Orxan Vəliyev Xəbərlər

Türk Dövlətləri Təşkilatı və milli birlik

Türk dünyası məfhumu OrxonYenisey sahillərindən Balkanlara qədər Avrasiyanın geniş bir coğrafiyasında tariximədəni miras üzərində modern mədəniyyətin inşasının təşəbbüsü olaraq ortaya çıxmışdır. Bu təşəbbüs ilk dəfə İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Akçura kimi aydınlar tərəfindən irəli sürülmüşdür. Ancaq Türk dünyası modernizmin astanasında müstəmləkə altında qaldığından türklərin birlik fikri gerçəkləşmədən tarixə qovuşmuşdur. Daha doğrusu, bu millətlər dövlət qurarkən çarlıq Rusiyasının müstəmləkə reallığı ilə üzləşməkdə idi. Tək müstəqil dövlət olan Osmanlı isə mövcudluğunu qorumaq üçün mübarizə aparmalı oldu. Ümumiyyətlə isə türk birliyi fikrinin mümkün olması üçün ayrı-ayrı müstəqil və suveren dövlətlərin varlığı zəruridir. Müqayisə üçün Avropa Birliyini götürsək, o, ayrıayrılıqda öz ərazilərində suverenliklərini təmin etmiş dövlətlər tərəfindən qurulmuşdur.

Ardınca 70 illik SSRİ hakimiyyəti Türk dünyasının üzərinə dəmir pərdə kimi çökdü. Ancaq əsrin sonunda SSRİnin dağılması ilə yeni bir ümid doğmuş oldu. Bu çərçivədə Aralıq dənizindən Çin dənizinə şüarı ilə başlayan siyasət ilk türk refleksi olaraq tarixə keçdi.

Türk dünyasına dair ilk ciddi addım 2009cu ildə Naxçıvanda imzalanan və Türk Dövlətləri Təşkilatının qurucu sənədi olaraq qəbul edilən Naxçıvan anlaşması ilə atılmış oldu. Naxçıvan sənədi XXI əsrin başlanmasını şərtləndirən 2007–2008 maliyyə böhranından sonra verilmiş bir qərar kimi qəbul edilə bilər. Türk Dövlətləri Təşkilatı isə Qarabağda Azərbaycanın əldə etdiyi tarixi zəfərdən də güc alaraq yeni qurulmaqda olan nizama qarşı üçüncü türk refleksi olaraq qəbul edilə bilər. Bu təşkilatlanma hərbi, siyasi, maliyyə, texnologiya kimi əsas məsələləri özündə ehtiva edib müxtəlif fəaliyyətlərə yön verir. II Qarabağ müharibəsində əldə edilən zəfərdən sonra Şuşada imzalanan “Şuşa” və “Qarabağ” bəyannamələrini də Qaspıralının “Tərcüman”ında ideya təki ortaya çıxan Türk aləminin birliyi kimi dəyərləndirmək olar. Yaxın vaxtda qəbul edilən “Ortaq türk əlifbası” isə bu prosesin növbəti addımı kimi qəbul edilə bilər. Məqaləmizdə bu səpkidə kimlik məsələsindən bəhs etmək istərdik.

Türk dünyası, Türk Dövlətləri Təşkilatı ilə bağlı rasional olmaq lazımdır. Çünki TDT iqtisadi məsələlər başda olmaqla, xüsusilə təşkilata üzv Orta Asiya respublikalarının gündəliyində birinci sırada durmur. Bu isə anlaşılandır, ona görə ki gənc və təhdidlər qarşısında müdafiəsiz olan türk respublikaları iqtisadi, siyasi, hərbi və texnoloji olaraq dəstək ala biləcəkləri güclərlə tərəfdaşlığı prioritet olaraq qəbul etməyə daha çox meyil edirlər. Beləliklə, qlobal siyasi böhran çağında TDTnin güclənməsi, təşkilatlanıb institutlaşdırılması türk dövlətlərinin suverenliyi üçün bir zərurətdir. Çünki dünya milli dövlətlərin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qlobal problemlərin artdığı bir mərhələyə daxil olmuşdur.

