Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres iyunun 30-da öz işini davam etdirir.
“Füyuzat” xəbər verir ki, tədbirin ikinci günü iştirakçılar əvvəlcə İsmailiyyə binası ilə tanış olublar. Qeyd olunub ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi İsmailiyyə sarayı Venesiya sarayları klassikasının təcəssümüdür və 1430-cu ildə tikilmiş məşhur “Qızıl saray”ı (Ca d’oro) təkrar edir. Sarayın bünövrəsi 1908-ci ilin sonunda Nikolayev küçəsində qoyulub, 1913-cü ildə isə sarayın açılışı olub. Müsəlman Xeyriyyə Cəmiyyətinin yığıncağı, habelə müsəlman qadınların, Bakı ziyalılarının və digər cəmiyyətlərin görüşləri bu binada keçirilib.
Sonra “Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” mövzusunda panel iclası başlayıb. Açılışda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu il Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300 nəfərdən çox qonaq iştirak edib.
Panelə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli moderatorluq edib. Paneldə Qırğız Respublikası Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdilacan Axmataliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi Qətibə Quliyeva, Qırğızıstan–Türkiyə Manas Universitetinin Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin direktoru professor Süleyman Barbaros Yalçın, Ardahan Universitetinin rektoru professor Öztürk Emiroğlu, həmçinin Beynəlxalq Vizyon Universitetinin Balkan Araşdırmaları İnstitutunun dosenti Atilla Yorma Tapaninin çıxış ediblər. Paneldə Türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq elmi tədqiqatların təşviqi, dil, tarix və mədəni irsin qorunması, həmçinin beynəlxalq akademik əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.
Konqres çərçivəsində türkoloji elminin aktual istiqamətləri, ortaq elmi irsin araşdırılması və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.



