Baş redaktordan Füyuzat 149 Loğman

Baş redaktordan

Ömrü illərlə ölçmək naşılıqdır.

Çünki bu, ömür haqqında yalnız ümumi təəssürat oyadar, onun mahiyyətini deyil, vaxt uzunluğunu göstərər.

Bu, ömrün çölüdür, qabığıdır, eni-boyudur, içindən xəbər vermir.

Amma ömrün həm də məzmun, dəyər ölçüsü var.

Sədaqət ölçüsü var.

Gözəllik ölçüsü var.

Söz ölçüsü var.

Əməl ölçüsü var.

Sevgi ölçüsü var.

Həsrət ölçüsü var.

Əlli illik ömrün yüz illik həsrəti ola bilər.

Əlli illik ömrə min illik sevgi sığa bilər.

Əlli illik ömrün beş günlük təmizliyi ola bilər.

Ömrün dəyəri içində, çiynində daşıdıqlarındadır.

Nə qədər qəribə görünsə də, ömür həm də ağır yükdür.

Elə yükdür ki, onu necə daşımağından asılı olaraq bütün həyatına qiymət verilə bilər.

O yük həmişə səninlədir.

O yük elə sən özünsən.

O yük nəcabətin, əsilliyindir.

O yükdən ayrılmaq olmaz. Çünki o yükdən azad olmaq özünü məhkum etməkdir.

Azadlığından keçməkdir.

Özündən əl üzməkdir.

Özündən ayrılmaq özünü itirməkdir.

Səni o yük qədər heç nə təsdiq edə bilməz.

O yük övlad, ata-ana qədər doğmadır.

O yükü çiynindən atan kimi daha özün olmursan, rahatlığını itirirsən.

Təkləşirsən, dəyərini itirirsən.

O yükün əvəzinə həyatına “yüngüllük”lər gəlir.

Amma daha da ağırlaşırsan.

Daha da eybəcərləşir, çirkinləşirsən.

Daha da çirklənirsən.

İnsanlıq yükçülükdür, cəfakeşlikdir.

Çünki insan olmaq, insanlığını qorumaq bütün dövrlərin, bütün zəmanələrin ağır yüküdür.

Ömrün mənası çəkdiyin yükün ağırlığına təndir.

Ömrün uzunluğu çəkdiyin yükə olan sevgin qədərdir.

Ömrün dəyəri çəkdiyin yükə bağlılığın qədərdir.

Çəkdiyin yük də elə sənin qədərdir, sənin qədərindir.

Çünki bu yükü mənzilinə çatdırmaqdan böyük missiyamız yoxdur.

Bundan böyük baharımız yoxdur.

Bundan böyük sərvətimiz yoxdur.

Əslində, elə mənzilimiz də bu yükü çatdırdığımız yerdir.

Bu yükü daşımaqdan bezənlər, imtina edənlər yarı yolda qalır, mənzilbaşına çata bilmirlər.

İnsan bu yükü çiynindən atdığı yerdə qalır.

İnsan yükündən uzağa gedə bilmir.

Yükünü ötə bilmir.

Hər kəs yükündən görünür.

O yük ağır olduqca insanlığın miqyası böyüyür.

Daha ağır yük daşıyan daha əzəmətli olur.

Daha ağır yük daşıyanın mükafatı daha böyük olur.

Fərəhi bir qəlbə sığmır.

Təbəssümü bütün dünyaya işıq saçır.

Daha ağır yük daşıyan əzablarından, ağrılarından çiçək açır.

Kamil insan daşıdığı yükdən doğulur…