Kültür-sənət Orxan Vəliyev Xəbərlər

Amerika Səyahəti – 4

Denver: Vəhşi Qərbdə bağlanış

İki mart günü Luisvildəki proqramı tamamladıqdan sonra üç mart səhəri Luisvil Beynəlxalq Məhəmməd Əli havalimanında uçuşumuzu gözləyirik. Beləliklə, proqramın sonuncu ştatı olan Koloradonun paytaxtı Denverə yollandıq.

Ümumiyyətlə, Amerikada daxili uçuşdan istifadə etmək amerikan kültürünü tanımaq baxımından son dərəcə faydalı oldu. Bu uçuşlarda ölkənin müxtəlif bölgələrindən və fərqli sosial sinfi təmsil edən insanları müşahidə etmək mümkün olur. Bir də ABŞ hava limanlarında, misal üçün, ordu mənsubu olub aktiv vəzifədə olanlara və qazilərə növbədə pozitiv diskriminasiya olduğunu da müşahidə edirsən…

Belə ki, Denverə uçmaq üçün Tennessi ştatının tranzit olaraq istifadə etdiyimiz Neşvill hava limanına gəldikdə iki yerdə fəaliyyət göstərən barda “əyalət” (country) musiqisi olaraq bilinən musiqi nömrələrinin icra olunduğunu gördük. Avropada hava limanlarının iş saatı prinsipi ilə çalışdığını nəzərə aldıqda bu fərqli bir hadisədir. Digər tərəfdən Amerikanın daxilində bir yerdə olan və hər hansı strateji əhəmiyyəti olmayan bir şəhərin hava limanındakı həcm böyüklüyü, yüksək və punktual keyfiyyət Amerikanın fərqliliyini ortaya qoyur. Misal üçün, Avropada əsas hava limanları olaraq Frankfurt və İstanbul göstərilir. Ancaq ABŞ-də onlardan bir xeylisi mövcuddur. Qısası, yenə uzun bir uçuşdan sonra proqramın son ünvanı Denverə çatdıq. Ölkənin qərbinə “vəhşi qərbə” doğru getdiyimiz son şəhərdə daha yüksək inkişaf və fərqli bir mühit müşahidə etmək imkanı ilk andan etibarən hiss olunmağa başladı. Ümumiyyətlə, digər şəhərlərdə olduğu kimi Kolorado ştatının paytaxtı və ən böyük şəhəri olan Denverdə amerikan ənənəsinə uyğun olaraq kommersiya anlayışı (kapitalizm, proqmatizm) çərçivəsində formalaşıb. Məlumdur ki, Luisvill şəhərini də Uelsdən gələn ilk sakinlər içki fabriki təsis edərək qurmuşdular. Denver şəhəri 1858ci ildə Pikes Pik Qızıl axtarışı (the Pikes Peak Gold Rush) dövründə yaradılıb. Tədricən böyük bir ticarət mərkəzinə çevrilib. Ancaq səyahət yazılarımı ənənəyə sadiq qalaraq bir tarix yazısına çevirmək istəmirəm.

Amerika səfərinin sonuncu yazısında ümumi dəyərləndirmə də etmək istəyirəm. Belə ki, Amerikada ənənəvi ailə institutu Avropa ilə müqayisədə qorunmuşdur ki, ailə kilsə ilə bərabər amerikan kimliyinin əsasını təşkil edir. Burada dinin ciddi rolu var. Beləliklə, amerikan millətinin ailə-kilsə birliyinə söykəndiyini və bu ənənənin mühafizə edildiyini demək olar. Buradan belə bir ümumiləşdirmə etmək olar ki, din-ailə institutlarını mühafizə etməyə müvəffəq olmayan cəmiyyətlərin, millətlərin dünya siyasətinin gedişatını dəyişdirəcək potensialları da sarsılmış olur. Əlbəttə, bu teopolitik bir məsələdir və arxasında ciddi bir dövlət quruluşu tələb edir.

Digər tərəfdən Amerikada quruluşundan etibarən din və fərd arasındakı münasibət Avropada olduğundan fərqlənib. Belə ki, başlanğıcdan etibarən azadlıq və bərabərliyə xüsusi dəyər verdiklərindən tanrı ilə aralarında monarx və papanı qəbul etməyiblər. Bəlkə də, Amerikanın gücü, yaxud özünəməxsusluğu elə buradan gəlir…

