Həftənin son iş gününü tamamlağa hazırlaşarkən telefonuma gələn bir bildirişlə professor İlbər Ortaylının əmanəti təslim edərək, tərki-dünya olduğunu öyrəndim…
Dünya görüşümün formalaşmasında birbaşa və dolaylı olaraq təsiri, rolu olan professor Ortaylı
haqqında bir yazı yazmağı özümə borc bildim…
2016–2017-ci tədris ilinin payız semestri və mən Sakarya Universitetinin Süleyman Dəmirəl
adına mərkəzi kitabxanasında “ixtisas” imtahanı üçün ixtisas kitabları oxuyuram… Ancaq adətim üzrə olduğu kimi bəzən də qaydaları pozub kitab rəflərində diqqətimi çəkən fəlsəfə, tarix, ədəbiyyat (roman) kitablarını da mütaliədən geri durmuram. Kitab rəflərini incələyərkən İlbər Ortaylı kimi həm krımlı olan, həm də Ortaylının Ankara Universitetində müəllimi olan professor
Halil İnalcığın bioqrafiya kitabı diqqətimi çəkdi. Tərəddüd etmədən kitabı oxumağa başladım… İlbər Ortaylının ilkin dəyərini orada anlamışdım. Çünki müəllimi professor İnalcık özünə aid olan bioqrafiya kitabında Ortaylıdan və onun istedad, qabiliyyətindən yüksək bəhs etmişdi. Əlbəttə, Ortaylını Türkiyəyə getmədən tanımışdım. Xüsusilə türk kimliyinin sorğulanmasına dair təşəbbüslərə verdiyi reaksiya Bakıda bizim nəslin xüsusi diqqətini çəkdi.
İllər əvvəl “Fuyuzat.az”da yazdığım “Elmlə məşğul olmaq zəngin işidirmi?” yazısında Ortaylı haqqında belə yazmışdım:
“Türkiyənin Azərbaycanda da tanınan tarixçisi professor İlbər Ortaylı Türkiyədə təhsil almağına
baxmayaraq, dünyada tanınan bir tarixçidir. Professor Ortaylı erkən yaşlarından İstanbulun kitabçılarını valideynləri ilə dolaşmaq imkanı qazanıb. Dil bilgisi olduğu üçün turist rəhbəri olaraq erkən yaşda Anadolu və Yaxın Şərqin tarixi
yerlərinə dəfələrlə səyahət edib. Musiqiyə, sənətə dair erkən yaşda bilik əldə etmək imkanı
qazanıb. Ortaylının erkən yaşda qazandıqları peşəsini seçməklə bağlı ona QƏRAR vermək azadlığını qazandırmışdır”.
Ortaylı Azərbaycanda bizim kimi rus dilinin hegemoniyasını sındırıb dünyanı tanımaq istəyən və ingilis dilini də yeni öyrənən (hətta bəziləri öyrənə bilmədi) nəslə yol göstərici olan türk
intellektuallarından idi.
Tarixin arxa odasında bir elit
Türkiyənin son 30-40 il ərzində qabığını sındırmağa təşəbbüsü iqtisadi və siyasi sahə ilə məhdudlaşmadı. Elm, kitab, kültür sahəsində də ətrafına işıq saçmağa, təsir etməyə başladı. Elm,
kitab, sənət, kültür deyəndə ilk ağla gələnlərdən biri məhz professor İlbər Ortaylı idi. Ortaylı əslən Anadolundan deyildi. Əslən Krım tatarı bir ailədən olan Ortaylı Krımın başına gələnlərdən sonra ailəsilə Avstriya, oradan da Türkiyəyə köç etmişdi. Kültürlü bir ailədə böyüməyin bütün üstünlüklərinə sahib olan Ortaylının Türkiyəyə əsas töhfəsi, xidməti orta statistik elm, kültür
adamı formasını aşmış olması idi. Belə ki, illər əvvəl Türkiyədə dövlətin ana sütunu olan türklük sorğulanarkən televiziyadan: “Mən türk olduğumu ifadə etmək üçün nə hökumətlərdən, nə bir başqa kimsədən icazət alacaq deyiləm”, – deyə bilmişdi. Elm adamlarına xas ideoloji bulaşıqlığı aşıb, mənsubu olduğu mədəniyyətin hüdudunda (kandarında deyil) dolaşmağı bacaran birisi idi. Bir mədəniyyətə xidməti, yönü, əsasən, belə elit adamlar edir. Məlumdur ki, bəzən cəmiyyətlər yaşayan sosial, iqtidadi, siyasi transformasiyalardan ötrü istiqamətini itirib dəyərlərini sorğulaya bilər. Türkiyə də belə hallardan geri qalmamışdı. Misal üçün, özündə kəskin bir millətçi olmayan, lakin türk olmağın şüuruna sahib elit bir intellektual olaraq Ənvər
Paşa kimi Türkiyədə haqqında müxtəlif dəyərləndirmələr olan bir şəxsiyyət haqqında kitabın ortasından dəyərləndirmə edə bilmişdi.
