Dr. Dilqəm ƏHMƏD
Birinci Dünya müharibəsinin nəticəsində müstəqilliyini elan edən Cənubi Qafqaz dövlətlərinin mövcudluğunun qorunmasında, hərbi təşkilatlarının qurulmasında Osmanlı zabitlərinin mühüm rolu olub. Başda Nuru paşa olmaqla Qafqaz İslam Ordusunda yer alan bu zabitlər Azərbaycan və Dağıstanın azadlığında önəmli xidmətlər göstərib, sonrakı illərdə bir-birindən maraqlı sənədli xatirələr qələmə alıblar. Qaimməqam Rüştü bəyin, Süleyman İzzət bəyin, İsmayıl Haqqı Berkokun və Qafqaz cəbhəsində iştirak etmiş digər zabitlərin 1930-cu illərdə qələmə aldıqları bu əsərlər Azərbaycan Cümhuriyyəti tarixinin öyrənilməsində də əhəmiyyətli mənbədir. Həmin qiymətli əsərlərdən birinin də müəllifi Dağıstan əsilli Osmanlı zabiti İsmayıl Haqqı Berkokdur.

Qafqazlı ailənin övladı
İsmayıl Haqqı bəy 1889-cu ildə Sivas vilayətində (Kayserinin Yağlıpınar kəndində) Qafqaz əsilli ailədə anadan olub. Atası Əli bəy və anası Mələk xanım 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyəyə yerləşiblər. Dörd övladları olub.
İsmayıl Haqqı bəy erkən yaşlarında valideyn himayəsindən məhrum qalıb, müxtəlif çətinliklərlə qarşılaşıb və bu gedişat onun güclü bir xarakter kimi formalaşmasında mühüm rol oynayıb. 1907-ci ildə hərbi məktəbdən, 1910-cu ildə isə hərbi akademiyadan məzun olub. Balkan müharibəsində Qərb ordusunda xidmət edib. Birinci Dünya müharibəsi zamanı Mosulda 9-cu Korpus Qərargahında, 1915-ci ildə 36-cı Diviziya Qərargahında və Birinci Səfəri Qüvvələrin Qərargah rəisi vəzifəsində çalışıb.
Bu illərdə Makedoniyadan İraqa qədər uzanan geniş bir arealda reallaşan hərbi əməliyyatlarda aktiv iştirak edib, amansız döyüşlərdə qardaşları Əhməd və Mahmudun şəhid olması ilə dərin mənəvi sarsıntı keçirib.
24 mart 1918-ci ildə Qafqaz İslam Ordusu Komandanlığının sərəncamına verilib.
1919-cu ilin fevralında Hərbi Akademiya Nümayəndə Heyətinin Təlimində xidmət etmək üçün Baş Qərargahın 1-ci şöbəsinə təyin edilib. 7 iyul 1919-cu ildə 3-cü Orduya göndərilib. 1 oktyabr 1919-cu ildə Qafqaza ezam olunub. 1918-1919-cu illərdə Qafqazda olduğu zaman bölgənin xilas edilməsində mühüm rol oynayıb.
1920-ci ilin oktyabrında Kastamonu və Ətrafı Komandanlığının Qərargah rəisliyinə, 11 noyabr 1920-ci ildə 3-cü Korpusun Qərargah rəisliyinə, 1921-ci ilin yanvarında isə 4-cü Qrup Qərargah rəisliyinə təyin edilib. 1922-ci ildə 4-cü Korpusun Qərargah rəisliyində vəzifələndirilib.
Mustafa Kamal Atatürkün rəhbərliyi altında cərəyan edən Milli Mücadilə hərəkatındakı şücaətlərinə görə nüfuzlu İstiqlal Medalı da daxil olmaqla ümumilikdə beş fərqli hərbi mükafatla təltif edilib.
1923-cü ilin fevralında Zabit Namizədləri Təlimgahının taktika müəllimliyinə təyin olunub. 1923-cü ilin avqustunda Hərbi Akademiya Hərb Tarixi Qrupunun müəllim köməkçisi, daha sonra isə Hərbiyyə Məktəbinin taktika müəllimi təyin edilib.
