Xəbərlər

İyulda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

İyulun 1-30-da Gədəbəydə, Qusarda, Cəlilabadda, Ağdaşda, Qaxda, Mərdəkanda və Xırdalanda, iyulun 1-14-də Saatlıda, iyulun 1-15-də Naftalanda, iyulun 17-30-da Neftçalada, iyulun 20-23-də Xankəndidə, iyulun 27-30-da Laçında vətəndaşlara səyyar xidmət göstəriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Gədəbəydə, Neftçalada, Xankəndidə və Laçında fəaliyyət göstərəcək Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.