Fidan Vahid Müsahibə Xəbərlər

“İnsanı bütöv yazmaq lazımdır” – Mətanət Vahidlə ədəbi söhbət

– Dünya ədəbiyyatına istiqamət verən yanaşmaları ilə seçilən ədəbiyyatçı Rolan Bartın söz sənəti ilə bağlı fikirləri bir çox cəhətdən yeni axtarışlara rəvac verir: “Ədəbiyyat cavab çıxılsın sual deməkdir”. Gəlin elə bu sual hüdudlarında söhbətə başlayaq. Mətanət Vahid üçün ədəbiyyat nə deməkdir?

– Ədəbiyyat gerçəkliyi izah etmək yox, onunla dialoqa girmək, alternativ reallıq yaratmaq cəhdidir. Hər mətn gizli və ya açıq suallardan doğulur. Ədəbiyyat reallığın görünməyən üzünü göstərən güzgüdür; amma hazır cavab deyil. Burada mütləq həqiqət yoxdur, yalnız bədii gerçəklik var. Hazır cavablar verən, oxucunun düşüncəsini qəlibləşdirən mətn ciddi mətn ola bilməz. Ədəbiyyat oxucu düşüncəsinin üfüqlərini genişləndirir, sonsuz suallara və beləcə, sonsuz mətnə qapı açır.

Ədəbiyyatın missiyası oxucunu kon­kret bir hədəfə, bir ünvana çatdırmaq deyil; yönlən­dirməkdir, getməyi, irəliləməyi bacarmağa sövq etməkdir. Baxın hər mətn özündən öncəki suallara da cavabdır, sonrakı cavablar üçün də yaranan sualdır. Bir mətni neçə dəfə oxusan, fərqli təəssüratlar ala bilərsən. Ümumiyyətlə, sənət insana özünü tanımaq, tapmaq imkanı yaradır və beləcə, bildiyin, sənə məlum olan özünü itirmək təhlükəsi ilə üz-üzə qalırsan. Bu mənada, sənət müəllifin də, oxucunun da iç savaşına çevrilir. O dəryadan girdiyin kimi çıxa bilməzsən. Sənət əgər cavab versəydi, qalıcı ola bilməzdi. Yeni mənaları yalnız yeni suallar doğura bilər. Sizin sitat gətirdiyiniz Rolan Barta görə, ədəbiyyat yeni mənalar yaradandır. Odur ki ümumiləşdirsək, ədəbiyyat bitməyən sualdır, cavabın yoxluğundan doğan bir axtarış halıdır, prosesdir.

– Keçən əsrin sonlarından etibarən formalaşan Reseptiv cərəyanı nümayəndələri arasında yayğınlaşan bir fikrə görə, əslində, heç bir əsərdə məna mətndə hazır şəkildə olmur, bu məna əsərin mütaliəsi zamanı oxucular tərəfindən yaradılır. Deməli, əsərin taleyində yazıçı ilə yanaşı, oxucu amili də çox mühüm rol oynayır. Bu yerdə Əbu Təmmamla bağlı əhvalat yada düşür. Malik Mahmudov “Piyada Təbrizdən Şama qədər” araşdırmasında yazır ki, Əbu Təmmamın yüksək bədii üslubda yazılmış şeirlərinin mənasını başa düşməyən müasirləri bir gün ona belə bir sual verirlər: “Siz nə üçün başadüşülən dildə şeir demirsiniz?”  Şair bu sualdan heyrətlənərək onlara sualla cavab verir: “Bəs siz nə üçün deyiləni başa düşmürsünüz?..”  Umberto Ekonun təbirilə desək, “nümunəvi yazıçı” qədər “nümunəvi oxucu”nun da olması gərəklidir. Bu anlayışdan yola çıxsaq, “nümunəvi” oxucuya necə tərif verə bilərik? Oxucu əsərlərin oxusuna necə hazırlaşmalıdır?

– Məncə, “nümunəvi” oxucu müəllif sözünün arxasındakı “niyyəti” görə, duya biləndir. Mətnin içində gizlənmiş mənalar oxucunun təfəkkür və təxəyyülündə emal olunur. Yəni mütaliə hazır informasiyanı qəbul etmək deyil, öz alqısı vasitəsilə yaratmaq aktıdır. Qeyd etdiyiniz kimi, reseptiv estetikaya görə, ədəbiyyatın məsuliyyəti müəllif qədər, həm də oxucu üzərinə düşür.

