Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində ilk tədbir Sabirabad rayonunda təşkil olunub.
“Füyuzat”ın məlumatına görə, bu barədə İctimai Birlikdən məlumat verilib.
Məlumata əsasən, Sabirabad Bayraq Muzeyində keçirilən tədbir rayon icra hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə baş tutub.
Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin yer aldığı sərgi ilə tanış olublar. Sərgidə milli geyim mədəniyyətimizi əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi və özünəməxsus xüsusiyyətləri barədə məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq iştirakçılara milli geyimlərimiz və kəlağayı sənəti haqqında ətraflı məlumat çatdırılıb.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında kəlağayının Azərbaycan xalqının qədim tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdən biri olduğunu bildirib. O, bu sənət nümunəsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu vurğulayıb.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə çatdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən milli-mənəvi irsin qorunmasına göstərilən diqqət “Vətənimdir Azərbaycan!” layihəsində də öz əksini tapır. Güllü Eldar Tomarlı qeyd edib ki, onun təşəbbüsü ilə yaradılan Kəlağayı Ev Muzeyində qədim kəlağayı nümunələri toplanaraq qorunur. O, kəlağayının Azərbaycan qadınının mənəvi dünyasını, zərifliyini və milli kimliyini əks etdirən dəyərli irs nümunəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək milli geyimlərimizin, xüsusilə kəlağayının həm ənənəvi, həm də müasir formada təqdim edilməsinin, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılmasının, gənclər arasında milli-mənəvi dəyərlərə marağın artırılmasının əhəmiyyətindən danışıblar.
Tədbirin bədii proqramla davam edib.
“Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbirlərin Şamaxı və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur.