Modern dünyanin inşası

Coğrafiyaya, yəni məkana dair bütün yanaşmalar əski yunan düşüncəsindən bu günə qədər “biz” (mədənilər) və “onlar” (barbarlar) şəklində ayrılıb. Yunanlar üçün mədəni olanlar ellin, olmayanlar isə barbar idi. Modern siyasi yanaşma bunu belə izah edir: torpaq üzərində hakimiyyətini inşa edə bilməyən xalqın mövcudluğu sadəcə bioloji səviyyədə qalacaq və “barbarlıq” isə qaçılmaz bir aqibət olacaqdır. İngilislərlə rəqabətdə geri qalmağı qəbul edə bilməyib özünü “Böyük Millət” (La Grande Nation) adlandıran modern Fransanın müstəmləkələrdə “mədəniləşdirmə” siyasəti adı altında törətdikləri haqqında ciddi elmi və bədii ədəbiyyat formalaşmışdır. Buradan anlaşıldığı kimi, torpaq (məkan) üzərində siyasi hakimiyyət mədəni varlıq üçün şərtdir, eləcə də türk xalqları üçün dövlət olmadan bir kimlik inşasının mümkün olmadığını deyə bilərik. Çar Rusiyası dövründə türk xalqlarının çarlığın siyasətinə uyğun şəkildə tatar, kazak və s. müstəmləkə kimliklərinin türk xalqlarının varlığına zidd formada adlandırıldığını bilirik. Hətta Sovet dövründəki azərbaycanlı kimliyi ilə Şuşanı, Xankəndini azad edib tam təşəkküllü suveren dövlətə çevrilən müstəqil Azərbaycanın azərbaycanlı kimliyi belə fərqlidir. Qısası, dünya çəpərlənərək suveren dövlətlər kontekstində yenidən formalaşarkən türk xalqlarının bir çoxu müstəmləkə təcrübəsini yaşamalı oldu.

Mədəniyyətlər üçün məkan bineyi­qədimdən müqəddəsliyin simvolu olmuşdur. Siyasət də narrativini bu dəyərlər çərçivəsində inşa etmişdir. Bu mənada modern Qərb mədəniyyəti “müqəddəs mənbə”yini yunan mədəniyyətində tapmışdır. Modern və kapitalist iqtisadi quruluşda mədəniyyəti inşa edən fəlsəfi mətnlərin axtarışı, əsasən, yunan mədəniyyəti mərkəzə alınaraq aparılmışdır. Belə ki, Kant daxil olmaqla modern Qərbin bir çox filosoflarının mətnlərində yunan irsindən işarələr görmək mümkündür. Digər tərəfdən modern fundamental elmlərin metodu ilə yaradılan sosial elmlərin termin, anlayış bazası da, əsasən, qədim yunan və latın dilindən istifadə edilərək formalaşdırılmışdır. Keçmişinə, bu gününə və gələcəyinə dair elmi bir açıqlamaya ehtiyacı olan xalqlar avrosentrik metodu isitfadə etməli olmuşlar.

Qədim türklərdə də həmçinin məkanın mifoloji müqəddəsliyi xüsusi əhəmiyyət daşımışdır. Ancaq həm Avrasiyanın müxtəlif coğrafiyalarına yayıldıqlarından, həm də modern siyasi, iqtisadi quruluşu, əsasən, müstəmləkə şəraitində təcrübə etdiklərindən onlar üçün müqəddəs yer olan Tanrı dağını qüdsi məkana çevirmək mümkün olmamışdır. Bu məsələ ilə bağlı təşəbbüslər isə, əsasən, intellektual yönü əskik və ya zəif olduğu üçün ideoloji mərhələdən o tərəfə keçə bilməmişdir. Bununla belə, modern türk mətnlərində, şeirlərində Tanrı dağı metaforunun yersiz, əsassız olmadığını ifadə etmək lazımdır.

Modern dünya kəşf (coğrafiyanın) və ixtira (coğrafiyanı öyrənmək və kapitalizmin ixtiyarına vermək üçün lazım olan alətlərin yaradılması) anlayışları çərçivəsində formalaşdırıldı. Modern dünyanın yaradılmasındakı əsas alət olan elmin yeni müşahidə, eksperiment və ölçmə metodu vasitəsilə torpaq üzərindəki insan daxil olmaqla təzədən yeni biliyin metoduyla qiymətləndirilib formalaşdırıldı. Orta əsrlərdə Tanrıya aid olan və toxunulmaz, müqəddəs statuslu bilik tədricən kapitalist iqtisadi münasibətlərin tələbinə uyğunlaşdırılaraq “hər kəs” üçün əlçatan olmağa başladı. Siyasi quruluşun mövcudluğu üçün həlledici rol oynayacaq insanın kimliyi də yeni forma qazandı. Bu çərçivədə milli kimliklər modern kapitalist cəmiyyətlər üçün qaçılmaz idi. Artıq torpaq üzərində hakim (suveren) olub hökm (qanun) vermək millətlər vasitəsilə mümkün olmağa başladı. Belə ki, millətlər modern siyasi təşkilatlanmanın mərkəzi prinsipinə çevrildi.

Xülasə, idarəetmə mifoloji müqəddəslik və dini universalizmin müqəddəsliyi mərhələsindən sonra modern kapitalist mərhələyə daxil olmuşdur. XVI əsrdən etibarən isə “kimin adına idarəetmənin” cavabı tamamilə dəyişmiş və modern dövlət təşəkkül etməyə başlamışdır. Çəpərləmələr bu prosesin başlanğıcı kimi qəbul edilə bilər. Bu dəyişikliyin təməlində torpağa olan müqəddəs yanaşmanın sekulyar prinsiplər çərçivəsində yenidən formalaşdırılması dayandı. Torpaq çəpərlənərək suverenlik çərçivəsində modern vətən anlayışı formalaşdırıldı. Digər tərəfdən torpağın siyasi mahiyyətindəki dəyişiklik insana olan yanaşmada da dəyişikliyə səbəb oldu. Qısası, torpaq (vətən) və insan (əhali) modern prinsiplə təkrar dəyərləndirilib formalaşdırıldı. Bu öz növbəsində yeni bir kimlik inşasını da zəruri etmişdir.

Modern hüquq da sekulyar prinsiplərlə yeni məna yüklənən torpaq və insanın hərəkətini müəyyən etdi. Qısaca, dünyəvi hüquqla idarə olunan bir nizam torpaq və insanın daha aparıcı olacağı kontekstdə inşa edilmiş oldu. Kapitalizmin istehsala söykənən iqtisadi modeli torpağa (məkana) bağlı insan modelinin (kimliyinin) yaradılmasında maraqlı idi. İqtidarların torpaq üzərindəki hakim gücünü Tanrı əvəzinə dünyəvi hüquqdan (millətdən) almağa başladığı bir nizam quruldu. Nəhayət, modern kimlik insanın “dünya ilə kainat arasında cənnət ümidi ilə yaşayan kimliyini tərk edib iqtisadi haqları (yəni dünyəvi rifahı) təmin edilən təbiətin bərabərhüquqlu varlığına çevrildi”.

Nəticədə modern dünya teokratik siyasət, tarix, mədəniyyət, insan anlayışından sekulyar və milli mərhələyə keçərkən üç millətin mübarizəsi nəticəsində inşa edildi: ingilis, fransız və alman. Belə ki, millətşünaslıq tədqiqatında millətlərin təsnifatı ingilis, fransız və alman modeli çərçivəsində təsnif edilir. Xüsusilə XIX əsr modern sekulyar və milli prinsiplərin institutlaşması nöqteyi-nəzərindən son dərəcə əhəmiyyətli idi. Belə ki, modern dünyada siyasi təmsil kapitalizmin də təsiri ilə millətlər kontekstində cərəyan etmiş, milli kimliklər modern kapitalist prinsiplərin hakim olduğu dünyada “mədəni” olanlar arasında varlığın əsas şərtlərindən hesab edilmişdir.

Modernizm və türk aləmində kimlik axtarışı

Modern kimliklər müəyyən sərhədlər çərçivəsində siyasi hakimiyyətlərini bərqərar etmiş xalqlar üçün dövlət əliylə formalaşdırılmışdır. Milli siyasi şüurun yaranması üçün suveren milli dövlətin varlığı zəruri olmaya bilər. Bununla belə, Şimali İraqdakı kürd muxtar bölgəsinin nümunəsindən bilindiyi kimi, siyasi təşkilatlanma milli şüurun formalaşması üçün zərurətdir. Belə ki, millət olmaq üçün tarixi hadisələrin qeydə alınması, milli dilin öyrədilməsi kimi ancaq dövlət və ya dövlətəbənzər siyasi təşkilatlanmanın öhdəsindən gələ biləcəyi bir varlığa ehtiyac var. Yəni modern milli kimliklər üçün məkana hakim olmaq, məkanda suverenliyini inşa edəcək bir dövlətə ehtiyac vardır. Ancaq modern dövlətlər sistemini inşa edən Vestfaliya anlaşması türklər üçün parçalanma və müstəmləkə olaraq təşəkkül etmiş oldu. Beləliklə, türk xalqları modern dövlətlər sisteminin kandarında qaldılar. Yəni türk xalqları yaşadıqları torpaqlarda hakim (suveren) olub hökm verəcək dövlətdən məhrum oldular. Bu isə öz növbəsində kimlik inşasının yarımçıq qalmasına səbəb oldu. XX əsrdən etibarən bu sistemə daxil olmaq imkanı qazandılar. Əvvəlcə Azərbaycan Cümhuriyyəti buna təşəbbüs etsə də, Türkiyə Cümhuriyyəti modern dövlətlər sisteminə daxil olan ilk türk dövləti olmuşdur.