1929–1930-cu illər arasında 26-cı Dağ Alayının komandiri olub. 1930–1932-ci illər arasında isə 7-ci Korpusun Qərargah rəisinin müavini vəzifəsini icra edib. 1938-ci ilə qədər Hərbi Akademiyaların Qərargah rəisliyi ilə 2-ci və 1-ci Süvari Diviziyalarının komandiri vəzifələrində çalışıb. 20 avqust 1938-ci ildə Baş Qərargahın Hərb Tarixi Əncüməni rəisliyinə təyin edilib. 29 avqust 1939-cu ildə bu vəzifəsini başa vuraraq Milli Müdafiə Nazirliyinin Ordu İdarəsi rəisinin müavini təyin olunub.
İkinci Dünya müharibəsinin əvvəlində Milli Müdafiə Nazirliyinin Səfərbərlik Şöbəsinin müdiri işləyib və 1943-cü ildə Hərbi Apelyasiya Məhkəməsinin üzvü olub. Bu vəzifədə olarkən 8 yanvar 1946-cı ildə öz istəyi ilə təqaüdə çıxıb.
Daha sonra siyasət meydanına atılan Berkok 1950–1954-cü illərdə Kayseri millət vəkili olub. 1954-cü ildə yenidən parlamentari seçilsə də, səhhətində yaranan kəskin pisləşmə səbəbindən Londonda cərrahi əməliyyata məruz qalıb və yeni qanunvericilik fəaliyyətinə başlaya bilmədən 11 may 1954-cü ildə vəfat edib. Nəşi Ankarada təşkil olunan rəsmi dövlət mərasimi ilə torpağa tapşırılıb.
Çoxşaxəli intellektual potensiala malik olan İ. H. Berkök rus, fransız, ərəb və fars dillərinə yüksək səviyyədə yiyələnib. Ömrünü Qafqazın tarix, etnoqrafiya və mədəniyyətinin tədqiqinə həsr edib, 20-yə yaxın fundamental əsərin və çoxsaylı elmi məqalələrin müəllifi olub. Onun dünyasını dəyişməsindən sonra ailəsi tərəfindən işıq üzü görən “Tarixdə Qafqaz” və “Qurtuluş yolu” adlı kitabları ilə Qafqaz tarixşünaslığına xidmət edib.

“Bakı ətrafı bolşeviklərin işğalı altında idi”
1934-cü ildə “Askeri Mecmua”nın silsilə nəşrləri sırasından “miralay İ. Berkuk” imzası ilə İsmayıl Haqqı bəyin “Büyük harpte [334] Şimali Kafkasyadaki faaliyetlerimiz ve 15. fırkanın harekâtı ve muharebeleri” adlı sənədli xatirələri işıq üzü görüb. Əsasən Şimali Qafqazdakı fəaliyyətindən bəhs edən İsmayıl Haqqı bəy Azərbaycana da yer ayırıb. Kitabının girişində bütün Qafqazdakı vəziyyəti bu şəkildə dəyərləndirib:
1 — Şimali Qafqaz müsəlmanları və Azərbaycan bizə (Osmanlıya) arxalanaraq öz müqəddəratlarını təyin etməyə çalışırdılar. Hökumətimiz də bu millətlərin müstəqilliyini tanımağı, təsdiq etməyi və mümkün olan hər cür yardımı göstərəcəyini vəd etmişdi.
2 — Gürcülər almanların himayəsinə girmiş, almanlar da gürcülərin hamiliyini qəbul edərək onların müstəqilliyini təsdiqləmişdilər. Hətta bu müstəqilliyin Rusiya tərəfindən də tanınması üçün Sovet hökuməti qarşısında təşəbbüs göstərmişdilər. Buna qarşılıq olaraq almanlar Azərbaycan və Şimali Qafqazın müstəqilliyini təsdiq etməmişdilər.
3 — Ermənilər bizə düşmən olan hər bir qrupla anlaşmağa hazır idilər. Buna görə də bir tərəfdən ingilislərin məqsədlərinə xidmət etmək, digər tərəfdən onlarla birgə hərəkət etmək üçün bolşeviklərlə əməkdaşlıq edərək Qafqazın hər tərəfində mübarizəyə girişmişdilər.
4 — Kazaklar bolşeviklərlə anlaşmaq yolu ilə qafqazlılara qarşı müxalif və düşmən bir mövqe tutmuşdular.
5 — İttifaq (Antanta) dövlətləri və xüsusilə ingilislər bizim təşəbbüslərimizə mane olmaq üçün hər bir qüvvə və vəziyyətdən, hər bir münasib fürsətdən istifadə etmək məqsədilə artıq fəaliyyətə başlamışdılar.

Berkok Azərbaycanın ümumi vəziyyətini isə bu şəkildə dəyərləndirib:
“Azərbaycan, əslində, 28 may 1918-ci ildə öz müstəqilliyini elan etmişdi; lakin hələ milli torpaqlarına tamamilə sahib deyildi. 1917-ci ilin dekabr ayından bəri Bakı ətrafı bolşeviklərin hakimiyyəti və işğalı altında idi. Başlarında Şaumyan adlı bir erməninin durduğu və əksəriyyətini ermənilərin təşkil etdiyi bolşeviklər artıq qırğınlarla ətrafı qorxu içində saxlamağa və Qərbə doğru genişlənmə meyli nümayiş etdirməyə başlamışdılar. Eyni zamanda, Qərbdə qüvvələrimizin qarşısından çəkilərək Azərbaycan torpaqlarına girmiş olan erməni qüvvələri və onlarla birləşərək güclənən yerli Azərbaycan erməniləri də Qarabağ və Gəncə bölgələrinə təzyiq göstərir, nəticədə isə İran – Azərbaycan yolunu təhdid edirdilər. Bu minvalla iki təhlükə arasında və çox çətin bir vəziyyətdə qalmış olan Azərbaycan hökuməti Gəncəyə çəkilmiş, əlindəki milli qüvvələrlə bu təhlükələrə qarşı müqavimət göstərməyə çalışırdı”.
“Azərbaycandakı fəaliyyətimiz”
İsmayıl Haqqı bəy daha sonra “Azərbaycandakı fəaliyyətimiz” başlığı altında ölkəmizdəki mövcud vəziyyəti daha geniş şəkildə göstərib:
“İyunun əvvəlində Qafqazda ümumi vəziyyət belə idi: İslam ordusu hələ yenicə Gəncəyə gəlmişdi, buna görə də vəziyyəti tamamilə qavraya bilməmiş və icraat proqramını müəyyən etmək üçün vaxt tapa bilməmiş bir vəziyyətdə idi. Batum konfransı hələ yeni bitmiş, yəni məmləkətin siyasi vəziyyəti hələ yenicə müəyyənləşmişdi. Lakin nizamlı bir hökumət təşkilatı qurula bilməmişdi. İdarəçilik milli komitələr tərəfindən həyata keçirilirdi. Bakıya hakim olan bolşeviklər Qərbə doğru genişlənir, şimalda Şamaxını işğal edib, cənubda Kürdəmirə yaxınlaşmışdılar. Qarabağ bölgəsində isə erməni dəstələri Azərbaycan – İran yolunu kəsəcək dərəcədə təhdidkar bir mövqe tutmuşdular. Milli qüvvələrin bu düşmənləri geri oturtmaq bir yana qalsın, hətta onları durdurmaq qabiliyyətinə malik olması belə şübhəli idi. Buna görə də vəziyyətin düzəlməsi üçün qüvvələrimizin müdaxiləsinə qəti ehtiyac var idi. Bu vəziyyət qarşısında İslam ordusu fəaliyyət və qüvvəsinin əsas ağırlıq mərkəzini Azərbaycanda və burada da dəmiryolu xətti boyunca cəmləşdirmək məcburiyyətində idi. Bu halda dəmiryolunun şimal bölgəsi Şamaxıdan irəliləyəcək düşmənə qarşı açıq qalırdı. Düşmənin Şamaxını işğal etməsi ilə Azərbaycanın Şimali Qafqazla olan əlaqə yolu qapanmışdı. İndi bu əlaqə yalnız Nuxa – Axtı dağ yolundan ibarət idi. Düşmən Şamaxıdan Qərbə doğru irəliləməyə nail olardısa, bu yol da qapanacaq və beləliklə, Qafqazın iki bölgəsi tamamilə bir-birindən ayrılacaqdı. Ordu komandanı hələ yenicə gəlmiş zabitlərin hər birini, başda ordu qərargah rəisi olmaqla, müxtəlif yerlərə fəaliyyət üçün ezam etmişdi. Şimali Qafqaz haqqında qərar vermək üçün əsas götürüləcək heç bir məlumat yox idi. Məhz bu vəziyyət bizim də sürətlə hərəkət etməyimizi tələb edirdi. Aldığımız əmrə əsasən, ilkin olaraq Şəki bölgəsində bir müddət qalaraq, bu bölgənin Şamaxıdan gələcək işğal dalğasına qarşı qorunması üçün lazımi tədbirləri görəcək, Şimali Qafqaz haqqında məlumat toplamağa çalışacaq və ondan sonra Şimali Qafqaza doğru hərəkət edəcəkdik. Bunun üçün bizə heç bir təşkilati və hərbi qüvvə elementi verilmirdi. Çünki əslində belə bir qüvvə yox idi, lakin sonradan göndəriləcəyi vəd olunurdu. Belə olan halda, hələlik İslam Ordusu Komandanlığının əmrində olaraq yerli imkanlarla təmin edə biləcəyimiz qüvvələrlə çalışmalı idik. Ümumi vəziyyətə görə vəzifəmizi müəyyən edən əsas xətlər bunlardan ibarət idi: Şimali Qafqazı düşməndən təmizləmək və buranı milli-siyasi vəziyyətimizə və mənafelərimizə uyğun bir halda saxlamaq, ehtiyac yarandıqda isə cənubdakı hərbi əməliyyatlara yardım etməyə çalışmaq. Bax, bu vəzifə ilə 7 İyun 1918-ci ildə Gəncədən hərəkət etdik və elə həmin gün Şəki bölgəsinin mərkəzi olan Nuxaya çatdıq”.

“Onlar erməni hissi və kini ilə hərəkət edirdilər”
İsmayıl Haqqı bəy Şəki və Zaqatala bölgələrindəki vəziyyəti olduqca maraqlı və dəqiq şəkildə əks etdirib:
“Şəki bölgəsi yaxşı vəziyyətdə deyildi. Şamaxını işğal etmiş olan bolşeviklər Nuxanın (Şəkinin) 30 km şərqində yerləşən Qəbələyə doğru yayılmağa çalışırdılar. Bolşevik qüvvələri, əslində, bolşevizm pərdəsi altında hərəkət edən erməni qüvvəsi idi. Onlar erməni hissi və kini ilə hərəkət edirdilər. Bölgənin daxilində də fikirlər qarışıq idi. Bir tərəfdən güclü bir bolşevizm təbliğatı aparılır, digər tərəfdən isə ermənilər çox şübhəli bir mövqe nümayiş etdirirdilər. Bu iki ünsürün birgə hərəkət etmək təşəbbüsü daxili vəziyyəti alt-üst edə bilər və bolşeviklərin işğalını asanlaşdırardı. Zaqatala bölgəsində isə bir yumruq kimi birləşmiş və döyüşkən avar ünsürləri məskunlaşmışdı. Lakin Şeyx Şamilin vaxtilə gürcülərdən qorunmaq üçün zabit və avarlarla məskunlaşdırdığı bu bölgəyə indi gürcülər iddia etməyə və təhdid etməyə başlamışdılar. Zaqatala bölgəsinin daxilində olan gürcülər və ruslar da bu təhdidi gücləndirirdilər. Həm Şəki, həm də Zaqatala bölgəsinin işğala uğraması nəticəsində Azərbaycan ən qüvvətli və döyüşkən bir xalq kütləsini itirmiş olardı. Halbuki bu iki bölgə həm şərqdən, həm də qərbdən təhdid edildiyi üçün öz qüvvələrini birləşdirərək hər hansı bir tərəfə qarşı hücuma keçmək imkanı tapa bilmirdi və bu vəziyyət çox ciddi bir zəiflik yaradırdı”.
İsmayıl Haqqı bəyin qeydlərinə görə Nuxadakı milis qüvvələrinin başında zabitlərdən Bədri və Sidqi əfəndi dayanırdı. Bədri əfəndi yerli əhali tərəfindən çox sevilən, qiymətli bir zabit imiş. Buna görə də onu Şəki bölgəsinin komandanı təyin ediblər. Sidqi əfəndini isə Qəbələyə göndəriblər. Zaqatalada isə Haqqı və Ələddin əfəndi vəzifə başında imişlər, amma nədənsə Haqqı əfəndi intihar edib.
