Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Protokolu imzalanıb.
“Füyuzat” xəbər verir ki, protokolu TÜRKPA-nın Baş katibi Ramil Həsən və QTSŞ-nin Prezidenti Ahmed Bin Mohammad Al-Jarwan imzalayıblar.
TÜRKPA Beynəlxalq Katibliyində keçirilən imzalama mərasimində çıxış edən Baş katib Qlobal Tolerantlıq və Sülh Şurası ilə münasibətlərə yüksək dəyər verdiyini bildirib. O, dostluğun, qarşılıqlı əməkdaşlığın, sülhün və əmin-amanlığın təşviqinə xidmət edən QTSŞ-nin bu günədək dünyanın 40-dan çox parlamenti və beynəlxalq təşkilatı ilə Niyyət Protokolu imzaladığını qeyd edib.
Baş katib vurğulayıb ki, parlament diplomatiyasının mühüm istiqamətlərindən biri olan beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafı baxımından bu sənəd faydalı və nümunəvi bir əməkdaşlıq modeli təşkil edir.
Birgə beynəlxalq konfransların təşkili və müxtəlif beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin vacibliyinə diqqət çəkən cənab Ahmed Bin Mohammad Al-Jarwan, imzalanmış sənədin TÜRKPA ilə münasibətlərin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Ramil Həsən isə bildirib ki, Niyyət Protokolu tərəflər arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə, regionda və dünyada sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsinə xidmət edən birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcək.