Türklər orta əsrlərdə özbək, Azərbaycan, Anadolu türkləri və digərlərinin qurduğu nizamı (Osmanlı istisna olmaqla) davam etdirib modern formasını inşa etməyə nail ola bilmədilər. Osmanlı Karlovitsa və Kiçik Qaynarca ilə dövlətlər sistemindəki üstünlüyünü itirməyə başladı. Azərbaycan isə Kürəkçay, Gülüstan və Türkmənçay anlaşmaları ilə hakimi olduğu coğrafiyalardan geri çəkilməyə məcbur qaldı. Beləliklə, İstanbul və Bakı Balkan, Yaxın Şərq, Qafqaz, İrəvan, Təbriz, Dərbənddən köç alan bir mərkəzə çevrildi. Türklərin modern kimlik inşası təcrübəsi belə başlamış oldu.

Türklərin yaşadığı coğrafiya modern sistemin inşası ərəfəsində yerli dövlətlərin ya tənəzzül edib müstəmləkə altına düşməsi (post-səfəvi), ya da Osmanlının dağılması ilə yerinə yeni və məzmunca daha dar, lokal bir kimliyin, kiçik tarix anlayışının ortaya çıxması ilə formalaşdırıldı. Türkiyə Respublikası ilk tarix yazımını Anadolunun xaricinə çıxmadan aparmışdır. Belə demək mümkündürsə, Türkiyə Respublikası tarix institutu və Sovet Azərbaycanı tarix institutunun tarix yazımı arasında oxşarlıq mövcud olmuşdur. Həm Sovet Azərbaycanında, həm də Türkiyədə milli kimliyin ana elementi olan tarix coğrafiya konteksində yazılmışdır. (Daha doğrusu, yaşadıqları coğrafiyanın xaricinə çıxmadan.) Bu məqsədlə türk tarix institutuna görə, türklük sadəcə Anadolu ilə məhdudlaşdırılmışdır. Hətta cümhuriyyətdən əvvəl mövcud olmuş Osmanlı başda olmaqla keçmiş siyasi sifarişin kandarında qalmışdır. Belə olan halda Anadoluda yaşamış bütün qədim mədəniyyətlərin türk olması bir zərurət idi. Necə ki Azərbaycanda hökm sürmüş qədim dövlətlər Azərbaycan tarixinin bir parçası kimi qəbul edilmişdir. Halbuki türklərin məskən tutduqları Anadoluda tam təşəkküllü hakimiyyətin (suverenlik) yolu tarixi səlcuqlular, bəyliklər, osmanlı və cümhuriyyət xətti ilə oxumaqdan keçir.

Beləliklə, bir bütövlük altında birləşən coğrafiyada müxtəlif lokal kimliklər inşa edildi. Beləliklə, Azərbaycanda və Anadoluda keçmişin tarixi xəttini mənimsəyə bilməyən lokal kimliklər inşa edildi. Misal üçün, Azərbaycan tarixi sovet tarixşünaslığının siyasi və sosial diktəsi ilə homo-sovieticusun inşasına uyğun şəkildə yazıldı. Belə olan halda forma eyni olsa da, mahiyyət etibarilə bu günün azərbaycanlı kimliyi SSRİ-nin eyni kimliyindən tarixə yanaşma etibarilə fərqlənməkdədir. İlkin olaraq çar Rusiyası hakimiyyətində yaşayan türk aydınlardan, daha sonra isə Osmanlıdan intellektual refleks ortaya çıxmışdır. Modern kimliyin inşasında çap kapitalizminin, yəni qəzet və romanın əhəmiyyəti nəzərə alındıqda İsmayıl Qaspıralının Krımdan “Tərcüman” vasitəsilə göstərdiyi refleks türklərin “dildə, fikirdə, işdə birlik” və kimlik təşəbbüsünün başlanğıcı kimi qəbul edilə bilər. Ancaq türklərin birliyi, kimlik inşası XX əsrdə, əsasən, ideya kimi qalmışdır. Çünki Azərbaycan və Orta Asiya dövlətləri müstəqil olmadıqları kimi, uzunçəkən müharibədə bütün resurslarını bitirmiş, Türkiyənin isə gücü məhdud qalmışdır.

