Köşə Yazıları Tural İsmayılov Xəbərlər

Həyatı şeir kimi yaşamaq…

Yaşadığımız dünyanı təkcə məntiqin gücü ilə dərk etmək mümkünsüzdür. Çünki bizi əhatə edən hüdudsuz məkan sadəcə quru rəqəmlərdən, mexaniki hərəkətlərdən ibarət deyil. Əgər belə olsaydı, ruhun bu qədər darıxmasına və sonsuzluğa can atmasına ehtiyacı qalmazdı. Bu baxımdan, insanlığın ən böyük ehtiyacı hər şeyi rasionallığın tərəzisində çəkməkdən qurtulub kainatı bir şeir kimi oxumaq, hadisələri şeir kimi düşünməkdir. Bu, varlığın görünən qabığından arınıb batini dünyasına nüfuz etmə sənətidir.

​ Şeir kimi düşünmək qurumuş budaqda baharın ecazkar səsini eşitməyə, buz dağının üzdə görünən hissəsinə baxıb onun dərinliyini görməyə, bir insanın sükutunda sözünü anlamağa bənzəyər… Bu heç də şeirin texnikası ilə məşğul olmaq deyil. Qafiyəni, vəzni axtarmaq deyil, bu, vicdanı həyatın mərkəzinə qoymaqdır.

Məntiq insanı bir yerdən başqa yerə apara bilər, lakin poetik təxəyyül bizi kainatın ruhu ilə birləşdirər. Azərbaycanın ən köklü dərgilərindən olan “Füyuzat” səhifələrində Əli bəy Hüseynzadənin arzuladığı o böyük mənəviyyat inqilabı da məhz buradan başlayırdı: insanın öz mahiyyətini bir sənət əsəri kimi dərk etməsindən. Ruhun saflığı və fikir dərinliyi birləşəndə insan əşyanın əsirliyindən xilas olub öz mənəvi feyzinə qovuşur.

​ Təəssüf ki, bu gün müasir dövrün tələbi ilə yaranan sürətli və rəqəmsal dünyada bizə hər addımda “nəsr” kimi yaşamağı təlqin edirlər. Bizdən qısa, konkret, duyğusuz və mənfəətçi olmaq tələb olunur. Lakin bu mexaniki axın içində insan ruhu qidalana bilmir. Ən çox bu günün insanına lazımdır ki, zamanın amansız axarına bir az poetik sükunətlə, bir az sufi təmkinlə baxa bilsin. Şeir kimi düşünən insan bilir ki, ədalət kainatdakı ən gözəl ahəng, mərhəmət isə insanlıq dastanının ən uca qafiyəsidir. Belə bir düşüncə tərzi insanı təbiətə, ətrafındakılara və ən əsası özünə qarşı daha həssas edir.

​Həyatın hər anı, əslində, yazılmamış bir misradır. Bir uşağın gülüşündə, bir ahılın baxışındakı kədərdə, payız yarpağının yerə düşməsində gizli bir poeziya var. Onu görmək üçün isə gözlərdən daha çox qəlb evinin pəncərəsini açmaq lazımdır.

Gəlin həyatın bu səs-küyü və maddiyyat savaşı içində öz daxili misralarımızı, əzəli ahəngimizi itirməyək. Çünki dünya yalnız şeir kimi duyulduqda, sevgi ilə yoğrulduqda və bir sənət fəlsəfəsi kimi yaşandıqda həqiqətən yaşamağa dəyər bir məkana çevrilir. “Füyuzat”ın nuru da məhz bu idrakın işığında gizlənmişdir.