Xəbərlər

Qarabağ “Türk Dünyası Həftəsi”nin beynəlxalq qonaqlarını qarşılayır

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” davam edir.

“Füyuzat”  xəbər verir ki, “Türk Dünyası Həftəsi” çərçivəsində təşkil olunan tədbirlər paytaxt Bakı ilə yanaşı, işğaldan azad olunmuş və bərpa-quruculuq işlərinin davam etdiyi Şuşa, Ağdam və Xankəndi şəhərlərini də əhatə edir.

Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilən tədbirlərdə türk respublikaları da daxil olmaqla, ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzləri təmsil edən 130-dək türkoloq-alim, eləcə də beynəlxalq türk təşkilatlarının nümayəndələri iştirak edirlər.

Həftə çərçivəsində iyulun 1-də Qarabağa səfər edən iştirakçılar əvvəlcə Şuşa şəhəri ilə tanış olacaqlar.

Daha sonra Ağdam Muğam Mərkəzində Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında “İblis” tamaşasını izləyəcək, həmçinin “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edəcəklər.

İyulun 2-də isə Xankəndi şəhərindəki Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda elmi konfrans keçiriləcək.

Tədbir iştirakçıları üçün Xankəndi şəhərinə tanışlıq turu da təşkil olunacaq.