Xəbərlər

Milli Məclisin komitə sədri Zahid Oruc MİMTA Fondunun qonağı olub

Milli İrsin Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun ölkənin qabaqcıl ictimai-siyasi xadimləri və mədəniyyət nümayəndələri ilə keçirdiyi görüşlər platforması ardıcıl şəkildə davam edir. Qurumun budəfəki görüşündə parlamentin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc iştirak edib. Görüşün əsas qayəsini Fondla işgüzar əməkdaşlığın dərinləşdirilməsi və bu müstəvidə birgə fəaliyyət perspektivləri təşkil edib.

“Füyuzat”ın məlumatına görə, görüş əsnasında təşkilatın rəhbərliyi qonağa fondun ideoloji strategiyası, həmçinin tarixi irsin təbliği sahəsində həyata keçirilən mühüm işlər barədə ətraflı məlumat verib. Tədbirdə xüsusilə “MİMTA Yayımları” xətti ilə Azərbaycanın publisistika və ictimai fikir tarixində mühüm mərhələ yaratmış “Füyuzat” və “İşıq” jurnallarının tarixi missiyasının bərpası layihəsi diqqətə çatdırılıb. Əsrlik ənənəyə malik bu mətbuat orqanlarının yenidən nəşrinin milli şüurun güclənməsindəki rolu vurğulanıb, eyni zamanda klassik maarifçilik məktəbinin müasir internet və media resurslarına inteqrasiyası yolları nəzərdən keçirilib.

Müzakirələr zamanı dövlətin yürütdüyü ideoloji-mədəni kursun uğurla icra olunmasında vətəndaş cəmiyyəti təsisatlarının və müstəqil institutların rolu geniş təhlil edilib. Millət vəkili Zahid Oruc fondun milli yaddaşın mühafizəsi və mənəvi mühitin zənginləşməsi istiqamətindəki fəaliyyətinə yüksək dəyər verib. Komitə sədri qurumun ədəbi-maarifçi layihələrinin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək kollektivin gələcək hədəflərinə uğurlar arzulayıb.