Cəlaləddin Rumiyə aid edilən məşhur bir ifadədə deyildiyi kimi, sən nə deyirsən de, bilgin qarşındakının anladığı qədərdir. Bu anlamanı da, təbii ki, qarşı tərəfin zehni, emosional və mədəni düşüncəsinin çərçivəsi müəyyənləşdirir. Mənim bazamda olmayan bir nəsnəni necə qəbullana, dərk edə bilərəm?! Yaxud sual vermək, araşdırmaq qabiliyyətim yoxdursa, müəllif diktəsini olduğu kimi qəbul edəcəyəm. Belə diktə edən və oxucusunun öz yazdığından bir söz mə­sa­fəsi qədər belə yayınmasına imkan yaratmayan müəlliflər də var, təbii ki. Amma belə müəllif nə dərəcədə oxucu yetişdirəndir?! Nəyə görə qeyri-ciddi ədəbiyyat yalnız qəlib fikirlər təqdim edir? Çünki müəllif qorxur ki, oxucusu düşünmək qabiliyyətini işə salar, təfəkkürü itilənər, daha ona ehtiyacı olmaz. Öyrətməkdən, istiqamət verməkdən çəkinən, susmağı seçən müəlliflər qorxaqdırlar, oxucunun “böyüyüb” onu keçəcəyindən, ona daha ehtiyac qalmayacağından qorxurlar. Kütləvi ədəbiyyat izahlar və cavablar üzərində qurulduğundan heç nə öyrətmir, öyrətməyin görüntüsünü yaradır.

Auditoriya qarşısında fasiləsiz danışan müəllimdən daha çox öyrənmək olar, yoxsa tələbələrə müraciət edən, mübahisəli fikirlər səsləndirib suallara rəvac verən, cavabı qarşı tərəfdən almağa çalışandan?! Bu da yazmaqla eyni şeydir. Rolan Bart necə deyir: “…Oxucu yaranması üçün müəllif ölməlidir”. Mətn oxu prosesində hər dəfə yenidən yaranır, oxucu interpretasiyası mətnin ömrünü uzadır, əbədiləşdirir. Yüz oxucu bir mətn haqqında yüz cür bir-birindən fərqli fikir səsləndirə bilər. Bir də var ki, bir əsəri üç il öncə bir cür qavramışdın, bu gün oxuyub tamamən ayrı cür qəbul edirsən, bir beş il sonra oxusan, yenə fərqli şərh edəcəksən… Burada müəllif ustalığı, əlbəttə, yönəldicidir. Amma o, oxucunun fikrini, alqısını yönəltmir, prosesi yönəltməklə oxucusunu yetişdirir.

“Məni anlamırlar”, – deyə şikayətlənib öz mətnini şərh edən, izahları ilə oxucunu yönləndirən yazarın “müəllifliyindən” əlimi üzü­rəm. Usta yazar mətnin bütün mümkün oxu variantlarını təqdim edir və onun əsərini oxucusu “yazır”. Bu mənada “nümunəvi oxucu” anlayışı mətni şərh edən yox, onun mənasını müəlliflə birgə quran subyektdir. Başqa sözlə, bədii mətn yazıçı ilə oxucu arasındakı “əməkdaşlıq”dan yaranır: biri sözün imkanlarını təqdim edir, o biri də həmin imkanlardan yararlanıb mətnin içində gizlədilmiş mənaları kəşf edir.

– Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” əsərini oxuyarkən çox təəccüblənmişdim. Çünki bu tədqiqatda fərddən topluma baxış yolu ilə çatışmazlıqlarımız bütün çılpaqlığı ilə ortaya qoyulur. Yazarın timsalında oxucu “biz kimik?” sualına cavab axtarır. Örnək olaraq Azərbaycan ədəbiyyatında, yazıçıların üslubunda, hətta insanların həyat tərzində zaman-zaman müşahidə olunan məddahlığa meyil göstərilir. Orta əsrlərdə mədhiyyələrin həddindən artıq geniş vüsət almasının zərərləri bu günə qədər uzanır. Maraqlıdır ki, Əhməd bəy kütlənin psixologiyasını tarixi olaylarla bağlayır. Fərqli dönəmlərdə əsarətə məruz qalmanın, zülm, istibdad və işgəncələrlə sınanmanın xalqın yaddaşında doğurduğu fəsadların izləri kimi dəyərləndirir. Müstəmləkə xalqları ağrı-acılardan, işgəncələrdən qorunmaq üçün mədhiyyələrdən, yağlı sözlərdən, yaltaqlıq qoxulu təşbehlərdən istifadə etmək məcburiyyətində qalmışlar. Maraqlıdır, ölkəmizdə hazırda istiqlaldan doğan bir əmniyyət, çiçəklənmə mərhələsi yaşanır, amma hələ də tənqidi fikir, söz sənəti yaltaqlıq illətindən arına bilməyib. Başda elə öz şəxsimdə deyirəm bunu. Kimisə tərifləmək tənqid etməkdən daha rahatdır. Siz bunun səbəbini nədə görürsünüz və çıxış yolu nədir?

