Kültür-sənət Müsahibə Xəbərlər

Keçmişi gələcəyə daşıyan saxlanc yerlərimiz

Muzeylər xalqların tarixini, mədəniyyətini və milli yaddaşını qoruyub saxlayan ən mühüm məkanlardandır. Bu yerlərin hər biri, içərisindəki eksponatlar milli mədəniyyətləri keçmişdən gələcəyə ötürən saxlanc nöqtəsidir. Muzeylərin cəmiyyət həyatındakı əhəmiyyətini vurğulamaq məqsədilə Beynəlxalq Muzeylər Günü təsis edilib. Bu əlamətdar gün 1977-ci ildə “International Council of Museums” tərəfindən elan olunub və hər il 18 may tarixində qeyd edilir. Günün əsas məqsədi muzeylərin maarifləndirici, mədəni və tarixi rolunu ön plana çıxarmaq, insanların diqqətini bu vacib məkanlara yönəltməkdir. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Muzeylər Günü geniş şəkildə qeyd olunur, sərgilər, açıq qapı günləri və maarifləndirici tədbirlər təşkil edilir.

Qədim tarixə və zəngin mədəni irsə malik Azərbaycan muzeyçilik ənənələri ilə xüsusi olaraq seçilir. Hazırda ölkəmizdə 201 muzey fəaliyyət göstərir, bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev və 52-si Heydər Əliyev muzeyidir. Ölkəmizdə ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəki şəhərində fəaliyyətə başlayıb.

Həmsöhbətimiz Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirdi ki, bu gün muzeylər sosial-mədəni qurumlar kimi müxtəlif mədəniyyətlərin nümayəndələri arasında gözəllik hissi aşılayan və tolerantlığı inkişaf etdirən xüsusi mədəni-təhsil mühiti yaratmaqla mühüm missiyanı yerinə yetirirlər:

Muzeyimizin əsas auditoriyası yerli gənclər və orta yaşlı ziyarətçilərdir. Xarici qonaqlar da müntəzəm olaraq ziyarət edirlər, lakin onların payı bir qədər azdır, çox vaxt bu, Azərbaycanın mədəni və tarixi irsinə maraq göstərən yaşlı auditoriyadır. Demək olar ki, hər gün muzeyə bütöv bir siniflə gələn məktəblilər ayrı bir əhəmiyyətli kateqoriyanı təşkil edirlər. Onlar həm ixtisaslaşmış təhsil proqramlarında, həm də mədəniyyət və incəsənət haqqında biliklərin genişləndirilməsinə yönəlmiş interaktiv ekskursiyalarda iştirak edirlər.

-Şirin xanım, son illərdə ən çox marağa səbəb olan kolleksiyalar hansılardır?

Son iki ildə muzey auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirib və ziyarətçilərin sayı sabit olaraq artmaqda davam edir. Biz məktəb yaşına çatmış uşaqlardan, yaşlı insanlara qədər bütün yaş qrupları üçün proqramlar və məzmun yaradaraq, fəaliyyət formalarımızı fəal şəkildə şaxələndiririk. Bunun sayəsində muzey ən müxtəlif ziyarətçi qrupları üçün cəlbedici məkana çevrilib.

Statistikaya görə, 2023-cü ildə muzeyi təxminən 12500 nəfər ziyarət edibsə, 2025-ci ilin əvvəlindən bəri ziyarətçilərin sayı 60 mini keçib. Bu artım əhali ilə ünsiyyətin inkişafı üzrə sistemli iş, eləcə də muzeyin təklif etdiyi formatların müxtəlifliyi ilə bağlıdır.

Azərbaycan Milli İncəsənət Muzeyində həyata keçirilən layihələr ziyarətçi və izləyici auditoriyasına hansı yenilikləri təqdim edir?

– Azərbaycan Milli İncəsənət Muzeyində bir çox fərqli və maraqlı, populyar layihələr həyata keçirilir. Bunlar “Muzeydə kino” – Azərbaycanın görkəmli sənətkarları və mədəniyyət xadimləri haqqında filmlərin həftəsonu nümayişləridir. Daha sonra isə “Muzeydə musiqi” – tematik ekskursiyalarla müşayiət olunan milli, klassik və müasir musiqi konsertləri var. Bu, Azərbaycanda musiqi sənəti və muzey məkanını ortaq mədəni təcrübəyə birləşdirən yeganə proqramdır. “Muzeydə mühazirələr” – mütəxəssislərin incəsənət, tarix və mədəniyyətə həsr olunan həftəlik mühazirələri isə müxtəlif yaş qruplarına yönəlmiş interaktiv dialoq platforması rolunu oynayır. Uşaq proqramları – interaktiv ekskursiyalar, tematik ustad dərsləri, incəsənət terapiyası, inklüziv məşğələlər, kukla teatrı və kölgə teatrına isə “Uşaqlar üçün incəsənətin tarixi” layihəsi – mühazirələr, tematik məşğələlər, viktorinalar, kvest oyunları, beynəlxalq sərgilər əsasında qurulan və uşaqları müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış edən təhsil tədbirləri aiddir.

