Hürzət Təhməzli Köşə Yazıları Xəbərlər

Ruhun üşüməyi

Bəzən hava isti olur, günəş bütün gücü ilə yer üzünü isidir. Küçələrdə insanlar nazik geyimlərlə gəzirlər, pəncərələr açıq qalır, külək belə ilıq əsir. Amma elə anlar olur ki, insan bütün bu istiliyin içində səbəbini izah edə bilmədiyi bir üşümə hiss edir. Onda anlayırsan ki, bədənin yox, ruhun üşüyür.

Ruhun soyuğu havanın soyuğuna bənzəmir. Onu nə qalın paltar isidir, nə də isti bir otaq. Ruhun soyuğu insanların davranışlarından yaranır. Ən çox da yaxşılığın qarşılığında laqeydlik görəndə, səmimiyyət bəxş etdiyin insanların üzündə saxta təbəssüm görəndə başlayır bu üşümə.

İnsan qəribə varlıqdır. Bəzən başqalarının yükünü öz çiyinlərinə götürür, onların dərdinə yanır, yorulanda belə kömək etməyə çalışır. Elə bilir ki, verdiyi dəyər bir gün ona da qayıdacaq. Amma həyat hər zaman belə olmur. Elə insanlar var ki, yalnız almağı bacarırlar. Sənin fədakarlığını adiləşdirir, qurbanlarını görməzlikdən gəlirlər. Sonra bir gün dönüb arxaya baxırsan və anlayırsan ki, hər kəs üçün yol getdiyin halda, sənin yanında addımlayan çox az adam qalıb.

Nankorluq insan ruhunu yoran ən ağır hisslərdən biridir. Çünki insan etdiyi yaxşılığın əvəzində mükafat gözləməsə də, heç olmasa unudulmamağı arzulayır. Bir təşəkkür, bir səmimi söz, bir xatırlanmaq bəzən ən böyük hədiyyədən daha qiymətli olur. Amma bunlar da olmayanda ürəyin içində görünməz bir qış başlayır.

Saxta insanlar isə ruhun istiliyini yavaşyavaş əlindən alırlar. Üzünə gülüb arxanca susanlar, maraqlarına uyğun davrananlar, ehtiyac bitəndə səni də unudanlar… Onlar insanın həyata olan inamını azaldırlar. Bir müddətdən sonra insan kimə güvənəcəyini, kimə ürəyini açacağını bilməz olur. Ən ağır tənhalıq da elə insanların arasında yaşanan tənhalıqdır.

Bəzən insan izdihamın içində dayanır, amma özünü bomboş bir otaqda hiss edir. Ətrafında yüzlərlə səs olur, lakin heç biri ürəyinə toxunmur. Çünki ruh yalnız səmimiyyətlə isinir. Saxta sözlər, məcburi münasibətlər və maraq üzərində qurulan dostluqlar heç vaxt ürəyə istilik gətirmir.

Lakin bütün bunlara baxmayaraq, ruhun donmasına imkan verməmək insanın öz əlindədir. Çünki dünya nə qədər dəyişsə də, yaxşı insanlar tamamilə yox olmurlar. Onlar bəzən qarşımızagec çıxırlar, amma gəldiklərində bütün o uzun qışın soyuğunu bir bahar günəşi kimi əridirlər. Ona görə də insan başqalarının dəyişməsi üçün deyil, öz vicdanını qorumaq üçün yaxşı qalmalıdır.

Ruhu isidən nə bahalı əşyalar, nə də gurultulu sözlərdir. Ruhu isidən anlayışdır, sədaqətdir, etibardır, unudulmamaqdır. Bir insanın “Mən səni anlayıram” deməsi bəzən minlərlə təsəlli sözündən daha dəyərlidir.