Türk dünyası anlayışının əhəmiyyətindən danışan və bu çərçivədə mətnlər yazan ilk mütəfəkkirlər bu dildə danışan və ya eyni soydan olub Avrasiyanın fiziki olaraq ayrı düşmüş xalqlarını birləşdirmək üçün türklük, Türk dünyası anlayışını istifadə etmişdilər. Əli bəy Hüseynzadənin “Füyuzat”dakı təşəbbüsü məhz bu səpkidə qəbul edilə bilər. Əhməd bəy Ağaoğlu isə ötən əsrin əvvəlində, Türkiyə Respublikasının elanından qısa müddət sonra yazdığı “Türk aləmi” məqalələrində türklərin o dövrün aparıcı millətlərindən geridə qaldığını ifadə edir. Geridə qalmağın siyasi nəticəsi isə məskən tutduqları torpaq üzərində, əsasən, təhəkkümə (müstəmləkə) boyun əyməyə məcbur qalmaları olmuşdur. Həmin mətnlərin oxşar xüsusiyyəti vahid axtarışa fokuslanmış olmasındadır. Belə ki, Ağaoğlu intellektual fəaliyyəti müddətində özünü tapmaq üçün müxtəlif metodlardan istifadə etmişdir. Bu gün isə türkdilli və ya türksoylu xalqlar keçmişlə müqayisədə daha yaxşı vəziyyətdədirlər. Belə ki, müstəqil türk dövlətlərinin sayı artıb ki, bu, son dərəcə əhəmiyyətli məsələdir. Bu öz növbəsində tarixə dair yeni bir yanaşmanı mümkün edən siyasətin ortaya çıxmasına da imkan yaratmışdır.

Türklərin bir qismi, yaxud tarixçilərin qənaətlərinə görə, türklərin kökü Avrasiyanın uzaq şərqində – Orxon-Yenisey sahillərində təşəkkül etmişdir. Bir müddətdən bəridir ki, Türkiyədən olan alimlərin üstünlük təşkil etdiyi tədqiqatçılar Avrasiyada bir türk mədəniyyətinin izləri üçün araşdırmalar aparırlar. Orxon-Yenisey coğrafiyası bu mənada tarixçilərin tədqiqatı üçün əsas məkandır. Çünki türklərin tarix səhnəsindəki siyasi varlığına dair ilkin mənbə məhz Orxon-Yenisey sahillərində tapılmışdır. Türklərin yaşadığı müsəlman Şərqindəki siyasi, hüquqi dəyişiklik müsəlmanlığın ənənəvi islama qədərki türk toplum kimliyini dəyişdirmişdir. Bu anlayış Səlcuqlu, Osmanlı, Səfəvi konteksində isə XIX əsrə qədər institutlaşaraq davam etmişdir.

