Ədəbiyyat Günel Natiqqızı Xəbərlər

“Arif” adını özünə ömür edən şair

Bu gün Xalq şairi Hüseyn Arifin anadan olmasından 102 il ötür.

Ədəbi aləmdə Hüseyn Hüseynzadə imzası ilə tanınan şair 1976-cı ildə oğlu Arifi itirdikdən sonra onun xatirəsini əbədiləşdirmək üçün yaradıcılığını Hüseyn Arif imzası ilə davam etdirib.

Milli-mənəvi dəyərlərimizin hamisi olan şair həm də Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik edərək aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib.

“Fuyuzat.az” olaraq, şairin doğum günü münasibətilə onun poeziya nümunələrindən bir qismini oxucularımıza təqdim edirik:

Kök və budaq

Budaq yavaş-yavaş qalxdı yuxarı,
Gözündə getdikcə dəyişdi aləm.
Arabir boylanıb kökünə sarı
Dedi: “Sən alçaqda, mən yüksəkdəyəm”.

Həyatın öz hökmü, öz qanunu var,
Bu qədər lovğalıq əbəsdir, əbəs.
Bir kökün üstündə yüz budaq yaşar,
Yüz budaq bir kökü saxlaya bilməz.

Sənsən

Qırılan qələmim, yanan kitabım,
Yazısı saralmış varağım sənsən.
Dağılan hasarım, atılan qapım,
Gözümdə qaralan çırağım sənsən.

Sinəmdə dövr edib qopan tufanım,
Üşüyən ürəyim, alışan canım,
Alovdan qovrulan yazıq aranım,
Dumandan ağlayan yaylağım sənsən.

Köməşən ayağım, tutulan dizim,
Saralan yanağım, solan bənizim,
Qar bağlayan yolum, buz tutan izim,
Közü külə dönmüş ocağım sənsən.

Tükənən istəyim, bitən sevincim,
Çəkilən marağım, ötən sevincim.
Tapılan kədərim, itən sevincim,
Gövdədən üzülən budağım sənsən.

Möhnət dalğa-dalğa, qəm axın-axın,
Hüseynin gününə, ayına baxın;
Könlümə həyatda yaxından yaxın,
Ömrümə uzaqdan uzağım sənsən.

Yaxşı ki

Yaxşı ki, qartalın fəsadı yoxdur,
Qayalar zirvədə qana batardı.
Yaxşı ki, dəvənin qanadı yoxdur,
Daxmalar uçulub, damlar yatardı.

Yaxşı ki, bayquşun zil səsi yoxdur,
Səslər boğulardı cılız səsində.
Yaxşı ki, həsrətin tüstüsü yoxdur,
Göz-gözü görməzdi Yer kürəsində

Təqdim etdi: Günel Natiqqızı