazısı əks olunmuşdu.
Kentaki at parkı və muzeyi də xüsusi diqqətimi çəkdi. Yuxarıda qeyd etdiyim kimi, atçılıqdan ildə 1,3 milyard ABŞ dolları gəlir əldə edilir. Yəni içində əyləncəni də əhatə edən böyük bir sənaye var. Halbuki biz türklər atı ilk əhliləşdirən, məişət işlərində, orduda və s. məqsədlərlə birinci istifadə etdiyimizi düşünürük. Lakin günün sonunda Türk dünyasında – Türkmənistanda kiçik bir fəaliyyət var və nisbətən daha böyük bir sənaye Türkiyədə də var. Bununla belə, mərkəzin muzey hissəsində ərəb atlarına dair xüsusi bir şöbə olduğu halda türk atçılığına dair bir şöbə mövcud deyildi. Demək ki, beynəlxalq elmi ədəbiyyatda belə bir anlayışın qəbulu hələlik mümkün olmayıb.
Səfər etdiyimiz növbəti məkan isə Kentaki Assosiasiyası oldu. 8 min orta məktəb tələbəsinin iştirak etdiyi yaxud üzv olduğu fəaliyyətdə tələbələrin BMT simulyasiya oyunlarını izləmək fürsətimiz oldu. Qarşılaşdığımız mənzərə gənclərin özlərini ifadə etmək baxımından olduqca sərbəst olması idi. Anlaşılır ki, orta təhsil fərqli bir formatda qurulub: sərbəstlik.
Luisvill şəhərində mənim üçün ən maraqlı görüş, heç şübhəsiz, təqaüddə olan professor Qloriya Mürreyin evində təşkil olunan “qonaqpərvərlik” (hospitality dinner) şam yeməyi oldu. Belə bir şam yeməyində iştirak mənim üçün ilk idi. Şam yeməyi üçün oteldən bir xeyli uzaqda, çayın sahilində yerləşən gözəl təbiətli bir məkana yollandıq. Professor Qloriya Mürrey bizi çox səmimiyyətlə qarşıladı və olduqca gözəl bir şam yeməyi oldu. Burada diqqətimi çəkən əsas məqam o oldu ki, sistem təqaüdə çıxan elm adamını ölümə tərk etmir. Təqaüdə çıxan professor bu və ya digər şəkildə fəaliyyət göstərməyə, xidmət etməyə davam edir. Əlbəttə, Azərbaycanın belə bir böyük ölkə ilə müqayisəsi doğru nəticə verməyəcəkdir. Lakin akademik istiqaməti doğru götürmək lazımdır. Misal üçün, universitetlərin müəyyən mövzularda muxtariyyətə sahib olması kimi məsələlərin reallaşdırılmasına ehtiyac var.
Luisvill səfərimiz ABŞ və İsrailin İrana müdaxiləsi ilə tamamlandı. İrana olan müdaxilə davam edərkən Luisvilldə işimizi tamamlayıb son nöqtə olan Denverə yollandıq. İran haqqında artıq sonuncu Denver yazısında…

Luisvill Beynəlxalq Münasibətlər Komitəsi idarə heyəti ilə görüşdən sonra.

Cənubi İndiana və River Ridge İnkişaf Mərkəzində görüşdən sonra.

Təqaüddə olan prof. Qloriya Mürreyin evində.


Kentaki Gənclər Assosiasiyası


Beynəlxalq Məhəmməd Əli Mərkəzi.

Məhəmməd Əlinin İslam haqqında görüşləri və türk bayrağı.

Kentaki At parkı və muzeyi.


At parkının muzeyində ərəb atlarına həsr edilmiş bölmə.

Luisvill Monarx İcması və Sənət Mərkəzi (Monarch Community & Arts Center).



