Orxan Vəliyev,
s.e.ü.f.d.
Modern dünya fərdin mülkiyyətinin qanunla mühafizə edildiyi bir yer olaraq dizayn edilmişdir. İnsan mərkəzli modern dünyada fərdi varlığın ilkin şərtlərindən biri məhz mülkiyyətdir! Mülkiyyət isə əvvəlcə məkanla bağlı kollektiv sahibliyi (vətən) tələb edir. Gözünü məkan hakimiyyətsizliyi ilə açan bir kollektivin (millətin) üzvü olan “MƏN” isə hüquqi baxımdan rəsmi qeydiyyatım olmayan şəhərdə yenə hüquqi olaraq mənə məxsus olmayan (kupça), həyəti qonşu ev(lər)in [mülk] divarına söykənən bir mülkdə yaşayıram. Beləliklə, mən kiməm, yaxud mən varmı?!
Mən kiməm?!
Kimliyin mərkəzində insan dayanır! İnsan bioloji olaraq dəyişməyən bir dəyərdir. Ancaq zamanla dəyişən iqtisadi, siyasi quruluşlar, texnoloji yeniliklər, siyasi-hüquqi yanaşmalar insanın kimliyinə, roluna təsir edib transformasiya edir. Misal üçün, etimoloji olaraq latın dilinin qədimliyindən gələn “natio” (millət) anlayışı hər dövrün şərtlərinə uyğun formada siyasi və hüquqi status qazanmışdır. Bu baxımdan qədim Afinadakı insanla müasir Afinadakı insanın arasındakı əsas fərqə siyasi və hüquqi baxımdan nəzər yetirmək lazımdır. Yəni feodalizm dövründəki sosial, iqtisadi-siyasi quruluş insanın roluna dair müəyyən çərçivə – məhdudiyyətlər qoyduğu halda, modern inqilabla bərabər insanın gündəlik həyata daxil edilməsi (kapitalizm) fərqli bir mərhələyə keçid etdi. Hərçənd modern tərəqqi narrativinin insanlığı xilas etməkdən daha çox nizamın davamlılığının mühafizəsinə xidmət etdiyinə dair ciddi tənqidlər də mövcuddur.
Kapitalist sistem “köhnə” məhdudiyyətləri inkar edən yeni bir sistemin qurulmasında katalizator rolunu oynadı. Daha doğrusu, özündə yeni texnoloji yenilikləri də ehtiva edən kapitalizm insana dair siyasi, hüquqi və iqtisadi bazada inqilabi dəyişikliklərə səbəb oldu. Beləliklə, istehsal, yaxud sənaye kapitalizminin kölgəsində formalaşan bazarın tələbləri feodal sistemlə hərəkətsizliyə (kəndə) məhkum edilən insana hərəkət (öz müqəddəratını təyin) və mülkiyyət haqqı, imkanı yaratdı.
Bu gün haqqında qorxaraq danışdığımız fiziki, bioloji dünyaya bir də elektron dünyanı əlavə etdirən süni zəka texnoloji inkişafın yeni mərhələsi olaraq qəbul edilir və biz insanın modern özünəməxsusluğunun sarsılmağından narahatlıqla danışırıq. Çünki sosial-iqtisadi ehtiyaclar və tələblər dəyişir. Daha doğrusu, yeni bir forma bürünən kapitalizm (maliyyə [borc] kapitalizmi) bu səfər də insan (millət) mərkəzli sistemin transformasiya edilməsində katalizator rolunu oynayır. Ancaq hələ astanada görünən yeni dünyanı bir kənara qoyub modern dövrdən davam edək…
