Müsahibə Xəbərlər

Mən burada, İçərişəhərdə, Bakıda gəzəndə elə bil ki Təbrizin havasını, qoxusunu alıram – Rza Diqqəti ilə müsahibə

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri”, “həftənin seçilmiş müsahibəsi” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin seçilmiş müsahibəsi” “Füyuzat”dərgisində nəşr olunmuş Rza Diqqəti ilə müsahibədir. “ Xoş mütaliələr!

Rza Diqqəti – bu ad az qala bütün azərbaycanlılar üçün doğmadır. Balacadan tutmuş böyüyə kimi hamı onu özününkü bilir. O artıq bütün azərbaycanlılar üçün ortaq bir dəyərə çevrilib. Onun xalqımız üçün gördüyü işləri sadalamağa ehtiyac yoxdur. Amma bizim Rza Diqqəti kimi həmvətənlərə həmişə ehtiyacımız var. O, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında xüsusi rol oynayıb. Bizim pis günlərimizi görüb, indi yaxşı günlərimizin şahidi olur. Keçmişimizlə gələcəyimiz arasında bağ qurur. Rza Diqqəti həm də dünyanın bir çox qaynar hadisələrinə şahidlik edib. Gördüklərini fotoyaddaşına həkk edib…

Beynəlxalq tədbirlərin birində Rza Diqqəti ilə rastlaşdıq, söhbətləşməyə qərar verdik. Onun vaxtı az idi. Beş dəqiqəlik söhbətə razılaşdıq, amma yarım saatdan çox çəkdi…

Onun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur, amma onunla uzun­uzadı danışmağa həmişə ehtiyac var…

– Rza bəy, Təbriz sizin üçün nə deməkdir?

– Təbriz mənim üçün nədir?! Vallah, sözün düzünü desəm, Təbriz mənim üçün indi uzaqlıqdır, valideynlərimlə birgə yeridiyim küçələrdir, evimdir, uşaqlıq dostlarımdır. Təbriz mənim üçün bunlardır. İndi həmin Təbriz qalmayıb ki. Yəni bilirəm ki, yoxdur. Qırx üç ildir ki, İrandan çıxmışam. Həmin vaxtdan ora getməmişəm. Amma mən burada, İçərişəhərdə, Bakıda gəzəndə elə bil ki Təbrizin havasını, qoxusunu alıram. Yəni məndə nostalji yoxdur. Məsələn, ay aman, qırx neçə ildir ki, getməmişəm, filan. Amma Azərbaycan elə mənə vətəndir. Bir qisminə gedə bilməsəm də, bir qismində elə varam. Yəni eyni vətəndir mənə.

– Sizin fotolardan dünya necə görünür?

– Onu gərək dünyadan soruşasınız ki, mənim şəkillərimi nə cür görürlər (gülür). Mən dünyaya nə cür baxıramsa, şəkillərimdə də bunlar əks olunur. Yəni mənim öz baxışım, öz sözüm var şəkillərimdə. Demək olar ki, mən fotoqraf olmasaydım, filosof və ya tarixçi ola bilərdim, bəlkə də, müğənni olardım. Mənim dünyaya baxışımın əsas səbəbi dünyada müxtəlif mədəniyyətləri bir-birinə tanıtmaq, həmin mədəniyyətlər vasitəsilə insanları bir-birinə yaxınlaşdırmaqdır. Bir də mən şəkillərimdə daha çox dünyadakı ədalətsizliyi göstərməyə çalışmışam. Yəni bunlar mənim demək istədiyim şeylərdir. Fotoqraf olmasaydım belə, yenə də filosof, yaxud tarixçi kimi bunları dilimə gətirərdim.

– Qürbətdə sizə azərbaycanlı kimliyi daha yaxın gəlir, yoxsa müsəlman kimliyi? Özünüzü daha çox hansı kimliyə aid edirsiniz?