– Baxır kimə görə rahatdır. Şəxsən mənimçün belə deyil axı! Mənə görə, hər ikisi eyni dərəcədə çətin və gərəksizdir. Ədəbiyyatda tərifə yol vermək, ən azı, etik deyil. Bir məqamı da yeri gəlmişkən, deyim: əsərdən bəhs edəndə müəllifinin “yaxşı oğlan”, “zəhmətkeş ana”, “qayğıkeş ailə başçısı”, “çörəkverən kişi”, “fədakar qadın” və s. kimi bayağı epitetlərlə təqdimatı sovet təfəkkürünün tör-töküntüsüdür və ömrünün çox qalmadığına ümid edirəm. Bir çox müəlliflər mətnindən bəhs edilib özünə difiramb oxunmadığını görəndə nəinki təəccüblənir, hətta qəzəblənirlər, tələb edirlər, deyirlər ki, mənim nailiyyətlərim görməzdən gəlinir. Çarələri olsa, hansısa tədbirdə aldıqları sertifikatları da təqdim edərlər ki, haqqında bəhs edilsin. Həqiqətən, yaradıcılığı olan müəllif bunca təmənnalı, umacaqlı olmur.

“Tənqidi fikir” deyirsiniz, qoy bunu da deyim: ədəbi tənqidi məhz pisləmək mənasında qavrayıb bu sahədən “qələmi itiləməy”i tələb edənlər çoxluq təşkil edir. Ədəbi tənqid sovet dövründə ideoloji silah idi, ona görə də aparıcı mövqedə idi. İndi bu sahənin belə bir ideoloji missiyası yoxdur. Artıq vaxtı keçmiş düşüncələrdən əl çəkib qəbul etmək lazımdır ki, hazırda ədəbi tənqid mətnin şərhinə, təhlilinə əsaslanmalıdır. O da ki “müəllif burada belə demək istəmişdir” və ya “dili axıcıdır, birnəfəsə oxunur” kimi basmaqəlib yanaşmalardan arınmalıdır. Konkret sizin sualınıza gəlincə, mətndən bəhs edərkən məhz mətni şərh edir, yazanın yaradıcı üslubunu təqdir edirsən, yoxsa müəllifin şəxsi keyfiyyətlərini tərifləyirsən, bu, tamamilə tərbiyə və vicdan məsələsidir. Kim özünə nəyi yaraşdırırsa, deməli, ona yaraşan da elə odur. Heç kimi gözümüzdə böyüdüb ondan ideal davranış gözləməməliyik. 

– Ədəbiyyatda qadın imzalardan danışaq. “Çağdaş nəsrdə qadın imzası” essenizdə yazırsınız: “Qadın nəsri üçün qlobal kataklizmləri, bəşəri problemləri əks etdirən sosial motiv aparıcı deyil, onların cəmiyyətə, mühitə, zamana… münasibəti daha çox özünün fonunda meydana çıxır”. Elə Azərbaycan ədəbiyyatı kontekstində təhlil edək. Vaxtilə tarixin gedişatına təsir edən, həlledici məsələlərdə öncüllük edərək yön göstərən türk qadınının bəşəri mövzulardan kənarda qalmasına və ya saxlanmasına səbəb nədir?

– Sitat gətirdiyiniz o yazının üstündən 10-11 il keçsə də, fikrim, demək olar, dəyişməyib. Çünki qadın yaradıcılığında nəzərəçarpan bir dəyişiklik müşahidə olunmur. Qadının yazmaq, yaratmaq, mövzu seçmək azadlığını “maneələr” kontekstində izah etməyi bu gün üçün artıq klişeləşmiş və populist  yanaşma hesab edirəm. Məsələ, sadəcə, niyyət və baxış bucağında, mövzuya yanaşma fərqində, yaradıcılıq prioritetindədir.