Bu mənada insan modern dövrün dəyişən iqtisadi, siyasi, mədəni quruluşundan ötrü fərqli kimliyə, sosial rəngə bürünmüş oldu. İnsan bir form olaraq bu kimliyin mərkəzində yer alırdı. Bu insanın kimliyində keçmişlə müqayisədə “üstünlük” azadlıq, bərabərliklə yanaşı, mülkiyyət toxunulmazlığı demək idi. Formalaşan modern iqtisadi sistem fərdin mülkiyyət toxunulmazlığına üstünlük verməyə başladı. Beləliklə, alman filosofu Karl Şmidtin “Modern inqilab, əslində, məkan inqilabıdır” fikrinə dair işıq üfüqdə görünməyə başlayır. Məkan üzərindəki mülkiyyət sahibliyi həm fərdlər, həm də millətlər üçün ekzistensial bir şərt olaraq qarşımıza çıxmışdı. Yəni istər fərdlər, istərsə də millətlər üçün “bura mənimdir” şüarı ilə fərdə mülkiyyət, millətlərə isə vətən anlayışı formalaşdı. Bu inqilabi dəyişiklik insanın kimlik formasiyasını da dəyişib yeni formaya salmış oldu. Bu mənada millətşünaslığın nəhəng tədqiqatçılarından amerikalı (əslində, Amerikaya köçən rus yəhudisi) tədqiqatçı prof. Liya Qrinfildin (Liah Greenfeld) ingilisləri modern dünyanın ilk milləti olaraq müəyyən etməsi anlaşılandır. Çünki məkan üzərində fərdi və kollektiv hakimiyyət ilk olaraq məhz ingilislər tərəfindən müəyyən edilmişdir. Modern Qərbin ziddiyyətli məkanı olan Almaniya mütəfəkkirlərindən Karl Şmidt məhz bu səbəblə mətnlərində XIII əsrə qədər “çoban” olmuş bir xalqın (ingilislər) irəli getməyinə müxalif edərək, əslində, özü və milləti üçün kimlik (hakimiyyət) yaratmağa çalışırdı. Əlbəttə, alman düşüncəsindəki radikallığın siyasətdəki qarşılığı qlobal olaraq bilinən bir məsələdir. Lakin yazının mövzusundan kənara çıxmamaq üçün bu kimi nüanslarda məhdudiyyətlərdən istifadə edəcəyəm.
I
Kimliyə sahib olmaq eyni zamanda məkana sahib və hakim olmaq deməkdir. Modern dünya öz müqəddəratını təyin haqqının bir arzu olaraq qaldığı Azərbaycan kimi ölkələri müstəmləkə altına sürükləmişdir. Azərbaycanlılar modernizasiyanı müstəmləkənin “uçitel” və “şkola” anlayışları ilə tanış oldular.
Azərbaycan cəmiyyətində kimlik, millət inşası məsələsi türkçülük, azərbaycançılıq müstəvisindəki müzakirələrdən məlumdur. Ancaq bu essenin sərhədini fərd olaraq “mən kiməm?” sualı ilə məhdudlaşdıracağımdan ötrü elə Azərbaycanı özümdən yola çıxaraq anlamaq fikrimə sadiq qalacağam. Qısası, bu esse birbaşa bir akademik mətn olmadığı kimi azərbaycançılıq, türkçülük müzakirələrinə də aid deyildir. Bu essenin məqsədi Azərbaycan xalqının müstəmləkə izlərinin ağrıları ilə yoğrulan varlıq (kimlik) mübarizəsini “mən”dən yola çıxaraq anlamaq təşəbbüsü kimi görülsə, məramı daha yaxşı anlaşılar. Beləliklə, kimliklə bağlı meqa müzakirə mövzu və məsələlərinə “mən”dən yola çıxaraq cavab axtarmağa təşəbbüs edirəm. Əslində, yazmaq istədiyim ən vacib mətnlərdən biri elə məhz budur. Kim olduğumu və olmadığımı yazaraq əvvəlcə özümə göstərməliyəm ki, bu bir cəsarət tələb edir. Bu mətn özlüyündə mənim ilk cürətkar hesabatım olaraq da görülə bilər.
Oxuduğum və kimliklə birbaşa və ya dolayı əlaqəsi olan mətnlər arasında üç müəllifin mətni zehnimdə özünəməxsus iz buraxmışdır. Bu əsərləri hələ də təkrar-təkrar mütaliə etməyə davam edirəm.
• Əli bəy Hüseynzadə “Türklər kimdir, kimlərdən ibarətdir?”
