Xəbərlər

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHT Agentliyi) və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib.

“Füyuzat” xəbər verir ki, bu barədə QHT Agentliyindən məlumat verilib.

“Aksiya Bakı şəhərinin sakinləri və xarici qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb”, – məlumatda bildirilib.

Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə. Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Qız Qalası- İçərişəhər-Natəvan heykəli-Dənizkənarı Milli Bulvar – Xəqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır.

S. Tahirli WUF13 çərçivəsində və Müstəqillik günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib.