Xəttatlıq İslam düşüncəsini, zövqünü, Allaha olan sevgini, səbri, imanı özündə əks etdirir. Bəzi araşdırmalarda müsəlman dünyasında xəttatlıq sənətinin inkişafının səbəbi kimi İslam dinində canlı varlıqların təsvirinə qoyulan qadağalar göstərilir və bu məhdudiyyətlərlə üzləşən sənətkarların bütün təxəyyül gücünü yazı sənətinə yönəltdiyi qeyd olunur. Bu yanaşmalar müəyyən mənada qəbul edilsə də, müsəlman sənətkarların xətt sənətində əldə etdikləri nailiyyətlərin kökündə onların tövhid inancına, mənəvi dəyərlərə və dinə bağlılığı dayanır. Yalnız xəttatlıq deyil, digər İslam sənət növləri də Allaha inanc və bununla bağlı mənəvi duyğuların təsiri altında formalaşmışdır. Bu səbəbdən də bir mərkəz ətrafında hörülən naxış, memarlıq, musiqi və xətt sənətlərinin ərsəyə gətirdiyi əsərlərdə birlik, yekparəlik, təmkin və məntiqli üslub görünür.
İslam coğrafiyasında xəttatlıqla yanaşı, digər dini-mənəvi məzmun daşıyan sənət növləri “Quran” və hədislər əsasında formalaşmış, zaman keçdikcə fərqli üslublarla özünəməxsus şəkildə zənginləşmişdir. Bu mücərrəd cizgilər İslam sənət və mədəniyyətinə ecazkarlıq qataraq bəzi Qərb modernist rəssamlarının da diqqətini cəlb etmiş, yeni məktəblərin yaranmasına təsir göstərmişdir.
Müsəlman Şərqində xəttatlıq nümunələrində təbiət, quş və müxtəlif həndəsi fiqurlardan istifadə olunmuş, nəticədə zəngin sənət əsərləri ortaya çıxmışdır. Müasir ərəb xəttatlarından olan mühəndis Naci Zeynəddinin də söylədiyi kimi, bu əsərlərdə həndəsi nizam, ağıl, diqqət və tam təbiiliklə təsvir olunan bütün xəttatlıq növləri öz zərifliyi və incəliyi ilə seçilir. Onlar arasında dini-ictimai məzmunlu əsərlər də yer alır.
Yazı rəsmləri arasında “vav” hərfi, məscid, şam, quş, aslan, sürahi, gülabdan, meyvə kimi nümunələr önəmli yer tutur. Sənətkarlar bunları yazı sənəti ilə ifadə etmiş, təsviri məna qazandıraraq rəsmlərlə izahını verməyə çalışmışlar.
Əli Rza Özcan qeyd edir ki, müsənna yazılarda da şam, sürahi, tuğra, təriqət sikkələri, çiçək, quş, aslan və insan fiqurları əks edilmişdir. Həmçinin daha çox Bektaşi təriqətinin mühibləri tərəfindən Həzrət Əlinin (ə) adı ilə rəsm edilən insan üzlərinin yanında “vav” başda olmaqla digər hərflərdən də istifadə edilir. Vav hərfi həm ikili, həm də dördlü yazılır. Vav hərfinin əbcəd hesabında rəqəm dəyəri 6-dır. Qarşılıqlı iki vav hərfi, iki ədəd 6, yəni “Allah” sözünün toplam rəqəm dəyəri olan 66 sayının qarşılığıdır. Allah adı digər Əsmaül-Hüsnanı təmsil etdiyindən ən böyük addır. Bəzi təsəvvüf ərbablarının fikrinə görə, “ismi-əzəm” olaraq da qəbul edilir. Burada Allahın sifətlərindən biri olan “Vədud” sevən, sevilən və sevdirən sözünün başındakı “vav” hərfindən ilhamlanaraq belə bir formanın yaradıldığı düşünülə bilər.
Qeyd etmək lazımdır ki, müsənna yazıların tərtibində “Allah” sözü varsa, bu kəlmə mümkün olduğu qədər üst qisimdə, yəni yuxarıda və tək olaraq yazılır. İbarə buna əlverişli deyilsə, Allah kəlməsi kompozisiyanın mərkəzinə yerləşdirilməyə çalışılır. Bu, tövhid anlayışını ifadə edir.
“Müsənna” sözü ərəbcə isneyn/təsniyyə kökündən gəlir. Təsniyyə ikili deməkdir. Müsənna yazı – xətt növü deyil, yazı formasıdır və hər xətt növü ilə icra oluna bilər. Türk xəttat Əli Alparslan müsənna xəttinin yazılma üsulunu belə izah edir: hər ibarə yazıldıqdan sonra şəffaf kağız üzərində kənarları diqqətlə cızılır. Bu kağız tərsinə çevrilərək əvvəlki ibarə ilə hər ikisinin ucları bir-birinə dəyəcək və ya keçəcək şəkildə (qarşı tərəfdə paralel olaraq – S.N.) təkrar cızılır. Sonra kənarları təsbit edilən bu tərs hissədəki yazıların içi mürəkkəblə doldurulur. Nadir hallarda mətnin sol tərəfdən başladığı nümunələr də mövcuddur.
“Kəhf” surəsindən ilham alaraq işlənən “Əshabi-Kəhf” gəmisi yazı-şəkillərdə geniş istifadə olunan rəmzlərdən biridir. “Əshabi-Kəhf” mağara ərənləri deməkdir. Surədə Allahın birliyinə inanan yeddi adam dövrün hökmdarından qorxduqları üçün yanlarındakı itləri Qitmir ilə birlikdə bir mağaraya sığınırlar. İnanca görə, onlar burada üç yüz ildən çox yatdıqdan sonra oyanıblar. Xalq arasında müqəddəs qəbul edilən bu yeddi mağara ərəninin adları əsasında yelkənli gəmi və kürəkli qayıq şəkilləri yaradılmışdır.
Yazı-rəsmlərin digər bir mövzusu da bitki, çiçək və meyvələrdir. Əlyazmalarda ən çox armud yazı-rəsminə rast gəlinir. Təsəvvüf əhlinə görə, armud insanı simvolizə edir.
Kalliqramlar içərisində Həzrət Əlini (ə) simvolizə edən aslan yazı-rəsmləri də az deyildir. Həzərt Əli (ə) İslam dünyasında Heydər, Heydəri-Kərrar, Əsədullah, Şiri-Yəzdan, Şiri-Xuda ləqəbləriylə tanınır. Heydər ərəbcədə “digər aslanlar arasında kral kimi dayanan” (lider olan) aslana verilən addır.
Aslan ən qədim dövrlərdən bəri, demək olar ki, bütün millətlərdə, həmçinin ərəblərdə də qüvvət, cəsarət, qəhrəmanlıq simvolu hesab edilmiş və bu səbəblə Həzrət Əliyə (ə) də “Heydər” deyilmişdir. Mənbələrdə, xüsusilə şeirlərdə hər ikisi üçün nümunələr qeyd olunub. Məsələn, Həzrət Əlinin (ə) Xeybər qəzbəsi (İslam tarixində Həzrət Muhəmmədin (s) şəxsən özünün iştirakı və başçılığı ilə hərbi yürüşlərə və döyüşlərə verilən ad) əsnasında söylədiyi qəbul edilən bir şeirdə anası Fatimə binti Əsədin ona “Heydər” dediyini xatırlayaraq öyündüyü qeyd olunur. Bir rəvayətə görə, anası ona atası Əsədin, digər bir rəvayətə görə isə Heydər adını vermişdir. “Əsəd” sözünün ərəbcədən tərcüməsi şir, aslan mənasına gəlir. “Əsədullah” Allahın aslanı, Allahın şiri deməkdir.
Həzrət Əliyə (ə) “Heydəri-Kərrar” da deyilirdi. Bu ləqəb ona hərbdə göstərdiyi şücaətinə, cəsarət və qəhrəmanlığına görə verilmişdi. Kərrar “döyüşdə dönə-dönə hücum edən” deməkdir.
“Quran”ın yazıya köçürüldüyü 28 hərfdən ibarət ərəb əlifbasının insan üzündə əks olunduğuna və oxunduğuna inanan Hürufilik inancını qəbul edən bəzi sənətkarlar surətəbənzər yazı-rəsmlər çəkmişlər.