• Əhməd bəy Ağoğlu “Mən kiməm?”
• Ziqmund Bauman “Kimlik”
Hər üç müəllifi özümə doğma bilməyim yazdıqları mətnin keyfiyyətindən daha çox (şübhəsiz ki, hər üçü də böyük şəxsiyyətlər, fikir adamları olub), mətnlərində əks olunan kimlik travması idi. Hər üç müəllif doğulduğu torpaqlardan köç etməyə vadar olunmuş insandır. Beləliklə, bir yerə aid (sahib/hakim) olmadan da köçüb getmiş kimsələrdir. Geriyə isə sadəcə mətnləri qaldı.
Ziqmund Baumanın, əsasən, müsahibə, dialoq tərzindəki kitabı belə bir sarsıdıcı, ancaq həqiqəti də əks etdirən sualla başlayır: “Bir dəfə yeni gəldiyiniz bir yerdə yeni gələn [yad, o məkana aid olmayan] olmaqdan xilas ola bilərsinizmi?” Həyat Baumanın sualının yersiz olmadığını və insanın yeni gəldiyi, köklərinin aid olmadığı məkanda yad olmaqdan xilas ola bilmədiyini göstərir…
Məsələn, mən Azərbaycana anamın qucağında erməni zülmündən qaçaraq gəldim… Sonra da böyüdüyüm Gəncədən Azərbaycana gəlmə (yeraz) biri olaraq Bakıya gəldim… həm Gəncədə, həm də Bakıda köklərimin buraya aid olmadığını “öyrəndim”… Belə olan halda mən kiməm və haraya aidəm? Kim və hansı səbəb məni köç etdirib?
Böyük cavab, heç şübhəsiz, Kürəkçay, Türkmənçay və Gülüstan anlaşmalarındadır…
Ömürlərinin ən dəyərli illərini qardaş Türkiyədə keçirən Əli bəy və Ağaoğlu, əslində, kimlik travmasını həll edə bilmədən dünyadan köçüb getdilər. Türkiyədə doktorantura təhsili alarkən Ankarada Əli bəy haqqında yazılmış bir kitabda İstanbulda rus dilində danışan birini görcək, assistentlərinə imkan vermədən özünün can atması belə Qafqaza, Azərbaycana nisgilini anlamaq üçün mənə kifayət etmişdi. Ağaoğlunun həm bəhs etdiyim mətni, həm də bioqrafiyasını diqqətlə oxuduqda kimlik problemi özünü göstərir. Bakıda və Şuşada Ağaoğlu küçəsi olduğu halda, bir çox qurumların yaradılmasında birbaşa rolu olduğu Türkiyədə adı geniş kütlələr tərəfindən bilinmir. Hərçənd Şuşada Ağaoğlu muzeyi də açılmadı!
Çünki Şuşada dünyaya gələn Əhməd bəy Ağaoğlu fiziki baxımdan doğulduğu torpaqlardan qopdu və bir daha dönmədi… Bioqrafiyasında yazdığı kimi, türkmən tərəkəmələri Şuşaya olan hakimiyyətlərini hələ də tam bərpa edə bilmədiklərindən Şuşada adına muzeyin açılmasını gözləmək də əbəsdir. Çünki onlar türk olsalar belə, Baumanın sualında əks olunduğu kimi, Anadoluya “kənardan” gəlib nevzuhur etdiklərindən yad olmaqdan bir daha xilas ola bilmədilər. Əli bəyin məzarı, əsasən, Azərbaycandan olan və gələnlərin ziyarəti istisna olmaqla məzarlıqda bir duaya möhtac şəkildə tənhalığa məhkum edilmiş oldu.
Ziqmund Bauman birbaşa mənim dünyamdan olmamaqla bərabər, yaşadığı, məruz qoyulduğu kimlik travmasını yazıb. Bu mətni oxumağın özü də bir travmadır. Polşada dünyaya gələn Bauman faşizm ucbatından ömrünün sonuna qədər çalışsa da, yad olmaqdan xilas ola bilməyəcəyi (öz ifadəsinə əsasən yazılıb) İngiltərəyə köç edir. Ömrünün sonuna qədər də yad olub doğma ola bilmədiyi İngiltərədə Polşanın həsrətini, nisgilini çəkir. Şərəfinə çalınacaq milli marşdan belə məhrum qalır.