Xüsusi maraq doğuran sərgilər arasında isə “Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti” ekspozisiyası var. Bura XX əsrin 1960–1980-ci illərində formalaşmış Azərbaycan nonkonformist sənət mühitini əks etdirən, rəssamların fərdi yaradıcılıq axtarışlarını, azad bədii ifadə vasitələrini və dövrün rəsmi estetik çərçivələrindən kənara çıxan sənət nümunələrini təqdim edən geniş ekspozisiyadır.

Bundan əlavə, Xalq rəssamı Cahangir Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” adlı sərgi, “Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” beynəlxalq elmi dəyirmi masa, yəni türk dünyasının müasir təsviri sənətində milli kimlik, qloballaşma və vizual yaddaş mövzularına həsr olunmuş elmi platformalar keçirilib.

Eyni zamanda, Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” beynəlxalq sərgisi, “Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” sərgisi də Bakının tarixi-mədəni transformasiyalarını təsviri sənət vasitəsilə təqdim edən genişmiqyaslı layihə təşkil edilir.

Muzeyin fəaliyyətində müasir incəsənət layihələri də xüsusi yer tutur. Yeni mərkəzi korpusda keçirilən tematik və konseptual sərgilər sosial, estetik və fəlsəfi mövzulara toxunaraq müasir incəsənətin çoxqatlı vizual dilini auditoriyaya çatdırır, sənət və cəmiyyət arasında aktual dialoq mühiti formalaşdırır.

– Bunlar arasında beynəlxalq tədbirlər də varmı?

Muzeyin beynəlxalq mədəni əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Son illərdə müasir özbək miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” sərgisi, Anahuacalli Muzeyinin təqdim etdiyi “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” layihəsi, Belarus Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında təşkil olunmuş “Y. Pen, Y. Kruqer – Belarus peşəkar rəssamlıq məktəbinin baniləri” sərgisi, eləcə də Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin və AMİM-nin birgə kolleksiyası əsasında təşkil olunan “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” beynəlxalq sərgisi muzeydə reallaşdırılmış mühüm beynəlxalq layihələr sırasında yer alıb. Eyni zamanda, türk dünyasının vizual yaddaş və milli kimlik məsələlərinə həsr edilmiş “Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa muzeyin elmi və mədəni platforma kimi fəaliyyətini daha da genişləndirmişdir. Bu layihələr müxtəlif bədii məktəblər və mədəni ənənələr arasında qarşılıqlı dialoqun inkişafına, eyni zamanda Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təqdimatına mühüm töhfə verir.

Müasir texnologiyaların muzeylərdə tətbiqi ziyarətçilərin tarix və incəsənətə marağına necə təsir göstərir?

Son illərdə həm qlobal muzey təcrübəsində, həm də ölkəmizin aparıcı muzeylərində müşahidə olunan yeniliklər var. Dünya muzeyləri ziyarətçilərlə iş istiqamətində rəqəmsal və interaktiv formatları fəal şəkildə inkişaf etdirirlər və ən çox yayılmış yeniliklər arasında virtual turlar və rəqəmsal ekskursiyalar, multimedia instalyasiyaları, interaktiv panellər və sensorlu masalar, genişləndirilmiş və virtual reallıq, rəqəmsal təhsil platformaları və onlayn arxivlər, mobil tətbiqlərdən istifadə etməklə fərdiləşdirilmiş marşrutlar və yeni nəsil audiobələdçilər yer alıblar.

Bu yanaşmalar tədricən Azərbaycanda da tətbiq olunur. Məsələn, Azərbaycan Milli İncəsənət Muzeyində ziyarətləri müxtəlif kateqoriya auditoriya üçün daha cəlbedici və əlçatan edən multimedia və interaktiv həllərdən fəal şəkildə istifadə edilir. Şirin Məlikova vurğulayıb ki, müasir texnologiyalar sərgi qavramasının keyfiyyətini artırmağa və bədii kontekstə daha dərindən dalmanı təmin etməyə imkan verir.

Ləman Təhməz