Türkiyə kimi ideoloji sərhəddin kəskin olduğu bir ölkədə həm Atatürkü, həm də Osmanlı sultanı Fatih Sulan Məhəmmədi ən yaxşı şərh edənlərdən birisi idi… Fikirləri də cəmiyyətin müxtəlif qrupları tərəfindən hörmətlə qəbul edilirdi…
Ortaylı Roma dövründə günümüzə gəlib çıxmış tək memarlıq tarixi kitabının müəllifi Vitriviusun “Memarlıq haqqında on kitab”da ifadə etdiyi kimi, elit bir peşə sahibi idi. Belə ki, tarixçi olmaqla bərabər, minimum, bəzən isə peşəkarcasına bir çox sahədə qələm oynada, cümlə qurub fikir bildirə bilirdi. Bu sahələr elmin müxtəlif sahələri
ilə yanaşı, sənət, ədəbiyyat kimi geniş sahələri əhatə edirdi. “Bir həkim istədiyi qədər savadlı
olsun, roman oxumayan bir həkim danışa bilmədiyi üçün xəstəsi ilə ünsiyyəti düzgün
qura bilməyəcək”, – deyəcəkdi…
Son illərdə “Hürriyyət”də bazar günləri yazmağa başlamışdı. Adətən, reqlamentdən kənar, öz gündəminə görə yazılan yazıları böyük həvəs və maraqla oxumağa çalışardım…
Ömrü boyunca türk cəmiyyətində qəsəbə kültürünü aşmış, ən azından bilmədiyini bilən bir nəsil yetişdirməyə çalışdı. Nəticədə bu gün Türkiyə dövlətinin idarəsində akademik, diplomatik, siyasi və bürokratik müstəvidə rolu olan bir nəslin müəllimi oldu…
Azərbaycan və Türk dünyasına dair mövqeyi də bilinən bir məsələdir… Sabirin şeirini canlı yayımda səsləndirməsi də bir xatirə olaraq qaldı…
Birləşmiş Krallığın vəfat etmiş Kraliçası II Elizabetanın Türkiyə səfərində ölkə adına rəhbərlik məhz ona həvalə edilmişdir.
Ortaylının uzun müddət Türkiyənin “Habertürk”
televiziyasında yayımlanan və təsiri Türkiyənin sərhədini aşan “Tarixin Arxa Odası” proqramındakı fəaliyyəti, sonralar jurnalist Fatih Altaylı ilə təşkil etdikləri proqramlar və nəhahət, son illərdə internet televiziyalarındakı çıxışları gənc nəsil üçün olduqca faydalı olmuşdur.
Ölümünə verilən reaksiya
Vəfatından sonra müxtəlif dünya görüşünə sahib dövlət, siyasət, sənət, elm və s. sahələrdən insanların Ortaylının vəfatının yaratdığı kədərdə birləşdiyini gördüm. Türkiyədə fəaliyyət göstərən, demək olar ki, bütün diplomatik korpuslar Ortaylının vəfatına münasibət bildirdi. Beləliklə, ölümü ilə qısa müddətli də olsa, türk cəmiyyətini birləşdirməyə müvəffəq oldu. Axı millət olmaq elə sevinc və kədərdə birləşmək deyilmi?!
Dəfni
Ortaylı özü Geliboluda (Çanaqqala) dəfn olunmaq istəmişdi. Lakin vəfatından sonra Prezident Ərdoğanın müvafiq qərarına əsasən, 16 mart, 2026-cı il tarixində “öğle namazına müteakip”
sadəcə prezident qərarı ilə dəfn mümkün olan Fatih həzirəsində (Fatih Haziresi) dəfn ediləcəkdir. Belə ki, Ortaylının ustadı professor İnalcık, yenə başqa bir türk – Balkan göçməni professor Kamal Karpat da həmin həzirədə Fatih Sultan Məhəmmədlə bərabər dəfn ediliblər.
Mənim peşmanlığım
2016-cı ilin iyul ayında yay tətili üçün Azərbaycana gəlmək əvəzinə, Türkiyədə qalıb oxumağa, araşdırmağa davam etmək qərarını vermişdim. Beləliklə, yayın qızmar istisində kitabxanada yaşamağa davam edirdim… İyul ayının ortalarında professor Halil İnalcığın vəfat xəbərini öyrəndim… Bu mənim üçün böyük peşmanlıq oldu… Digər tərəfdən uzun illər Türkiyədə yaşamış birisi olaraq İlbər Ortaylı ilə görüşmək mümkün ikən sonra, sonra deyərək bu fürsəti əlimdən vermiş oldum. Beləliklə, mənim payıma peşmanlıq qalmış oldu…
Ümid edirəm, bu mənə dərs olar və nəhayət belə fürsətləri qaçırmaram… Düzü, Ortaylı səviyyəsində nə qədər adam qaldı, ondan da əmin deyiləm…
Elit bir türk intellektualı əmanəti təslim edərək tərki-dünya oldu…
Bizə qatdıqları üçün təşəkkürlər!
Ruhu şad olsun…
s.e.ü.f.d. Dos. Orxan Vəliyev
Xəzər Universiteti, Siyasi elmlər
və fəlsəfə departamentinin müdiri