– Qürbət deyəndə gərək əvvəlcə bu məsələni aydınlaşdıraq. Düzdü, mən 43 il bundan əvvəl İrandan çıxmışam. Onda bilmirdim haçan geri qayıdacağam: altı aydan sonra, yoxsa bir ildən… Hamı deyirdi ki, bu mollalar beş-altı ay, bir il hakimiyyətdə qalacaq. Həmin vaxtlarda adam özünü qürbətdə hiss edirdi. Amma sonra mən başladım dünyanı gəzib-dolaşmağa, buna gəzmək demək olmaz. Çünki dünyanın qaynar nöqtələrinə getdim. Həmin insanlarla yaxından ünsiyyətdə oldum. Neçə mövzu mənə başqa cür məlum oldu. 43 ildir ki, 115 ölkəni dolaşıb bu qədər fotolar çəkdim. Birincisi, mən həmişə təyyarə ilə harasa gedəndə pəncərədən aşağı baxıb indiyə kimi bir dənə də sərhəd görməmişəm. Yuxarıdan baxanda hər yer açıq görsənir, qapalı yox. Ondan başqa isə tarixə baxanda 50 ildən çox heç bir ölkənin sərhədi eyni qalmayıb. Bəzi sərhədlər var ki, 20, 30, 50 , hətta 100 ildən sonra dəyişib. Bu haqda da mən çox düşünmüşəm. Bundan sonra önəmli bir şey ağlıma gəldi. Gördüm ki, insanlar ağ olsun, qara olsun, sarı olsun, müsəlman olsun, yaxud şiədir, sünnidir, məsihidir, yəhudidir, hindudur, bədəvidir, həmin bu insanların hamısına baxanda gördüm ki, hər kəsin qanının rəngi eynidir. Gördüm ki, həmin müharibələrdə analar uşaqları öləndə eyni cür ağlayırlar, eyni sözləri deyirlər. Bu məndə başqa bir fikir yaratdı ki, insanları nə ki bir-birindən ayırır, mən ona tərəf getmirəm. Nə ki insanları bir-birinə yaxınlaşdırır, mən ona tərəf gedirəm. Beləcə, gördüm ki, insanları bir-birindən nə ayırır. Dünyada bu qədər öz dinlərinə tapınan adamlar var, amma onların heç biri, bəlkə, milyonda biri də bunu özü seçməyib. Anadan olub, gözünü açıb, ona deyiblər sən burada doğulmusan, buralısan, ata-anan da bu dindədi, sən də bu dində olacaqsan. O da başlayıb fanatik olmağa, biri digərini öldürməyə. Bu mövzulara görə dünyaya başqa cür baxıram. Şübhəsiz, mənim öz köküm vardır, azərbaycanlıyam, müsəlmanam, bunlar mənim kökümdür, bunları dəyişmək olmaz. Amma baxışlarım gərək açıq olsun. Dünyada mən heç kimə müsəlman kimi, yaxud müsəlman gözüylə, ya da Azərbaycan nəzəri ilə baxmıram. O cür olsa, onda mən də fanatik olaram. Sözlərim, şəkillərim, işlərim fanatik görünər. İnsan kimi baxsan, təbii ki, azərbaycanlıyam, ata-anam müsəlman olub, mən də müsəlmanam.

– Dünyanın qaynar nöqtələrinə çox səfər etmiş, təhlükələrin canlı şahidi olmusunuz. Bu təhlükə anlarında nə edirdiniz?

– Mənim əgər Allahla ünsiyyətim olmasaydı, bu qədər təhlükələrdən sağ çıxa bilməzdim. 40 ildir müharibələrdə olmuşam. İndi 72 yaşım var. Dünyada heç bir hərbçi tapmazsınız ki, mənim qədər müharibədə olsun. Mən isə 40 ildir bu müharibədən o müharibəyə getmişəm. Əfqanıstandan Afrikaya, Balkanlardan Qarabağa, İraqa, Suriyaya. Hətta elə anlar olub ki, gözümü yumub demək istəmişəm: daha hər şey bitdi. Elə bilmişəm, həyatım sona çatdı. Yanımda adamlar ölüb, elələri olub bədənləri tikə-tikə olub. Binalar dağılaraq yerlə bir olub. Mən özüm də neçə dəfə yaralanmışam. Amma hələ də bu işə davam edirəm. Mən həmişə demişəm ki, hər nə iş görürəmsə görüm, millətin xidmətində olacağam. Azərbaycanlılara sual verin ki, Rza Diqqəti Azərbaycanın xidmətində olub, ya yox? Eyni sualı əfqanlara da verə bilərsiniz. Afrikalılardan da soruşa bilərsiniz. Fransanın özündə də… Hamı bilir ki, mən bu işdə maddiyyat, yaxud başqa mənfəət güdməmişəm. Məqsədim elə şeylər olmayıb. Elə olmayanda da ədalətin yanında olursan, bir millətin səsini dünyaya çatdırırsan. Ona görə də hələ də bu işlərə davam etməkdəyəm.