Halbuki o, Polşada da oranın “yerliləri” tərəfindən sıxışdırılıb çıxarılmışdı…
II
Yuxarıda adlarını qeyd etdiyim üç şəxsiyyətin həyatında məruz qaldıqları kimlik böhranı… Modern sərhədlər formalaşarkən Azərbaycandan zorla alınan və sonradan Ermənistan olaraq müəyyən edilən torpaqlarda müsəlman, türk bir ailədə dünyaya gəldim. Böyümək qismət olmadan ailəm ana vətən Azərbaycana pənah gətirməli oldu… XIX əsrin sadalanan müqavilələri səlcuqluları tarixşünaslığa, dərsliyə, beləliklə, milli şüura “işğalçı” olaraq daxil etdiyi halda, Manna, Midiyanı əcdad olaraq müəyyən etmişdi. Buna əlavə olaraq Sovet dövründə rus dilinin kölgəsində formalaşan kimliksizlik Azərbaycan xalqının fərdi və kollektiv yaddaşında travma olaraq qaldı. Müstəmləkə elita ilə xalq arasında rus dili ilə bir baryer çəkmiş oldu. Beləliklə, məkanda məskən tutan xalq və onun dəyərləri ictimai məkanda rus dili vasitəsilə mərkəzdən uzaqlaşdırıldı və xroniki kimlik böhranı… (“Biz kimik: türk, yoxsa azərbaycanlı?”; “Rus dilində danışaqmı, rus dilində təhsil lazımdırmı?” və s.)
Ailəm tarixən doğması, sahibi olduğu torpaqlarda modern sərhədlər (dövlətlər) formalaşarkən azlıq olaraq yaşamalı oldu. Yəni bizim kimlik böhranımız kiçik Ermənistanın işğalı ilə başlamadı. Məsələnin kökləri daha dərində – Kürəkçayın mətnində diz çökdürülən xanın ram edilişindədir.
SSRİ-nin çöküş ərəfəsində ortaya çıxan münaqişə ilə birlikdə ana vətənə pənah gətirən ailəm bu səfər də Azərbaycanda bütün köçkünlərin yaşamağa məhkum olduğu yad, yeni olmağın əziyyətinə məruz qaldı ki, bu da köçənləri gözləyən qaçılmaz aqibətdir…
Kənddən Bakıya, qışlaqdan yaylağa köçmək belə kədərli ikən yüz illərdir yaşadığın, doğulduğun, soylandığın, öldüyün torpaqdan ayrılmaq daha kədərlidir.
Əgər köç etdinsə, daimi məskən tutub mülk sahibi olana qədər köçün izləri kimliyinin iliyinə qədər təsir edəcəkdir. Hər köçdüyün məkanda özündən izləri arxada qoymalı olursan. Bir tərəfdən köç sanki insana daimi məskən tutmağa da mane olur. Digər tərəfdən bu köçün yaratdığı yadlıq anlayışının izləri sadə bir köç-yadlıq məsələsinin fövqündə idi.
Köç etmiş bir insanın sığınacağı olmadığından yeni gəldiyi cəmiyyətdə var olmaq üçün çalışmaqdan başqa əlacı olmur və o, cəmiyyətin ən çalışqanı kimi tanınır, qəbul edilir.
