Fidan Vahid Füyuzat 146

Daş sancısı

Növbətçi olduğum gecələr az da olsa, gözümün çimirini alıram.

Burada yuxuya getmək asan məsələ deyil, elə oyanmaq da. Ailədən, sevdiklərindən uzaqda bütün günü qaranlıq zirzəmidə təpik döymək məcburiyyətində qalmaq adamı çərlədir. Gündüzlər canı çıxana qədər döydüyün, olmazın işgəncələr verdiyin insanlarla axşamlar yan-yana otaqlarda yuxuya getməlisən… İnilti səsləri altında yatmağa öyrəncəliydim. Bu dəfə isə bacarmırdım.

Bəzən insan necə olduğunu yalnız “xoşbəxt” və “bədbəxt” sözləri ifadə edə bilmir. Başqa nələrsə də gərəkli olur. Bunu bilirəm. Çünki bu axşam mən nə xoşbəxt, nə də bədbəxtəm, sadəcə bezmişəm. Burnumu qan qoxusu tutub. Hayana dönsəm, hər şeyi sökülmüş, dağılmış, didilmiş görürəm. İllərimi udan bu məhbəsdə, yerin altında tıncıxıram. Qəhər yavaş-yavaş yuxuya qalib gəlir, məni əzir. Yerin dibinə girmiş adamları narahat edən məsələlər qəribə olur. Gecənin bir aləmində, zarıltı sədaları fonunda, bu qaranlıq zirzəmidə özümlə məhbuslar arasındakı fərqi sorğu-sual edirəm: biz azad, onlar isə günahkar məhkumlardır. Biz hürr iradəmizlə, onlar isə bizim əmrimizlə hərəkət edirlər. Onların əllərində, ayaqlarında paslı qandallar var. Bizim isə əllərimiz açıqdır. Amma indi istəsəm də, otağımdan çıxıb ürəyimdən keçəni edə bilmərəm… 21 nömrəli məhkumun qışqırığının bütün zindanı başına götürdüyü bu gecədə gedib kamerasına baş çəkə, halını soruşa bilərəm. Bilirəm ki, indi onun buna çox ehtiyacı var. Amma… bacarmıram. Mənim əl-ayağımı kim bağlamışdı?..

Davamı…