Xəbərlər

“Əş-Şarq əl-Avsət” qəzetində Azərbaycan mətbəxi haqqında geniş məqalə dərc edilib

Səudiyyə Ərəbistanının Londonda nəşr olunan nüfuzlu “Əş-Şarq əl-Avsət” qəzetində Azərbaycan mətbəxi haqqında geniş məqalə dərc edilib.

“Füyuzat” xəbər verir ki, yazıda milli mətbəximizin müxtəlif təamları haqqında məlumat verilir.

Qeyd olunur ki, Azərbaycan mətbəxi hələ də qədim adətlərə və yerli məhsullara söykənir: şişdə bişirilən ətlər, ədviyyatlı düyü yeməkləri, göyərtili yastı çörəklər, əncir və nardan hazırlanan məhsullar və s. Dünya miqyasında tanınan Azərbaycan zəfəranı və İpək Yolu üzərindən keçən ticarət marşrutlarının təsiri ilə formalaşmış dadlar bu mətbəxi daha da zənginləşdirir.

Məqalədə vurğulanır ki, bu zənginlik son illər beynəlxalq kulinariya mütəxəssislərinin də diqqətini çəkib. Məşhur aşpaz Uilyam Hill ölkəni gəzərək Azərbaycan mətbəxi haqqında sənədli film çəkib. Hill Azərbaycanın fermerləri və yerli aşpazları ilə tanışlığını unikal kulinariya səyahəti kimi qiymətləndirib.

“Azərbaycan saf qonaqpərvərliyin təcəssüm olunduğu məkandır. İnsanların ruhu güclüdür, ünsiyyətləri isə son dərəcə səmimidir. Burada dünyaya tanıdılmalı olan ənənələr və sənətkarlıq var”, – deyə Hill bildirib.

Məqalədə ölkəmizin bölgələrinin mətbəx zənginliyi maraqlı şəkildə oxucuya çatdırılır. “İçərişəhər küçələrində qutab bişirən satıcıları görmək olar. Cəmi bir dəqiqəyə hazırlanan bu yastı çörək göyərti, balqabaq, pendir və ya ətlə doldurularaq sac üzərində bişirilir. İsti-isti qatıq və ya sumaqla yeyilən qutab yerli mətbəxin ən sadə, amma sevilən nümunələrindəndir,” – deyə yazıda qeyd olunur.

Azərbaycan süfrəsinin ayrılmaz hissəsi olan düşbərə haqqında məlumatda isə onun iştaha açan yemək kimi tanındığı diqqətə çatdırılır.

UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınan dolma da milli mətbəxin simvoludur. Üzüm yarpağı, kələm və ya digər bitki yarpaqlarına doldurulan ət, düyü və göyərti qarışığı hər bölgədə fərqli dad çalarları ilə hazırlanır.

Yazıda, həmçinin kabab barədə yazılır. Qeyd olunur ki, ət əsasən yalnız duz və istiotla marinad edilir. Xüsusilə Qarabağ bölgəsinə məxsus quyruqlu quzu ətinin dadından doymaq olmur. Kababın lavaşa bükülərək təqdim edilməsi isə bu yeməyi tamamlayır.

Məqalədə, həmçinin, Azərbaycan mətbəxinin zirvəsi sayılan plov haqqında danışılır. Qeyd olunur ki, zəfəranlı basmati düyüsü, quru meyvələr, şabalıd və ətlə hazırlanan “Şah plov” isə xüsusi təqdimatı ilə seçilir. “Bu yemək ruhu qidalandırır”, – deyə Uilyam Hill qeyd edir.

Eyni zamanda, məqalənin oxucuları Şəki bölgəsinə məxsus piti və cənub bölgəsinin məşhur ləvəngi yeməkləri, eləcə də təndirdə hazırlanan təamlar haqqında məlumat alırlar.