Xəbərlər

Mədəniyyət nazirinin müavini: Azərbaycan hər zaman Türk birliyinin güclənməsinə xüsusi töhfələr verir

Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında imzaladığı Sərəncam ölkəmizin uzun illər Türk birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrin bariz göstəricisidir.

“Füyuzat”xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Qarabağ Universitetdə keçirilən “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, yeni təşkilatların yaradılması və dövlətlər arasında münasibətlərin inkişafında mədəniyyət ən başlıca birləşdirici amillərdəndir.

“Hazırda Qarabağda genişmiqyaslı və kompleks bərpa-quruculuq layihələri həyata keçirilir. Lakin görülən bütün bu işlərin mahiyyəti təkcə yeni binaların inşası ilə məhdudlaşmır. Bu prosesin əsas məqsədi qədim tariximizin, maddi-mənəvi irsimizin və tarixi abidələrimizin bərpası, həmçinin gələcək nəsillərə çatdırılmasıdır”, – deyə nazir müavini deyib.