Xəbərlər

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə edilib

İyunun 11-də “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə müvafiq dövlət qurumlarının, media subyektlərinin, jurnalist təşkilatlarının nümayəndələri, rəqəmsal məzmun yaradıcıları, ekspertlər, həmçinin Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə ərsəyə gələn “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və digər media ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Toplantını giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, qanunvericilik təşəbbüsləri, ilk növbədə, ölkənin hüquqi bazasının zənginləşdirilməsinə və cəmiyyətdə məsuliyyət mexanizmlərinin genişləndirilməsinə xidmət edir. Şura sədri virtual məkanda cəzasızlıq və özbaşınalıq mühitinin informasiya təhlükəsizliyini təhdid etdiyini, həmçinin mənəvi problemlərə yol açaraq ictimai gərginlik formalaşdırdığını vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli qeyd edib ki, sosial platformalardakı qeyri-etik davranışlar xüsusilə uşaqlar üçün ciddi təhlükə mənbəyidir. Dəyişikliklərin əsas məğzi 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməməsi, 16-18 yaşlı yeniyetmələr üçün isə müəyyən məhdudiyyətlərin tətbiqidir. H.Heydərli vurğulayıb ki, qanunvericilik həm valideyn nəzarətini gücləndirməyi, həm də sosial şəbəkə provayderlərini mənfi kontentə görə məsuliyyətə cəlb etməyi hədəfləyir.

Müzakirələrdə çıxış edən “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu qanun layihəsinin aktuallığını xüsusi vurğulayıb. O, sosial media mühitində tənzimləmələrin aparılmasının cəmiyyətin mənəvi dəyərlərinin qorunması və informasiya gigiyenası baxımından müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. S.Ramizoğlu çıxışında sosial mediada maarifləndirici və faydalı məzmun yaradan şəxsləri nümunə göstərərək, tənzimləmələrin məhz belə keyfiyyətli kontentin daha da inkişafına təkan verəcəyini qeyd edib.

“Technote” şirkətinin direktoru, MŞ İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib ki, sözügedən dəyişikliklər hər hansı total qadağa deyil, problemli durumların hüquqi müstəvidə mübahisələndirilməsi üçün zəruri olan “alt baza” rolunu oynayır.

Toplantıda, həmçinin MŞ sədrinin müavini Səadət Məmmədova, “Manset.az” saytının redaktoru Əli Vəliyev, veteran jurnalistlər Aida Eyvazova və Müsəllim Həsənov, “Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, müstəqil jurnalist Sara Əzimova və digər natiqlər çıxış ediblər. İştirakçılar sosial media platformalarının cəmiyyət həyatına real nüfuz etdiyini və mövcud vəziyyətin qanunvericiliklə tənzimlənməsinin vacibliyini qeyd edərək, layihəni yüksək qiymətləndiriblər. Onlar hüquqi tənzimləmə ilə yanaşı, genişmiqyaslı maarifləndirici tədbirlərin də davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

İctimai müzakirə zamanı iştirakçılar arasında dəyişikliklərin tətbiq mexanizmləri və gözlənilən nəticələr ətrafında peşəkar və səmərəli fikir mübadiləsi aparılıb.