Qadın yazarlar tarixi və cəmiyyətin gedişatını yönləndirən mövzulara biganə deyillər; sadəcə, bu mövzulara fərdi təcrübə və duyğu prizmalarından yanaşmağa üstünlük verirlər. Söhbət, əlbəttə, əksəriyyətdən gedir. Yəni qadın yazıçı “böyük ideya”dan daha çox, insanın öz daxilində yaşadığı böyük təlatümü yazmağa ehtiyac duyur. Bunu zəiflik kimi yox, təfəkkürün fərqli istiqaməti kimi dəyərləndirmək olar. Bu, qadın yaradıcılığında müharibə, mühacirət, sosial ədalətsizlik və s. kimi mövzuların olmadığı demək deyil. Qadın mətni çox vaxt hadisənin “emosional anatomiyası”nı göstərməklə fərqlənir. Əlbəttə, bu da müəllifin bədii mövqeyidir, yoxsa ki yeganə doğru yol deyil. Bədii mətn yalnız duyğusal səviyyədə qalarsa, bu, oxucuya empati hissi aşılasa da, hadisənin miqyasını, sosial-tarixi qatlarını dərk etməyə istiqamət verməz. Ümumiyyətlə, qadın-kişi fərqi qoymadan deyim ki, bizdə, əksərən, mətn ictimai mövzulara köklənəndə ədəbiyyatdan o qədər uzaqlaşır ki, bədii mətn köşə yazısına çevrilir. Usta müəllif özü də bunun fərqinə vara bilir, buna görə çox vaxt “zamanın fövqündə” mətnlərə müraciət edir. Naşı isə yaradıcı gücünü elə problemlərdən yazmaqda görür deyə yazır, amma yazdığının ədəbiyyat olmadığının da fərqində olmur.

Çağdaş ədəbiyyatımızda oxuyub sevdiyim qadın imzalar var: Nərmin Kamal, Cavidan, Hədiyyə Şəfaqət, Rəbiqə, Günel Şamilqızı, Könül Həsənqulu, Sevinc Çılğın, Jalə İsmayıl, Fəridə, Seyid Aynur, Sevinc Elsevər, Samirə Əşrəf, Gülay Tahirli – ilk ağlıma gələn imzaları qeyd etdim. Fikirləşsəm, yadıma düşəcək müəlliflər də olar, təbii ki. Sizin bir neçə hekayənizi oxumuşam, oradan nəsr potensialınız görünür, amma hələ yolunuz irəlidədir. Könül Həsənqulunun “Hasarlar” adlı şeiri var, ictimai motivdə yazılmış ən gözəl şeirlərdəndir. İllərdir iki misrasını ara-sıra müxtəlif kontekstlərdə təkrarlayıram: “Çək çarmıxa, bir bax mənə, gör necə Həzrət İsa kimiyəm…” Gözəldir!.. Bədii ədəbiyyatda qadın emosionallığı artıq böyük mənzərəni görə bilən təfəkkürlə birləşib ideya-fəlsəfi genişliyə çıxmalıdır. İnsanı bütöv yazmaq lazımdır: hissi ilə, düşüncəsi ilə yanaşı, zaman və cəmiyyət içindəki mövqeyi ilə.

– Mətanət xanım, sonda bütün gənc qələm sahibləri adından sizə təşəkkür edirəm. Ədəbi mühitimizdə hiss olunan durğunluq, hətta ölgünlük qələm sahiblərini zaman-zaman ruhdan salır. Çünki yazılan əsərlər nəinki geniş oxucu auditoriyasında oxunmur, heç peşəkarlar tərəfindən də dəyərləndirilmir. Söz sənətinin belə bir çətin dövründə əksər hallarda gənclərə dəstək olmanız, yeni əsərlərini oxuyub operativ fikir bildirməniz onlara stimul olur. Alman şairi Rilke məktublarında yazır ki, incəsənətə, ədəbiyyata gerçək dəyəri ancaq Sevgi verə bilər. Bu fikirlərin axarında müsahibəmizin yekun sözünü siz deyin…

– Ədəbi prosesdə durğunluğun olmasının əsas səbəbi nə oxucudur, nə də ədəbi tənqid. Bu, bir az da dövrümüzün gətirdiyi vəziyyətdir. Ölkəmiqyaslı bircə dənə də sanballı, davamlı ədəbiyyat müsabiqəsi yoxdur. Halbuki yaxşı müsabiqə yaxşı stimul deməkdir. “Qızıl kəlmə” kimi demirəm. “Teass-Press” üçüncü ildir, “Gənclərin roman müsabiqəsi” ilə bu boşluğu doldurmağa çalışır. Amma onun da, görünür ki, miqyaslı müsabiqə olmağa iddiası yoxdur, çünki heç ölkə daxilində belə, kifayət qədər səs salmasına çalışmırlar. Yaxud hər il keçirilən kitab sərgilərinin ətrafında boş hay-küy yaradılır, praktik nəticələri isə gedişata təsir edəcək gücdə olmur. Çox vaxt bugünkü ədəbiyyatın 10-15 il, bəzən lap 25-30 il əvvəlin prosesi ilə müqayisə edilməsinə vərdiş etmişik. Amma ictimai-siyasi proseslərin təsirini də gözardı etməməliyik. Bütün nüansları nəzərə alaraq qiymətləndirdiyim üçün ədəbi prosesdəki səssizliyi içində yeni bir başlanğıc enerjisinin toplanması kimi, bir növ, uzunsürən tənəffüs kimi görürəm.

