Xəbərlər

Müasir Azərbaycan dövləti necə quruldu?

Orxan Vəliyevin “Modern Azərbaycanın doğuluşu” kitabının dəyərləndirilməsi

“Modern Azərbaycanın doğuluşu” araşdırması və kitabı son illərdə Azərbaycan haqqında və azərbaycanlı müəllif tərəfindən yazılmış, oxuduğum ən maraqlı və diqqətçəkici akademik tədqiqatlardan biri oldu. Bir çox digər Azərbaycan dilli əsərlərdən fərqli olaraq, “Modern Azərbaycanın doğuluşu” kitabı mövzunu yalnız xronoloji ardıcıllıqla təqdim etmək və ya ayrı-ayrı məsələlərin xülasəsini verməklə kifayətlənmir. Əksinə, Azərbaycanda millət və dövlət quruculuğunu qlobal milliyətçilik tədqiqatları prizmasından araşdıraraq təkcə “nə baş verdi?” sualına deyil, həm də “necə və nə üçün baş verdi?” suallarına cavab verir. Bu baxımdan əsərin öz sahəsinin ən mühüm işlərindən biri olduğunu söyləmək olar.

Kitab dörd fəsildən ibarətdir. İlk fəsildə yazar problem və nəzəri müzakirələri incələyir. Ümumilikdə, milliyətçilik modern bir fenomendir və milli dövlət müasirliyin gətirdiyi bir şeydir. Milliyətçilik beynəlxalq ədəbiyyatda geniş və fərqli perspektivlərdən araşdırılmışdır və Orxan Vəliyev də bu ədəbiyyatı ilk fəsildə müzakirə edir. Milliyətçilik səbəb olduğu inqilablar və müharibələr dolayısıyla çox geniş araşdırılmış, akademik ədəbiyyatda öz yerini tutmuşdur. Ancaq onu qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahə üzrə araşdırmalar akademik dərinlikdə deyil, daha çox hekayəvi və konetekstual olaraq incələnmiştir. Uzun müddət xarici ölkələrdəki təhsilim və beynəlxalq elmi araşdırmaları incələməyim səbəbilə, bəlkə də, yeni çalışmalar var və mən diqqətdən qaçırmışam, amma ümumi olaraq bunu qeyd etməliyəm ki, Azərbaycanda siyasi ədəbiyyat araşdırmaları “arqumentativ” olmaq yerinə “narrativ”dir. Bu mənada Orxan Vəliyevin kitabı mövcud çalışmaları yalnız narrativ şəkildə təqdim etməklə qalmır, eyni zamanda beynəlxalq akademik milliyətçilik çalışmalarına Azərbaycan nümunəsini əlavə edərək arqumentativ araşdırma ilə töhfə vermişdir.

Vəliyev “Modern Azərbaycanın doğuluşu” çalışmasında Azərbaycanda milliyətçiliyin və milli dövlətin formalaşmasını Miroslav Hroxun üç mərhələli A, B, C modeli çərçivəsində incələyir. Bu çalışmanın mənim üçün, eləcə də ədəbiyyat üçün önəmli tərəfi həm də ondan ibarətdir ki, kitabda, əslində, Şimali Azərbaycanın çar imperiyası tərəfindən işğal edilməsindən sonra Yaxın Şərq siyasi-fikri konyunkturasından ayrılaraq Şərqi Avropa və Cənubi Qafqaz siyasi-fikri konyunkturasına transformasiya olduğunu izah edilir.

Unutmamaq lazımdır ki, Azərbaycan xanlıqları hətta çar Rusiyası tərəfindən işğal edildikdən sonra belə siyasi və dini baxımdan İran/Qacar imperiyasına daha yaxın idi. Ancaq ziyalıların Rusiya üzərindən Qərbin elmi-siyasi dünyası ilə təmasından sonra Azərbaycan ziyalıları bir kimlik transformasiyası həyata keçirmiş və Azərbaycan kimliyini və dövlətini inşa etmişlər.

Sonrakı üç fəsildə isə yazar sırasıyla Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə kimi ziyalıları Hroxun üç mərhələli nəzəriyyəsi çərçivəsində Azərbaycanda millət və Azərbaycan dövlətinin formalaşmasındakı rolunu incələməkdədir. Bu baxımdan mən fəsillərin ümumi təhlili yerinə, Vəliyevin mövzunu ortaya qoyması və onu necə incələməsinə yönəlmək istəyirəm.

