Tarix Təhlil Xəbərlər

Səfəvi imperiyasının xarici siyasəti – Ayutiya kralı böyük Narayın hakimiyyətə gətirilməsində səfəvi əsgərlərinin rolu

Müasir Tailand, Myanma, Malayziya ilə Kamboca torpaqlarında mövcud olmuş və Tailandın varisi olduğu Ayutiya krallığına səfir göndərmiş, bu torpaqlarda şiə İslamı yayan ən önəmli səfəvi hökmdarlarından biri də şah Süleyman olmuşdur.

Səfəvi imperiyası ilə Ayutiya krallığı arasında ilk əlaqələr səfəvilərin Hindistandakı vassalı Qütbşahilər dövləti üzərindən başlamışdı. Səfəvilər Hindistandakı vassalları vasitəsilə Ayutiya krallığı ilə böyük ticarət və gəmiçilik əlaqələri qurdu. Onlar Ayutiyanı “Şəhri Nəv”, yəni “Kanallar şəhəri” olaraq tanıyırdılar.

Ticarət və gəmiçilik ilə başlayan bu böyük əlaqələr sonradan səfəvilərin Ayutiya krallığı sarayında güclənməsinə səbəb oldu. Səfəvi-Qum Bünnaq ailəsi Ayutiyada şeyxülislam statusu əldə edərək bu vəzifəni krallığın nazirliklərindən birinə çevirmişdi.

Tailandın ilk şeyxülislam naziri Bünnaq ailəsinin əcdadı şeyx Əhməd Qumi oldu. Şeyx Əhməd və qardaşı Məhəmməd Səid ilə 1600-ci illərdə İrandan Tailand torpaqlarına gələrək ticari əlaqələr qurmuş və bu torpaqlarda şiə İslamı yaymışdı. Şeyx Əhmədin Bünnaq adlı aristokrat nəsli hal-hazırda da Tailandda davam etməkdədir və şeyxin özünün də Ayutiya şəhərində türbəsi vardır. Türbə bölgə müsəlmanları üçün ziyarətgah hesab edilir. Bünnaq ailəsi Tailand tarixində çox nüfuzlu bir zadəgan ailəsidir. Bu ailə xüsusilə XVIII–XIX əsrlərdə dövlət idarəçiliyində çox güclü olub. Ailənin ən məşhur nümayəndələrindən biri olan Çuanq Bunnaq, kral Çulalonqkorn azyaşlı olarkən regent (müvəqqəti hökmdar) kimi ölkəni idarə edib.

Şeyx Əhməd Qumi

Çuanq Bunnaq

1656-ci ildə Ayutiya kralı böyük Naray III Ramatxibodi əmisini taxtdan endirmək üçün səfəvi, yapon və holland muzdlu əsgərləri ilə Aşura günündə saraya hücum edib əmisini edam etdirərək taxta çıxmışdı.

Böyük kral Naray taxta çıxdıqdan sonra səfəvi əsilli vətəndaşlarına saray və torpaqlarında böyük vəzifələr verdi və bundan sonra səfəvilər rahatlıqla Tailandda siyasi nüfuz əldə etməyə başladılar.

Səfəvi icmasının Ayutiya dövlətinə göstərdiyi xidmətlər Ayutiya kralları tərəfindən yüksək qiymətləndirilmişdir. Professor Antoni Reydin qeyd etdiyinə görə, İran şiələri kral Narayın ən yaxın məsləhətçiləri idilər, şiələr xüsusilə təhlükəli avropalı şirkətlərə qarşı ticarətdə tarazlığı qorumaq üçün Narayın ən yaxın məsləhətçiləri arasında idilər.

1685-ci ildə Səfəvi hökmdarı şah Süleyman tərəfindən Məhəmməd Rabi ibn Məhəmməd İbrahim Ayutiya krallığına səfir olaraq göndərilir. Səfəvi səfiri Məhəmməd Rabi burada maraqlı insanlar tərəfindən qarşılanır, səfiri Ayutiya krallığında böyük kral Narayın saray xidmətçisi, səfəvi əsilli Hacı Səlim qarşılayır. Hacı Səlim özünü keçmiş Səfəvi səfiri kimi tanıdır. Səfəvi səfiri Məhəmməd Ayutiya krallığının digər bölgələrinə də səyahət edir.

Mequy bölgəsinin qubernatoru ilə tanış olan Səfəvi səfiri Məhəmməd qubernatorun səfəvi əsilli Seyyid Mazandarani olduğunu görür. Çao Praya adlı çayla müasir Banqkok şəhərinə çatan Səfir Məhəmməd burada yenə qəribə bir şəxs görür, Banqkokun qubernatoru, Anadoludan olan Çələbi ləqəbli bir Osmanlı türkü. Bu türk sünnilikdən şiəliyə keçmiş, buradakı tanışları vasitəsilə qubernatorluğa qədər yüksəlmişdi. Səfir burada olarkən bölgənin siyasətini, dinini və adətlərini də öyrənir. Səfəvi səfiri öz xatirələrini və gəzintilərini “Safineyi Süleymani” (Süleymanın gəmisi) kitabında toplayır. Kitabın iki əlyazması məlumdur. Biri Britaniya Muzeyində, digəri İrandadır. Con Okane kitabı “The Ship of Sulaiman” başlığı ilə 1972-ci ildə ingilis dilinə tərcümə etmişdir.

Şeyx Əhməd Quminin türbəsi

Mənbələr:

  • Muhammad Ismail [Christoph] Marcinkowski “Persians and Shi’ites in Thailand: From the Ayutthaya Period to the Present”.
  • Muhammad Ismail [Christoph] Marcinkowski “From Isfahan to Ayutthaya. Contacts between Iran and Siam in the 17th Century”.

Müəllif: Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı-yazar Vahid İbayev