Türkiyə Cümhuriyyəti sadəcə Anadoludakı türklərin deyil, əsasən, Osmanlı dövründə Balkanlara köçürülmüş türklər və çar Rusiyasından Osmanlıya hicrət etmiş türk aydınların töhfəsi ilə qurulmuşdur. Daha doğrusu, ordunun qurduğu dövləti sonradan, əsasən, Rusiyadan köçmüş aydınların da iştirakı ilə türk mədəniyyəti rəhbər tutularaq inşa edilmişdir. Belə ki, modernizasiya, millət inşası üçün qədim türk anlayış və terminlərinə müraciət edilərək modern dövrün prinsiplərinə uyğun sekulyar cəmiyyət formalaşdırılmışdır. Müqayisə üçün ulus anlayışına bu çərçivədə baxmaq lazımdır. Avropada latın dilindən miras qalan “natio” anlayışını modernləşdirərək sekulyar cəmiyyətdəki birliyi ifadə etmək üçün istifadə etdilər. Türklər isə “ulus” anlayışını istifadə etməyə başladılar. Məlum ulus termini qədim türklərin istifadə etdiyi, islam təcrübəsindən sonra istifadə olunmayan bir termin olmuşdur. Bu sadəcə Türkiyədə mümkün oldu. Xüsusilə Orta Asiya türkləri qədim anlayışlar ilə islam anlayışları arasında modernizasiya olmadan uzun müddət yaşadılar. Son təhlildə Anadolu istisna olmaqla türklərin modern dünyaya dövlətsiz inteqrasiyası həm daxili milli kimlik inşasını, həm də Türk dünyasının formalaşdırılmasını ləngitmişdir. Belə ki, türklərin modern kimlik axtarışı Türkiyədə cəmləşmiş və çarlıq Rusiyasının müstəmləkəsi altında olan Türk dünyasının müxtəlif yerlərindən gəlmiş intellektuallar yeni dövlətin inşasında məhz türklük və modern dünyanın yeni prinsipləri devizi ilə töhfə vermişlər. Bu mənada XX əsrin birinci yarısı bitdikdə siyasi və hüquqi baxımdan türklər üçün əldə sadəcə Türkiyə qaldı. Bununla belə, Türkiyə tarix yazımını bütün türkləri ehtiva edəcək forma və mahiyyətdə yazmaq imkan (hökm) və qabiliyyətindən (hakim) məhrum qalmışdır.

Türk dünyasında tarix məsələsi

Tarix müəyyən bir məkanla bağlı olan milli kimlik inşasının əsas instrumentidir. Daha doğrusu, siyasət institutu məkanda məskən tutmuş xalq üçün kimlik inşa edərkən məhz tarixə müraciət edir. Modern dünyada “yeni siyasət” olaraq ortaya çıxan millətçiliyin özünü reallaşdırmaq üçün məhz tarixə ehtiyacı var. O səbəblə Şuşa başda olmaqla Azərbaycan torpaqlarını işğal edən Ermənistan, yaxud separatçılar ilkin olaraq azərbaycanlıların Qarabağda, yəni məkanda olan keçmişi, izi, kimliyi olan abidələri təxrib etməyə başladılar. Çünki maddi əsərlər bir millətin məskən tutduğu həmin məkanda kimliyini təkrar istehsal edib gələcəyə ötürməsinin dayaq nöqtəsidir.

Əli bəy Hüseynzadənin məşhur “Türklər kimdir və kimlərdən ibarətdir?” məqalələr seriyasında bu millətin tarixdəki izləri o dövr üçün yeni kəşf olan Orxon-Yenisey xəttindən başlayaraq XX əsrə qədər davam etmişdir. Məqsəd unutdurulan keçmişin xatırlanması idi! Çünki azərbaycanlılar modern və milli dövlətlər dövründə özünəməxsus bir kimlik inşası üçün ortaq mirasçısı olduğu Türk dünyasına dair keçmişlə bağlı məlumatlı olmalı idi.

Necə ki Avropa modern kimliyini yunan mədəniyyətini, anlayışlarını təkrar nəzərdən keçirərək qurmuşdur. Modern cəmiyyətlərin və kimliklərin inşasında aparıcı rol oynayan tarix keçmişin modern şərhindən ibarətdir. Tarixin keçmişə dair şərhi isə dövlət və cəmiyyətdən gələn sifariş əsasında gerkçəkləşir. Bu fəaliyyətin mümkün olması isə müstəqil bir siyasəti, yəni dövləti şərtləndirir. Bu mənada Əli bəy Hüseynzadənin “Füyuzat” jurnalındakı tarix yorumu Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadə və müstəqillikdən sonra müasir Azərbaycanın formalaşmasında böyük rolu olan Heydər Əliyev tərəfindən Azərbaycan kimliyi konteksində istifadə edilmişdir. Azərbaycanın yaşadığı təcrübəni digər türk xalqları da bu və ya digər şəkildə təcrübə etmişdir. Beləliklə, türklər üçün əsas olan dövlətdir!