Şərqşünas Annemarie Şimmel “İslamın mistik qatları” əsərində yazır ki, ərəb şairlər İslamaqədərki dövrlərdə belə, bədənlərinin, ya da evlərinin müxtəlif qisimlərini hərflərə bənzətmişdilər. Bunlar dünyanın hər yerində müsəlman şairlər tərəfindən inkişaf etdirilmiş və miras qalmış bənzətmələrdir.
İsmail Hakkı Baltacıoğlu “Buradakı “əlif” hərfi insandır, “ha” da bir insan başıdır” adlı yazısında vurğulayır ki, ərəb hərflərinin özünəməxsus cəhəti həndəsi formalardan deyil, insan bədəni və hərəkətlərindən ilham alaraq formalaşmasıdır.
Təsəvvüf əhlinə görə, hərflərin sirlərini dərk etməklə İslamın həqiqətlərinə yaxınlaşmaq mümkündür. Bunları öyrənmək o qədər də asan deyil.
Bu sirləri öyrənmək üçün gərək ölməzdən öncə ölən qullardan olasan. Bu isə ancaq həqiqi sufi olmaqla mümkündür. Hürufiliyə görə, həyatın bütün sirləri “Quran”dakı hərflərdə, bu hərflər də insanın üzündədir. Hürufilərin hərflər haqqındakı təfsirləri belədir: batiniyyəyə görə, insan vücudundakı bir üzv bir hərfin müqabilidir və kainatda bir təcəllinin misalıdır.
Annemarie Şimmel “Təsəvvüfün qatları” əsərində bildirir ki, hürufiliyə görə, “əlif” ekvator xəttinə bənzədilir və üzü ikiyə bölən burunda təzahür etdiyi qəbul olunur; “be” hərfi insan burnunun sol tərəfində görünür. Yay kimi qaşlar gözəl tuğralara bənzədilir. Dar, kiçik ağız əlifbanın ən dar hərfi “mim”lə eyniləşdirilir, gözlər biçiminə görə “sad” və ya “ayn” hərfinə oxşadılır. Hörüklər “dal” və ya “cim”lə müqayisə edilir.
Səcdədən əvvəlki oturaq halda kəlmeyi-şəhadət gətirən insan kalliqramı
Bu kalliqramın mətni də kəlmeyi-şəhadətdir. Xəttat “Əşhədu ən lə ilahə illəllah, və əşhədu ənnə Muhammədən rasulullah” yazısı ilə bütövlükdə insan rəsmini çəkmişdir. İbarənin sonunda gələn “Allah” kəlməsi rəsmin mərkəzində yerləşdirilib. Kalliqramlarda Allah kəlməsi heç vaxt rəsmin alt qismində yer almır. Bu da özlüyündə İslamdakı əxlaqi dəyərlərin bir növ mücəssəməsidir. Allaha olan sevgi və hörmətdən, Allah xofundan irəli gəlir.
İslam kalliqramları içərisində bestiar (heyvan təsvirləri) motivlər də yer alır. Ümumilikdə yazı-rəsmləri içərisində ən çox aslan, pələng, dəvə və digər kalliqramlara rast gəlmək mümkündür. Ərəblərin “səhra gəmisi” adlandırdıqları dəvənin heyrətamiz yaradılışı İslam dünyasında Allahın qüdrətinə dəlalət edən nümunələrdən biri sayılır.
İslam ədəbiyyatında və təsviri sənətində bestiar motivlərdən simurq, şanapipik, leylək, göyərçin, bülbül, tutuquşu və s. quşlara geniş yer verilmişdir. Anadolu təkkələrində tez-tez dərvişlərin çəkdikləri göyərçin kalliqramlarına rast gəlmək mümkündür. Təsəvvüf əhli göyərçinlərin hər səhər “hu-hu” səsləri çıxararaq Allahı zikr etdiklərinə inanır. Görünür, bu səbəbdəndir ki, sufi xəttatlar göyərçin kalliqramlarını çəkməyə böyük həvəs göstərmişlər. Həmçinin kalliqrafiya vasitəsilə çəkilmiş quşlar bu müqəddəs yazılarla sanki qoruyucu mələkləri, cənnət quşlarını təcəssüm etdirirlər.
Səbinə Nemətzadə
Səbirə Nemətzadə