Nümunə olaraq 1960-cı illərdə işçi olaraq Almaniyaya köçən türklərin həyatı olduqca dramatik olmuşdur. II Dünya müharibəsinin məhcubiyyətinə baxmayaraq, almanların faşizmi sərtlik və kobudluq adı altında 1960-cı illərdən sonra daha çox Almaniyada yaşayan türklərə qarşı davam etmişdir. Bu gün Almaniyadakı türklər arasından nadirən də olsa, millət vəkili, vəkil, elm adamı, rektor kimi cəmiyyətin seçkin peşə və vəzifələrini təmsil etməsi türk mediasında geniş yer alır. Başqa bir misal: Hitlerin zülmündən Amerikayaya pənah aparmış yəhudi əsilli qadın filosof Hannah Arendt… Dövrün ən yaxşı mütəfəkkirlərindən olub. Ancaq biz onu müsahibə verərkən düşüncəli halda siqaret çəkməyi ilə xatırlayırıq. Hər nə qədər Frankfurt məktəbinin üzvü olsa da, özünü “alman malı” hesab edən Jürben Habermas isə şəhərin səs-küyündən, sürətindən uzaqlaşdığı dağ evində yaşamağa, düşünməyə və yazmağa davam edir. Çünki doğulduğu torpaqda oxumağa, düşünməyə və yazmağa fasiləsiz davam etməkdədir. Köç etməmək və məskən tutduğun məkana dair əsrlərlə hafizəyə sahib olmaq son dərəcə əhəmiyyətlidir. Azərbaycanlılar həm köç ediblər, həm də vətənlərində yad olublar. Əsrlərdir məskən tutduqları vətəndə siyasi, hüquqi baxımdan qeyri-dominant etnik qrup vəziyyətinə düşüblər. Beləliklə, kimlik xroniki bir məsələdir…
III
SSRİ-nin dağılmasına sevinmək qismət olmadan harada məskunlaşdırılması sual olaraq ortaya çıxan qaçqın-məcburi köçkün məsələsi ölkənin gündəliyində əsas məsələ olmuşdu. Sovet hərbçiləri üçün nəzərdə tutulan yataqxanalar, kurort məskənləri, bağçalar və s. qaçqın-məcburi köçkünlər üçün sığınacaq yerləri oldu. Həmin məkanlarda, bağçalarda böyüyən gənclər arasından diplomatlar, elm adamları və b. çıxdı. Uşaqlığını yaşamadan yataqxana, bağça künclərində bəzən işıq, bəzən isə şam işığı altında çalışmaqla özlərini təsdiq edib Azərbaycanda tutundular.
Evimiz alman modelində inşa edilmişdi. Uşaq ikən yatdığım otağın pəncərəsi sovet hərbçiləri üçün hazırlanmış, sonradan isə Qarabağ məcburi köçkünlərinin (əsasən, kəlbəcərlilər) məskunlaşdığı ikimərtəbəli taxta binaya baxırdı. Mənim ailəm də 1980-ci illərin sonunda Sovet Ermənistanından Gəncəyə yerləşmişdi. Bizim ailədə mütəmadi olaraq vətən həsrəti, geridə qalan əcdadların izi müzakirə mövzusu olurdu. Ümumən 1980-ci illər XIX əsrdə olduğu kimi, nizamı dağıdılmış türklərin Balkanlardan Anadoluya, Ermənistan, Gürcüstan və Cənubi Azərbaycandan isə ana vətən Azərbaycana sığınmalarına şahidlik etmişdir. Bu kimlik böhranı sadə milli kimlik məsələsinin fövqündə bir varlıq-yoxluq məsələsi idi ki, ilkin nəticəsi 2020-ci ildə öz həllini tapdı.
Əlavə olaraq otağımın pəncərəsi I Qarabağ müharibəsinin ağrı-acısını özləri ilə gətirən kəlbəcərli soydaşlarımızın məişət məsələlərinə açılırdı. Uşaqlığım həmin ailələrin şəhərə adaptasiya olunma prosesinə şahidliklə keçdi. Hətta neçə ailənin pənah gətirdikləri şəhərdə yox olub getdiklərinə şahidlik də etdim… Şübhəsiz, bu kimi məsələlər intellektual marağımın formalaşmasına da təsir etmişdir.
Otağımın pəncərəsindən məcburi köçkünlərin müşahidə etdiyim məişət məsələləri evimizin bağındakı gözəl mənzərəni belə unutdururdu. Halbuki yaz aylarında çiçəklərin, payızda isə heyva ağacının özünəməxsus qoxusu, təravəti və mənzərəsi vardı. Mən, bəlkə də, bir rəssam ola bilərdim. Lakin yaşadıqlarım məni kimliklə bağlı uzun bir düşüncə və yazı həyatına yönəltdi.
