Günel Natiqqızı Xəbərlər

Həftənin seçilmiş şeiri – Darıxmaq

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Günel Natiqqızının “Darıxmaq” şeiridir. Xoş mütaliələr!

Həsrət əridir daşları,
Çaya dönür göz yaşları.
Göyə qalxır yağışları,
Çən darıxır, şeh darıxır.

Duman gizlədir kədəri,
Gecənin bitmir qəhəri,
Göylərə verir xəbəri,
Bir səmada qovuşmaqçün
Ay darıxır, gün darıxır.

Daşdan axan göz yaşı da,
Gecənin qara qaşı da,
Ürəyin bağrı-başı da
Hey göynəyir, hey darıxır.

Bu hicranı bitirəcək,
Darıxmağı itirəcək,
Səadəti gətirəcək
Vüsal dolu təqvim üçün
Ümidlə ömür darıxır.

Müəllif: Günel Natiqqızı