Berkök Zaqatala ilə müqayisədə Şəkidə müəyyən sosialist qüvvələrin etirazı ilə qarşılaşdığını bildirib:
“Biz bölgənin təhlükəsizliyini düşünməklə bərabər bolşeviklərin qərbə doğru irəliləməyə təşəbbüs göstərmələri halında Zaqataladakı qüvvələrdən istifadə imkanlarını təmin edəcək tədbirlər gördük və Zaqatala komandanlığına Ələddin əfəndini təyin etdik. Zaqatalada istisnasız olaraq bütün xalq tərəfindən çox böyük bir istək və itaətlə qarşılandığımız halda Nuxada bu qədər həqiqi, səmimi bir itaət və birlik görünmürdü. Burada bolşevik qüvvələrinin irəliləməsindən cəsarət alan bir qrup xalqın bizim təşəbbüs və fəaliyyətimizi təsirsiz buraxmaq istədikləri hiss olunurdu. Sosialistlərin idarə etdikləri bu qüvvə hətta bəzi nümayişlər keçirməyə belə cəhd göstərmişdi. Lakin az vaxtda ortaya qoyduğumuz milis-polis qüvvəsi və idari tədbirlərimiz qarşısında bu fikirlər və təşəbbüslər boşa çıxdı. Məhz bu icraatla Azərbaycanın şimal və qərb bölgəsinin əmin-amanlığı və təhlükəsizliyi təmin edilmiş oldu”.
İsmayıl Haqqı bəy Şəkidə olarkən Hərbiyyə Nəzarəti tərəfindən Şimali Qafqaz korpusu qərargah rəisliyinə təyin olunduğunu bildirib.
Berkokun kitabının bu hadisədən sonrakı əsas hissəsi ordusunun Şimali Qafqazdakı fəaliyyəti ilə bağlıdır, eləcə də Dağıstanın ictimai və coğrafi vəziyyəti haqqında zəngin məlumatlar yer alıb. Əsərdə qısa da olsa, Andranikin Qarabağ və Zəngəzurdalı dağıdıcı fəaliyyətinə də yer verilib.
Tarixi qiyməti olan fotoşəkil
Şəxsi arxivimizdə İsmayıl Haqqı Berkokun məhz bu illərdə çəkdirdiyi bir fotoşəklinin imzalı nüsxəsi mövcuddur. Qafqaz geyimində çəkilmiş bu təsvirin arxasında yazılıb: “Abdurrahman; bu fotoğrafım adeta doğmadan ölmüş gibi kısa bir müddet yaşamış olan Mukaddes Kafkas Hükümet-i Cumhuriyesi Ordusu Erkanı Harbiye-i Umumiye riyasetinde iken aldırılmıştı. Binaenaley bir kıymet-i tarihiyeyi haizdir.”
İsmayıl Haqqı Berkokun 1958-ci ildə İstanbulda işıq üzü görən, 500 səhifədən çox “Tarixdə Qafqaz” adlı əsərində isə Qafqazın ən qədim tarixindən XIX əsrə qədər olan geniş dövrü əhatə edir, bölgənin arxeoloji vəziyyətindən mədəniyyətinə, müxtəlif soylu qəbilələrin fəaliyyətindən rus işğalına kimi olan mühüm mərhələlər əks etdirilib.
Beləliklə, Qafqaz tarixində mühüm rol oynayan general İsmayıl Haqqı Berkok həm peşəkar bir zabit, həm də qiymətli bir müəllif kimi tariximizdə yer alıb.
Qaynaq:
İ. Berkuk. Büyük harpte [334] Şimali Kafkasyadaki faaliyetlerimiz ve 15. fırkanın harekâtı ve muharebeleri. İstanbul, 1934
General İsmail Berkok. Tarihte Kafkasya. İstanbul, 1958
Genelkurmay Askerî Tarih ve Stratejik Etüt (ATASE) Başkanlığı Tarihi (1916-1998). Ankara, 1999



