Dünyada hər kəsin özünəməxsus baxışı, düşüncələri var. Amma nədənsə biz çox vaxt başqalarına bənzəməyə, kütlənin içində görünməz olmağa daha meyilli oluruq. Sanki özümüz olmaq, fərqli görünmək bir riskdir. Halbuki kainatın özü belə təkrarı sevmir. Hər kəsə ayrı bir xarakter, ayrı bir taleyi yaşamaq payı düşür. Biz isə bəzən bu fərdiliyin gətirdiyi gözəlliyi unuduruq. Çox vaxt fərqlilikdən qaçır, ondan qorxuruq. Görəsən, niyə? Bəlkə də, bu qorxunu dəf etməyə kömək edən həqiqətləri unutduğumuz üçün. Bizi fərqli edən barmaq izlərimiz, simamız, imzamız kimi…
Ancaq onların içində biri var ki, ən çox xatırlananlardan olur: barmaq izlərimizi və simamızı yaşadan imzamız.
Ən mühüm qərarların təsdiqi üçün imzamızın istənilməsi də təsadüf deyil, əslində. Çünki imzamız həyatımızın istiqamətini dəyişməyə vəsilə olur. Amma onun ən ali missiyası bir peşə ilə bağlıdır – sözü imzaya çevirənlərin peşəsi ilə.
Biz onları özlərindən deyil, sözlərindən tanıyırıq. Onların səsi də dünyanı imzalarının izi ilə dolaşır. Eşitmək istədikləri ən gözəl cümlə isə “Bu imzanı harda görsəm, tanıyaram” olur.
Bəs necə yaranır bu imzalar? Bəzilərinin uşaqlıq arzusu, bəzilərinin təsadüfi və ya məcburi seçimi, bəzilərinin isə içindəki işığı duyanlara olan inamı ilə…
Yenə “anamın mətbəx qeydləri”nə qayıdıram. Axı elə bu yola məhz həmin qeydlər sayəsində çıxmışdım:
“Qızım, bəlkə, sınayasan, onsuz da qələm əlindən düşmür” sözləri ilə.
Ancaq o zaman təsadüf olmayan bir sirri açmamışdı mənə. Babamın təkcə müəllim deyil, həm də rayon xəbərlərini çatdıran ştatdankənar müxbir olduğunu. Səbəbini indi anlayıram:ürəyimdə fərqli bir məsuliyyət və məcburiyyət yaratmamaq üçün. O sadəcə mənə doğru istiqaməti göstərmək istəmişdi.
Hələ özümü doğrultmaq üçün qət etməli olduğum məsafənin çox olduğunu bilsəm də, bu yolun doğruluğuna inanıram. Eyni yolda yorulmadan addımlayanlara isə imzaları ilə açdıqları cığırdan büdrəsələr belə dönməməyi və irəliləməyə davam edəcək güc diləyirəm. Çünki büdrəmək də bu yolun bir parçasıdır. Əsas odur ki, hər yıxılanda yenidən eyni güclə qalxmağı bacarasan. Öz dəst-xəttinə, imzana sadiq qalaraq.