– Hər dəfə müharibələrdən çıxıb sülh şəraitində olan Avropadakı evinizə qayıdanda nə düşünürsünüz?

– Demək olar ki, mən həmişə bu fikirdəyəm: indi avropalılar birləşib, sülh içində yaşayırlar, amma yadımdan çıxartmıram ki, tarixə baxanda onlar yüz il əvvəl bir-birini qırırdılar. Milyonlarla insan öldürülürdü. İnsanlar bir yerdən başqa yerə qaçqın düşürdü. Sonra baxıb fikirləşirəm ki, onlar necə oldu ki, gəlib bu səviyyəyə çatdılar, sülh tərəfdarı oldular. Bu da mənə ümid verir ki, dünyanın başqa yerlərində də bir-biri ilə müharibə edən ölkələr bir gün sülh yolunu seçəcək. Ondan sonra özümə sual verirəm ki, mən bu yaşımda nə iş görə bilərəm ki, həmin o millətlər, məmləkətlər mehriban olub sülh şəraitində yaşasınlar, rifaha çatsınlar…

– Son illər İran filmlərini izləyirsinizmi?

– İran böyük və ortaq mədəniyyətlərə sahib bir ölkədir. Kənardan bütün bunlar İran mədəniyyəti kimi tanınır. Amma araşdıranda görürük ki, orada, əsasən, azərbaycanlılar mədəniyyət sahəsində çoxluq təşkil edir. Habelə farslar, ərəblər, kürdlər də istər ədəbiyyat sahəsində, istər kino, istərsə də mədəniyyətin digər sahələrində işlər görürlər. Amma bütün bu mədəniyyət adamları İran rejimi ilə yaxşı münasibətlərdə deyillər. Molla hakimiyyəti din adına elə pis işlər görüb ki, İslam adı gələndə iranlıların çoxu artıq ehtiyat edir. Mən çox təəssüf edirəm ki, Azərbaycanın bir çox yerlərində mən bunun şahidi olmuşam: iranlı müctəhidlərə burada bəzi kəsimlərdə simpatiya var. Mən həmin insanlara həmişə deyirəm: sən necə belə adamı təqlid edə bilərsən ki, onlar Ermənistana illər boyu kömək edib, silah satıb. Həmin silahlar ilə ermənilər sizə qarşı terror edib.

– Xaricdə ermənilərin sizə münasibəti necədir?

– Bildiyiniz kimi, mən 1992-ci ildən başlayaraq həm Xocalı faciəsini, həm Qarabağ müharibəsini, habelə bir milyondan çox həmvətənlimin doğma yurdundan qaçqın düşməsini çalışmışam bütün dünyaya çatdırım. Bunları çəkdiyim fotolar, yazdığım kitablar, sərgilər və sairə şeylər vasitəsilə etmişəm. Təbii ki, bütün bunlara görə xaricdə erməni lobbisi mənə qarşı kampaniya aparmağa başlamışdı. Bunlar, əsasən, iki istiqamətdə idi. Məsələn, ermənilər sərgi keçirəcəyim salonlara, yaxud kitabımı çap edəcək nəşriyyatlara təzyiq göstərirdilər. Onlar da məcbur olub mənimlə işbirliyindən imtina edirdilər. Bütün bu illər ərzində, bəlkə də, mənə milyonlarla dollar məbləğində ziyan dəyib. İkinci istiqamət isə bu idi ki, ermənilər mənim sərgi, tədbir keçirdiyim salonlara, məkanlara yürüşlər edib səs-küy salırdılar. Tədbirlərimi boykot edib pozmağa çalışırdılar. Bütün bunlardan əlavə, internet dövrünə qədəm qoyandan sonra ermənilər başladılar orada mənim haqqımda yalan və əks-təbliğat işləri aparmağa. Amma bütün bunlar məni heç vaxt qorxutmayıb, gedəcəyim yoldan döndərə bilməyib. Çünki mən həmişə haqq sözü demişəm. Bunları ən yaxşı fransızlar bilir. Hətta elə olub ki, fransızlar məni çox vaxt bu məsələlərdə müdafiə ediblər: “Bu adam düz söz deyir, bizim bu şəxsə etimadımız var”. Düz otuz ildir ki, mən bunu dünyaya çatdırmağa çalışırdım: bu millətə zülm edilib, torpaqları qəsb olunub. İstəyirdim ki, ədalət öz yerini tapsın. Bu da, nəhayət ki, baş verdi.