Vəliyev çox doğru bir şəkildə dəyərləndirir ki, Axundzadədə millət fikri hələ formalaşmamışdır və əslində, o, çar imperiyasının məmuru olaraq mənsub olduğu cəmiyyətlə xidmət etdiyi imepriyanı qarşılaşdıraraq mənsub olduğu cəmiyyətin problemini anlamağa çalışmışdır. Hətta əlifba islahatı təşəbbüsü ilə də geridə qalmışlığın aradan qaldırılması düşüncəsinə yönəlmişdir. Bu mərhələdə diqqət yetirilməsi gərəkən çox önəmli məqam isə Axundzadənin əlifba islahatını ilk olaraq İrana, daha sonra isə Osmanlıya təqdim etməsidir. Bu da onu göstərir ki, Axundzadə üçün hələ də əsas mərkəz İran idi.

Ancaq ondan sonra incələnən Əli bəy Hüseynzadədə romantik milliyətçilik, Hroxun B mərhələsi kimi özünü göstərməkdədir. Əli bəy üçün müasirləşmə və millət anlayışı etnik ölçü qazanmaqdadır və bu, dini kimliyin önünə keçməkdədir. Beləliklə, Əli bəy Hüseynzadə üçün siyasi mərkəz dini mərkəz olan İrandan etnik mərkəzə Osmanlıya keçmişdir.

Azərbaycan millətinin və dövlətinin formalaşması mərhələsini isə Məhəmməd Əmin Rəsulzadə üzərindən incələyərək millət olmanın C mərhələsini göstərməkdədir. Vəliyev haqlı olaraq Azərbaycan Cümhuriyyətinin dövlətləşmə mərhələsini tam gerçəkləşdirmədən işğal edildiyini vurğulasa da, Cümhuriyyətin milli dövlət olma yolunda zəruri olan dil, suveren dövlət və institutların qurulması istiqamətində bütün prosesləri həyata keçirməyə çalışdığını qeyd edir.

Axundzadə və Hüseynzadədən fərqli olaraq, Rəsulzadə siyasi mərkəzə Azərbaycanı qoymuş və Azərbaycan dövlət və millət quruculuğu üçün həm bir ziyalı, həm də bir dövlət xadimi kimi mübarizə aparmışdır. Hətta Cümhuriyyətin işğalından sonra mühacir həyatı yaşamasına baxmayaraq, milli ideyaya sadiq qalmış, Azərbaycanı hər hansı bir imperiyanın və ya dövlətin tərkib hissəsi kimi görmək əvəzinə, yarım qalmış suverenlik idealının bir gün gerçəkləşəcəyinə inanmışdır.

Azərbaycan ziyalıları XIX əsrin sonu və XX əsrin əvvəllərində Şimali Azərbaycanda fikri-siyasi transformasiya gerçəkləşdirmişlər. Bu prosesin nəticəsində Azərbaycanı İran və Yaxın Şərq siyasi-sosial konyunkturasından ayıraraq modern və dünyəvi bir dövlət qurmuşlar.

Bütün çatışmazlıqları ilə birlikdə, ziyalılar və cümhuriyyətçilər elə bir dövlət qurmuşdular ki, sovetlərin dövlət və millət düşüncəsini tamamilə aradan qaldırmaq cəhdlərinə baxmayaraq, işğaldan sonra qurduqları Zaqafqaziya Sovet Federativ Respublikasını ləğv edərək onun yerində milli sovet respublikaları yaratmışlar. Vəliyevin kitabı bu prosesi və Azərbaycan millətinin, eləcə də milli ideyanın formalaşma mərhələsini anlamaq üçün çox önəmli və dəyərli bir tədqiqatdır.

Bu əsər və digər dəyərli çalışmalara əlavə olaraq qeyd etməliyəm ki, Azərbaycan tarixinin 1850-ci illərdən 1920-ci illərə qədər olan mərhələdə iqtisadi, sosial və siyasi transformasiyasının, Vəliyevin də incələdiyi kimi, argumentativ araşdırmaya ehtiyac duyduğu qənaətindəyəm.

Cavadbəy Xəlilzadə

Kent Dövlət Universitetinin Siyasi Elmlər Departamentinin doktorantı, müəllim