Xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Kültürünü Araşdırma İnstitutu yeni layihələrə start verir

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Kültürünü Araşdırma İnstitutu (TKAE) arasında ortaq dəyərlərimizin təbliğinə yönəlmiş yeni layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

“Füyuzat” xəbər verir ki, bu məsələlər Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Türk Kültürünü Araşdırma İnstitutunun rəhbər müavini professor, dr. İsmət Çətin arasında keçirilən görüşdə ətraflı müzakirə edilib.

Görüş zamanı əldə olunmuş razılığa əsasən, yaxın vaxtlarda Türkiyə universitetlərinin tələbələri arasında dahi şairin zəngin irsinə həsr olunmuş “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə təşkil ediləcək.

Eyni zamanda, layihə çərçivəsində təkcə Nizami Gəncəvi deyil, həm də türk dünyası ədəbiyyatının digər görkəmli nümayəndəsi İmadəddin Nəsimi haqqında genişmiqyaslı elmi-mədəni tədbirlərin və tədqiqatların həyata keçirilməsi nəzərdə tutulur.

Bu təşəbbüslər hər iki dahi mütəfəkkirin ortaq türk mədəniyyətindəki yerini və əhəmiyyətini gənc nəsillərə daha yaxından tanıtmaq məqsədi daşıyır.