Bu çərçivədə Türk dünyasında keçmişə dair hafizəsini mühafizə edə bilmiş və köçəri varlığını bir mədəniyyət kontekstində oturtmuş üç mərkəz mövcuddur:

Səmərqənd

Bakı

İstanbul

Bu mərkəzlər müstəqil olan dövlətlər konteksində nəzərdən keçirilmişdir. Buna əlavə olaraq Kazan, Təbriz kimi hazırda türklərin yaşadığı, lakin Rusiya Federasiyası, İran kimi dövlətlərin sərhədləri daxilində olan mərkəzlər də var. Digər tərəfdən Qazaxıstan və Qırğızıstanın refleksi isə daha çox köçəri xarakter daşıyır. Qazaxıstanda təşkil edilən Etnospor oyunlarının açılışındakı xoreoqrafiya, əsasən, köçəri izlərlə qurulan bağları əks etdirirdi. Bununla bərabər, Qazaxıstan Respublikasının keçmiş və qurucu dövlət başçısı Nursultan Nazarbayev bu problemin ortadan qaldırılması məqsədilə ciddi işlər görmüşdür. Bu məqsədlə türk mifologiyasından və xanlıq keçmişindən istifadəyə üstünlük verilmişdir. Bu siyasətin nəticəsidir ki, Qazaxıstanda qədim türk simvollarını gündəlik həyatda müşahidə etmək daha çox mümkündür. Çünki qazaxlar bu prosesə yeni başladılar və türklük müstəqil və oturaq kimlik üçün sığınaq rolunu oynayır.

Türk dünyasında siyasət qurumunun kimlik inşasında istifadə etdiyi əsas ins­trument olan tarixə dair yanaşmadakı qeyri-­müəyyənliyi ortadan qaldırmaq lazımdır. Belə ki, türk filosofu, professor İhsan Fazlıoğlu tarix-məkan-yaddaş çərçivəsində yazdığı məqalədə türk milləti anlayışının mahiyyətini, məfhumunu Böyük Səlcuqlu-Anadolu SəlcuqluOsmanlıCümhuriyyət xətti ilə açıqlayır (Fazlıoğlu İhsan. “Kendini bulmak”, İstanbul: Papersense Yayınları, 2015, s. 220). Azərbaycan konteksində isə keçmişə dair tarix yazımı Səlcuqlu, Atabəy, Səfəvi izlərini özündə ehtiva etməlidir ki, torpaqda məskən tutan xalq hakim olub hökm vermək iqtidarında olsun. Bu məqsədlə ana məsələ olan türklük türk dövlətlərinin kimlik inşasında, əslində, məskən tutduqları torpaqda hakim olmaq prosesində aparıcı məsələ olmalıdır. Digər tərəfdən ortaq keçmişlə yanaşı, hər türk dövlətinin mövcud olduğu məkanda fərqli, özünəməxsus keçmişi də mövcuddur. Ortaqlıq və özünəməxsusluqlar siyasi diskursda düzgün müəyyən edilməlidir. Yəni türk dövləti olan Azərbaycan daxildə özünəməxsus milli kimlik (tarix, dil, iqtisadiyyat və s.) inşa edərək ortaq türk mədəniyyətinin inşasında keyfiyyətli töhfə verə bilər.

Türk dövlətləri təşkilatı:

Türk refleksi

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Türk dövlətləri 2007–2008 maliyyə böhranından dərhal sonra Naxçıvanda ilkin anlaşmanı əldə etmişdilər. Ancaq həm Azərbaycanın zəfəri, həm də regional və qlobal səviyyədə Avrasiyada baş göstərən münaqişələr TDT-ni yaratmağı şərtləndirmişdir. Belə ki, modernizm cəmiyyət anlayışı ilə ərazidə (ölkə) yaşayan hər kəsin eyniliyini, bərabərliyini təmin etmişdir. Bunun üçün vətəndaşlıq və millətə üzvlük anlayışı prioritet qəbul edilmiş və bütün vətəndaşlar artıq biliyi, məlumatı oxuyaraq, yəni çap kapitalizmi (qəzet, roman) vasitəsilə əldə etməyə başladılar. Klassik istehsal kapitalizmi də bu durumu şərtləndirmişdir. Halbuki bu gün həm kapitalizmin formu, həm də dünyanın sosial-iqtisadi mənzərəsi dəyişmişdir. Artıq birinci (mexanikləşmə) və ikinci (kütləvi istehsal) sənaye inqilabının məhsulu olan anlayış və nəzəriyyələrlə inşa edilmiş quruluşun davam etdirilməsi üçüncü (avtomatlaşma) və dördüncü (robotlaşma) sənaye inqilabı mərhələsində mümkün görünmür. Torpağa olan iqtisadi, siyasi münasibət transformasiya olunur. İqtisadi və hərbi, texnoloji əməkdaşlığı əsas tutan regional birliklər qaçılmaz olur. Belə olan halda milli kimlik anlayışının da yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranır. Türk Dövlətləri Təşkilatına və “Türklük” anlayışına bu çərçivədə baxmaq lazımdır. “Türklük” romantik bir refleksdən daha çox türk dövlətlərinin dəyişən dünyada ortaq refleksi olaraq görülməlidir. Siyasət institutu tərəfindən istifadə edilən “Turk Time” ifadəsi (2023-cü ildə təşkilatın Astana sammitində istifadə edilmişdir) həmin ehtiyaca və yaranmış vəziyyətə refleks kimi qəbul edilə bilər.