Bir digər məsələ dünyada olduğu kimi Amerikada da mühafizəkarlıq və millətçilik yüksəlişdədir. Ümumən kantri musiqisinin son dövrlərdə yüksəlişdə olan mühafizəkar millətçiliyi də dəstəklədiyini ifadə etmək olar. Belə ki, 11 sentyabr hadisəsindən sonra kantri musiqisinin nümayəndəsi Çarli Deniyels “This Ain’t No Rag, It’s A Flag” (Bu bir əsgi deyil, bayraqdır) mahnısı müəllifə karyera uğurunu qazandırmışdır. Mahnıda istifadə edilən “USA, USA” şüarı Tramp dəstəkçiləri tərəfindən də istifadə edilir. Beləliklə, onlar üçün Amerikanın və həqiqi amerikalıların daha vacib olduğunu ifadə etmək istəyirlər. Digər tərəfdən məşhur “Wall Mart” marketlər şəbəkəsi iki gün ərzində 366 min bayraq satmışdır. Səfər müddətində Vaşinqtonda alıb oxuduğum “The Nationalist Revival” kitabının müəllifi Amerikada bu gün hakim olan siyasi anlayışın üç təhdidə “terror”, “Çin” və “Böyük durğunluq”a verilən refleks olduğunu yazır [1].

[1] Bu mövzuda ətraflı bax., Judis, J.B. (2018). The Nationalist Revival. Columbia Global Reports. s. 47-81.

Denverdə ziyarət etdiyimiz qurumların bəziləri:

Bir universitet mənsubu olaraq Amerika səfərində universitetlərə səfər mənim üçün ikiqat daha maraqlı oldu. Bu səbəblə əslən çex (miqrant) olan Jozef Korbelin (Madlen Olbraytın atası, Kandaliza Rayzın müəllimi) adını daşıyan mərkəzdə həm universitet, mərkəz haqqında məlumat aldıq, həm də dünya siyasətinə dair olduqca maraqlı müzakirə imkanı qazandıq. Məktəb 1964cü ildə təsis edilmiş və Amerika cəmiyyəti üçün ciddi rolu və təsiri olan qurumdur.

Denver proqramının əyləncə baxımından maraqlı nüansı Denver Naqqets (Denver Nuggets) və Los Anceles Leykers (Los Angeles Lakers) NBA basketbol matçına getməyimiz oldu.

Beləliklə, Denver proqramını da bitirərək üç həftəlik proqramı tamamladıq. Elm adamlarından, diplomatlardan, məmurlar və jurnalistlərdən ibarət komanda üzvlərinə proqramı bitirdiklərinə dair “nişan” təqdim olundu. Sonda isə xatirə şəkli ilə bizim Amerika səfərimiz rəsmi olaraq başa çatmış oldu.

Budur, yeddi mart günorta Denverdəki üç günlük proqramı tamamladıqdan sonra artıq vətənə dönüş üçün Denver Beynəlxalq hava limanındayıq. Yekunda birinci yazıda qeydimi təkrarlayaraq deməliyəm ki, Amerikanı mütləq görmək lazımdır. Məlumat üçün bildirim ki, İranda baş verən hadisələr nəticəsində Frankfurtdan Bakıya uçuşun təhlükəsizliyi müəyyən qədər narahatlıq yaratsa da, uçuşlar təxirə salınmadığı üçün ümidimiz vardı.

Yazını tamamlamadan əvvəl təşəkkür nüansını unutmamalıyam. Əvvala ABŞnin Azərbaycandakı səfirliyinin əməkdaşlarına səfərin yüksək səviyyədə təşkili üçün göstərdikləri dəstək və peşəkarlıq üçün təşəkkür edirəm. Xəzər Universiteti rəhbərliyinə, başda rektorumuz Dr. Raziyə İsayeva xanıma səfərimə imkan və şərait yaratdığı üçün sonsuz təşəkkür edirəm. Üç həftə ərzində Azərbaycanda olmadığım müddətdə işlərin qaydasında getməsi üçün əllərindən gələni edən siyasi elmlər və fəlsəfə departamentindən həmkarım Gülcan xanıma və departamentin asistenti Firuzə xanıma təşəkkür edirəm.

Səfərlə bağlı yazılarımı vaxtında və yüksək peşəkarlıqla dərc edən “Füyuzat.az” saytı komandasına, Samir Ramizoğluna və Fidan Vahidə təşəkkür edirəm.

Beləliklə, birinci ABŞ səfərinin sonu…

Proqram çərçivəsində səfərdə olduğumuz ştatların ABŞ xəritəsində əksi: Vaşinqton, Ohayo (Klivlend), Kentaki (Luivil) və Kolorado (Denver).

Metropolitian Dövlət Universiteti, KiberTəhlükəsizlik Mərkəzi.Metropolitian Dövlət Universiteti, KiberTəhlükəsizlik Mərkəzi.

Denver, “Rocky Mountain” Milli parkı.

Kolorado ştatı dövlət binası.

Denver Naqqets – Los Anceles Leykers oyunundan (NBA).

Bağlanış.

Son gün qrup rəhbərlərimiz bizə ABŞ Dövlət Departmenti proqramı məzunu olduğumuza dair nişan hədiyyə etdilər və ailə şəkli ilə üç həftəlik ABŞ səfərimiz başa çatmış oldu.