Xəbərlər

CASCFEN gəncləşmədə yeni mərhələyə qədəm qoydu

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilib

Gəncliyə Yardım Fondunda keçirilən tədbir şəhidlərin və türk dünyasının birliyi uğrunda mübarizə aparan şəxsiyyətlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

“Füyuzat” xəbər verir ki, Ümumi Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Əkbər Qoşalı görülən işlər və hazırlıq prosesi barədə məlumat verib. O, həmçinin hər zaman QHT-lərin yanında olan Gəncliyə Yardım Fonduna bu tədbirin keçirilməsi üçün şərait yaratdıqları üçün CASCFEN adından təşəkkür edib.

Əkbər Qoşalı çıxış edərkən

Daha sonra say və redaksiya komissiyaları seçilib.

Say komissiyasının sədri Lalə Ağayeva Ümumi Yığıncaqda 20 üzvün qeydiyyatdan keçdiyini və toplantının səlahiyyətli olduğunu elan edib.

Təşkilatın sədri Nadir Azəri hesabat çıxışında hesabat dövründə görülən işlər, əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələr barədə danışıb. Bildirilib ki, CASCFEN yeni təşkilatlanma mərhələsinə qədəm qoyub və əsas prioritetlər regionların daha geniş əhatə olunması, eləcə də gəncləşmə siyasətidir.

Tədbir zamanı

Bu istiqamətdə artıq Naxçıvan Muxtar Respublikası və Quba–Xaçmaz iqtisadi rayonunda təmsilçiliklər yaradılıb, çoxsaylı gənclər təşkilata üzv olmaq üçün müraciət edib.

Sevda Əskərova çıxış edərkən

Məruzə ilə çıxış edən NTK sədri Sevda Əskərova isə hesabat dövründə təşkilat tərəfindən heç bir maliyyə və nizamnamə pozuntusuna yol verilmədiyini vurğulayıb.

Nüşabə Hüseyinli çıxış edərkən

Çıxış edən CASCFEN-in sədr müavini Nüşabə Hüseyinli təşkilatın ötən müddətdəki fəaliyyətini və hesabatları müsbət dəyərləndirib. Qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib.

Ümumi Yığıncaq iştirakçıları səs verərkən

Hər iki hesabat qənaətbəxş hesab edilib.

Daha sonra təşkilati məsələlərə baxılıb, təşkilatın 7 nəfərdən ibarət İdarə Heyəti və 3 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib. Nadir Azəri yenidən CASCFEN-in İdarə Heyətinin sədri seçilib. Həmçinin, Nüsabə Hüseynli, Fikrət Əliyev və Ayxan İsmayılov sədr müavinləri seçilib.

Kollaj

Seçkidən sonra yenə heyətə uğurlar arzulanıb, İdarə Heyətinə seçilən Ayxan İsmayılov və Zəhra Qasımovanın, həmçinin NTK-ya seçilən Vüsalə Mirzəyeva və Zaur Yusifzadənin gənclərin təmsilçisi olması xüsusilə diqqətə çatdırılıb.

Məlumatda o da qeyd edilib ki, Ümumi Yığıncaqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimai Birliklər və QHT koordinatoru Fatimə Həsənzadə və Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri İlkin Məmiyev qonaq qismində çıxış edərək CASCFEN-in fəaliyyətini yüksək qiymətləndirib, gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar. Hər iki natiq təmsil etdikləri təşkilatla CASCFEN arasında əməkdaşlığın qurulması və daha da genişləndirilməsi istiqamətində konkret təkliflərlə çıxış ediblər.

Cari məsələlərin müzakirəsi zamanı öncə Elman Cəfərliyə 50 illik yubileyi ilə bağlı CASCFEN-in plaketi, Sevda Əskərova və Günel Suidimzadəyə isə Təşəkkür Bəlgəsi təqdim edilib.

Çıxışlar zamanı Sevda Əskərova və Qalib Məmmədli nizamnamənin yaratdığı imkanlar çərçivəsində təşkilatın maliyyə imkanlarının genişləndirilməsi üçün əlavə addımların atılmasını təklif edib.

Elman Cəfərli və Araz Zeynalov isə təşkilatın gəncləşməsi istiqamətində görülən işləri yüksək qiymətləndirməklə yanaşı, bu prosesin daha da sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələr başa çatdıqdan sonra Ümumi Yğıncaq öz işini yekunlaşdırıb.

Sonda xatirə fotosu çəkilib.