Gənclərin yaradıcılığına hər cür dəstək ədəbiyyatımızın, mədəniyyətimizin gələcəyinə yatırım deməkdir. Hər dəfə gənc bir müəllifin mətnində gördüyüm işıq, bir bilsəniz, məni necə xoşbəxt edir! Yaş otuz beş oldu, müəllif daha gənc deyil, təcrübəli müəllif sayılmalıdır. Bizdə isə gəncliyi yaşca daha böyük olan biri öz yaşına nəzərən görür; baxırsan ki, yaşlı bir ədəbiyyatşünas məni “gənc tənqidçi” adlandırır, gülümsəyirəm. Halbuki mən ədəbi mühitə gec qatıldığım üçün bir müddət sonra artıq gənclik yaşım keçib. Yəni bu yaş məsələsinə görə deyirəm ki, bizdə Gülay Tahirlidən başqa gənc qadın yazarlar indi ağlıma gəlmir, kimsə qalmayıb yadımda. Onunla yanaşı, yaradıcı potensialına inandığım digər gənc müəlliflər var: Orxan Həsəni, Əli Zərbəli, Ramil Əhməd, Həmid Piriyev, Əli Çağla, Vüqar Van, Nadir Yalçın, Orxan Cuvarlı, Rəvan Cavid, Nihat Pir, Ulucay Akif, Orxan Saffari, Naiq Zeynalov… kimsə bir-iki mətnlə parlayıb-susubsa, onların da fərqindəyəm… Bunlar nəsri, poeziyası, esseistikası ilə ədəbiyyatımızın gələcəyini yaratdıqlarına inandığım gənclərdir. 

Sevgi məsələsində isə tamamilə haqlısınız. Ədəbiyyat peşəm olmaqdan xeyli illər öncədən sevgi obyektim olub. Bu “sevgiliyə qovuşma” prosesim çox keşməkeşli başa gəlib. Pafoslu görünə bilər, amma həqiqətən, ədəbiyyat bir eşq olub, mən isə uzun illər ona qovuşmaq üçün maneələri aşan aşiq. Dəfələrlə qarşılaşdığım haqsızlıqlara görə yazıdan küsüb özümə çəkildiyim, uzun müddət susduğum olub, yalnız mütaliə etmişəm. Amma yazmamağın əzabı bir müddət sonra partlayışa dönüb içimdə, ardıcıl neçə yazı ilə ifadə olunub. Bir gün, nəhayət, anladım ki, ədəbiyyat məni tərk etmədikcə mən onu tərk edə bilmərəm; o mənim həyatımın ən böyük Sevgisidir.

Bu gün ədəbi prosesə damlada dərya olacaq qədər bir qatqım varsa, bu, ilk növbədə, mənim özümü xoşbəxt edir. Buna görə yalnız öz zəhmətimə və əzmimə deyil, həm də qarşıma çıxan vicdanlı həmkarlarıma minnətdaram. Sonradan dostlaşdığım bəzi həmkarlarım məndə gördükləri ədəbiyyat işığının böyüməsinə rəvac verməklə məni yaxşılığın, sənətin qələbəsinə inandırdılar – mən o qalibiyyət ehtimalını sevdim. Bu gün nisbətən daha təcrübəli biri kimi, ilk addımlarını atan bir gəncə bir esse qədər dəstək ola bilirəmsə, nə xoş mənim halıma. Çünki əslində, bunu gəncin özündən çox ədəbiyyatımız üçün edirəm. “Kaş ki daha çoxunu bacaram” arzusu ilə çıxdığım işıqlı yollar var; qismət olsun, gənclərə, onların yaradıcılığına ciddi bir təkan olacaq qədər faydam toxunsun. Ədəbiyyat, ilk növbədə, sevgi işi deyilsə, bəlkə də, onu yalnız peşəkarlıq gücünə irəli aparmaq mümkün olmaz. Çünki ən çətin yollar ayağımızın gücünə deyil, sevgi və iradəni birləşdirən ruhumuzun gücünə keçilir.

Müsahibəni hazırladı: Fidan Vahid

Mənbə: “İşıq” jurnalı, №1 (125), 2026