IV
Zehnimi məşğul edən məsələlərdən biri də məhz Cümhuriyyətdir. Belə ki, Azərbaycan insanının zehnində, könlündə cümhuriyyətə dair özünəməxsus bir rəğbət, sevgi və bağlılıq var. Çünki bu dövlətin qurucularının əksəri qürbətdə kimliksiz və vətənsiz vəfat ediblər. Qurucularının mükafatı da məhz köç olub. Dövrün şərtləri və imkansızlıqlardan ötrü o dövrlə bağlı əlimizdə çox az şəkil var. Onlar arasında ən təsirlisi Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə ezam olunmuş nümayəndə heyətinin şəklidir. Bəlkə də, bir çox azərbaycanlı həmin şəkli fərqli formada şərh edir. Şəkildə gözəl və səliqəli geyinmiş heyət üzvlərini görürük. Lakin bioqrafiyalar, xatirələr diqqətlə oxunduqda həyatlarının heç də şəkildəki kimi olmadığı aydın olur. Axı onlar köçkün, mühacir idilər…
Məkanla bağı qoparılan fərdlərdən qrupların sığındıqları və həmişə yad olacaqları məkanda kimliklərini daimi olaraq təkrar-təkrar müəyyən etməkləri tələb edilir.
39 yaşındayam!
Belə olan halda yazdığım mətnlərdə həyatın mənə yaşatdığı gərginliyi, aqressiyanı hiss etdirməmək üçün ikiqat çalışmalı oluram. Belə demək mümkündürsə, yazdığım mətnləri özüm senzuradan keçirirəm. Çünki kandarda qalmaq istəmədim və bunun üçün çalışdım. Bununla belə, bioqrafiyam və aldığım fəlsəfə təhsili məni hüdudda qəbul edib elə oradaca saxladı.
Dərinlikdən bəhs etmişkən alman mütəfəkkir Yohann Qotlib Fixtenin böyük alman filosofu Kantla məktublaşmasında ifadə etdiyi çarəsizliyi ağlıma gəlir…
Dünyanın tərəqqiyə doğru dəyişməsinə vəsilə olacaq fikirlərə sahib olsan da, son təhlildə mülkiyyətin, daimi yaşadığın və yaşayışını təmin edəcək davamlı gəlirin yoxdursa, kimliyin sual altındadır.
Çünki məsələ məkan inqilabıdır və fərd olaraq sən əvvəlcə fərdi məkanına (mülkə) sahib olmalısan. Azərbaycan insanının kimlik böhranı məkandan başlayır. Gülüstan, Türkmənçay, DQMV (1923) ilə doğma məkanına hakim olmaq imkanı əlindən alındı və təkrardan mütləq hakim (suveren) olmaq üçün iki əsrə yaxın gözləməli, mübarizə aparmalı oldu…
Başlanğıcda mülk məsələsindən danışaraq başladım. Mülk sahibi ola bilmək varlığın ilkin şərtlərindəndir. Yaşadığın mülkü kirayələrək də yaşaya bilərsən. Ancaq hüquq (müqavilə və s.) yaşadığın müddət ərzində sənin həmin mülkdəki toxunulmazlığını qoruyur. Halbuki mənim hüquqla qorunacaq nə bir mülküm var, nə də yaşadığım şəhərdə qeydiyyatım… Bir tərəfdən də bugünkü dünyada sərt gücün hüquqla müəyyən edilən toxunulmazlığı ortadan qaldırdığı nəzərə alındıqda kimlik böhranının qlobal xarakter aldığı məlum olur…
Bununla belə, Azərbaycan vətəndaşlığından başqa sığınacağım yoxdur və bu mənim kimliyimin ziddiyyətli tərəfidir. Gündəlik həyatda həll edə bilmədiyim kimliyi düşüncə və yazı ilə formalaşdırmağa, həll etməyə, öhdəsindən gəlməyə çalışıram.
Mənim üçün ev, vətən Azərbaycandır!