Məlum modern kimlik anlayışı hər kəsin eyniliyinə, bərabərliyinə işarə edən cəmiyyətdən yola çıxaraq formalaşdırılmışdı. Cəmiyyət “ümmət” və “camaat” anlayışlarını əvəz etmiş və sekulyar prinsiplərdə yeni bir quruluş formalaşdırılmışdı. Orta əsrlərdə torpaq və insan ilahi toxunulmazlığa sahib mütləqiyyətin təbəəsi ikən modernizmlə bərabər iqtidar torpaqla məhdudlaşdırıldı, millətlə legitimlik qazandı. Coğrafiya təsəvvürü dəyişmiş oldu. Bugünkü dünyada xüsusilə texnoloji inkişafın siyasi, iqtisadi, hərbi proseslərdəki rolu ilə coğrafiya (məkan) anlayışı yenidən dəyişir. Belə ki, artıq Ferdinand Tönniesin “camaat” və “cəmiyyət” təsnifatı əhəmiyyətini itirmişdir.

Yaranan yeni reallıq milli dövlətləri regio­nal birliklərdə birləşməyə sövq edir. Çünki problemlər artıq milli dövlətlərin sərhədlərini aşmışdır. Türk Dövlətləri Təşkilatı bu mənada qeyri-müəyyənlik və yenidən inşa mərhələsində türk dövlətlərinin ortaq türk refleksi kimi qəbul edilə bilər. Bu məqsədə çatmaq üçün TDT-yə üzv dövlətlərin türklük kontekstində ortaq siyasi, mədəni, iqtisadi anlayışları formalaşdırmaları lazımdır, çünki bu, türk dövlətlərinin həm məskən tutduqları vətəndə, həm də geniş mənada Türk dünyasında hakim olub hökm vermək imkanını təmin edəcəkdir.

Beləliklə, dünya artıq yeni bir mərhələnin, qərarvermə prosesinin astanasındadır. 47-ci ABŞ prezidenti olaraq seçilən Donald Trampın II Dünya müharibəsindən sonra formalaşdırılmış iqtisadi, siyasi düzəni ortadan qaldıracaq qonşu dövlətlərə ərazi iddiası artıq XXI əsrin doğuşunun astanasında olduğumuzu deməyə əsas verir. Digər tərəfdən, artıq “sürət”, “hər yerdə olmaq” kimi anlayışların hakimi olduğu texnologiya çağında problemlər, təhdidlər də dəyişməkdə və böyüməkdədir. Belə olan halda dövlətlər üçün regional birliklər qaçılmaz nəticədir. Türk Dövlətləri Təşkilatının institutlaşması, xüsusilə iqtisadi bazasının formalaşdırılması üzv dövlətlərin gələcəyi üçün həlledici ola bilər. Əlavə olaraq çar və sovet müstəmləkəsi yaşamış üzv dövlətlər üçün suveren milli şüurun formalaşdırılması və möhkəmlənməsində TDT həlledici rol oynaya bilər.

Ədəbiyyat siyahısı

Əkbər N.Nəcəf. “Azərbaycan – milli kimliyinin tarixi məsələləri”, Bakı: 2021, s. 15–153.
Orhan Valiyev. “Azerbaycan milliyetçiliği”, İstanbul: Nobel Akademik, 2023.
İhsan Fazlıoğlu. “Kendini bulmak”, İstanbul: Papersense Nəşriyyatı, 2015.
Ahmet Ağaoğlu. “Türk alemi”, İstanbul: Doğu Kitabevi, 2022.
Anderson B. “İmagined communities”, New York: Verso, 2016.