Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Beynəlxalq Media Koordinatorluğu 6 fevral 2023-cü il zəlzələlərinin üçüncü ildönümü ilə əlaqədar olaraq beynəlxalq media nümayəndələri üçün media proqramı təşkil edir.
“Füyuzat”ın məlumatına görə, proqramda ABŞ, Almaniya, Çin, Cənubi Koreya, İtaliya, Macarıstan, Yunanıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Misir və Azərbaycandan olmaqla 11 ölkəni təmsil edən 32 beynəlxalq media nümayəndəsi iştirak edəcək. Proqrama dəvət olunan jurnalistlər 6 fevral 2023-cü il zəlzələlərindən sonra bölgəyə gələrək baş verən fəlakətin canlı şahidi olmuş media təmsilçiləri arasından seçilib. Bununla da iştirakçılar üç il əvvəl böyük dağıntıların yaşandığı şəhərlərdə bu gün formalaşan mənzərəni yerində müşahidə etməklə, üçillik yenidənqurma və bərpa prosesinin nəticələrini müqayisəli şəkildə dəyərləndirmək imkanı əldə edəcəklər.
Bu çərçivədə, 4–6 fevral 2026-cı il tarixlərində Hatay, Kahramanmaraş və Osmaniyeni əhatə edən beynəlxalq media proqramı çərçivəsində zəlzələdən zərər çəkmiş şəhərlərdə tamamlanan və həyata keçirilən yenidənqurma işləri beynəlxalq media nümayəndələrinə yerində təqdim olunacaq. Proqram müddətində fəlakətdən sonra inşa edilən daimi yaşayış layihələri, yaradılan rezerv tikinti zonaları və şəhər mərkəzlərində yekunlaşdırılan abadlıq-quruculuq işləri ilə yanaşı, zəlzələdən sonra bərpası tamamlanan mədəni və tarixi abidələr də sahədə ziyarət ediləcək.
Həmçinin Hatayda Müqəddəs Pyotr Kilsəsi Anıt Muzeyi, Həbib-i Nəccar məscidi, Hatay Tarixi Məclis Binası və Qurtuluş prospekti; Kahramanmaraşda isə Arxeologiya Muzeyi, Qapalı Çarşı və Ulu məscid kimi 6 fevral zəlzələlərində zərər görmüş və bərpa-yenidənqurma işləri çərçivəsində yenidən dirçəldilən, şəhərlərin tarixi, mədəni və sosial yaddaşında mühüm yer tutan məkanlar beynəlxalq media nümayəndələrinə yerində göstəriləcək. Bu ziyarətlər vasitəsilə zəlzələdən sonra yenidən bərpa edilən mədəni irs obyektlərinin şəhərlərin gündəlik həyatına və sosial həyatına necə yenidən qazandırıldığı diqqətə çatdırılacaq. Eyni zamanda, zəlzələnin üçüncü ildönümü ilə bağlı yenidənqurma prosesində əldə edilən konkret nəticələr səlahiyyətli şəxslərin verdiyi məlumatlar əsasında paylaşılacaq.
Proqram çərçivəsində Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri naziri cənab Murat Kurum media nümayəndələri ilə görüşəcək. Media proqramının Osmaniyə mərhələsində isə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın zəlzələnin ildönümü münasibətilə keçirəcəyi tədbirlər və çıxışlar beynəlxalq media nümayəndələri tərəfindən izləniləcək.
Qeyd edək ki, zəlzələdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən media nümayəndələri üçün təşkil olunan proqramlar çərçivəsində 2024-cü ildən bu günədək ümumilikdə 26 ölkədən 334 jurnalistin görülən işləri yerində müşahidə etməsi təmin edilib