– Özünüzü Avropada qalib azərbaycanlı kimi hiss edirsinizmi?

– Əlbəttə, mən, bəlkə də, bütün azərbaycanlılardan daha çox sevinirəm, bununla fəxr edirəm. Biz azərbaycanlılar qalib xalqıq. Bundan əlavə, bu mövzularda mən bir peşəkar fotoqraf kimi də illərdir bunu təbliğ etmişəm ki, haqq-ədalət öz yerini tapmalıdır. Hətta istəyirəm ki, torpaqları işğal altında olan bəzi xalqlar da bizə baxıb ibrət götürsünlər.

– İnanırsınız ki, bir gün Təbrizə qayıdacaqsınız?

– Niyə inanmıram ki? Əlbəttə, inanıram. Bəlkə də, elə bu, sabah, ya da biri gün baş verəcək. Mən yenə tarixə nəzər salmaq istəyirəm. Sovet dövründə kim inanardı ki, o böyüklükdə ölkə dağılacaq? Heç kim buna inanmazdı. Amma vaxt gəldi, dağıldı. Mən 1985-ci ildə Əfqanıstanda idim. Orada çəkilişlər edirdim. O vaxt Əhməd Şah Məsud ordu yaradıb sovetlərə qarşı vuruşur, mübarizə aparırdı. Onlar dağın başında mühasirədə idilər. Sovet ordusu Əfqanıstanı bombalayıb dağıdırdı. Sovet ordusu bütün Əfqanıstanı tutmuşdu. Mən o vaxt Əhməd Şah Məsudu tapıb onunla görüşmüşdüm. İkilikdə oturub söhbət edirdik. Mənə dedi ki, Rza bəy, mən sizi əmin edirəm ki, 1990-cı ildə Şurəvi (Sovet İttifaqı) artıq mövcud olmayacaq. Söhbət 1985-ci ildən gedir. Sovet ordusu bütün gücü ilə Əfqanıstanı tutub. Bu isə deyir, beş ildən sonra Sovet ölkəsi dağılacaq. Mən də ürəyimdə deyirəm ki, bu boş-boş danışır, dağ adamıdır, bilmir, Sovet nə olan şeydi, onun gücündən xəbəri yoxdur. Bütün ABŞ, Avropa yığışıb Sovet İttifaqını dağıda bilmir. Amma bu deyir, Sovet yaxın vaxtda olmayacaq. O sonra dedi ki, mən Sovet ordusunu, onların döyüşünü görüb bu qənaətə gəlmişəm. Gör adamın fikrinə baxın ha. 1985-də dağın başında, özü də mühasirədə oturub bu qənaətə gəlib. Onun özü heç hərbçi də deyildi, mühəndis idi. Mənə dedi ki, planım var. Sovet ordusunu müharibədə məğlub edəcəyəm. SSRİ müharibədə məğlub olandan sonra onun müstəmləkəsində olan bütün ölkələr görəcək ki, biz onları məğlub elədik. Onlar da ayağa qalxıb, müharibəyə başlayıb müstəqillik əldə edərək qalib gələcəklər. İndi elə oldu, yoxsa olmadı? 1989-cu ilin fevralın 25-də rusların sonuncu əsgəri Əfqanıstandan çıxdı. On aydan sonra nə oldu? 1990-cı ildə Berlin divarı söküldü. Sovet İttifaqı çökdü. Bunları öz gözümüzlə görmüşük. İndi bu molla rejimi nə qədər hakimiyyətdə qala bilər? Halbuki sovet öz xalqına heç İran dövləti qədər zülm eləmirdi. Bu qədər korrupsiya yox idi. Belə bir rejim nə qədər ayaqda qala bilər ki?

– Bəs sizcə, İranda növbəti inqilab nə zaman ola bilər?

– Məncə, hər an baş verə bilər. Hamı görüb ki, xalq 24 saat ərzində bu cür diktatura ilə idarə edilən hakimiyyətləri necə çevirib. Çauşeskunun aqibəti necə oldu? Bir günün içində onu devirdilər. Hamını meydana yığıb milləti qorxudurdu. Bir gün sonra onu tutub, əlini-qolunu bağlayıb, həbs edib sonra güllələdilər. Yaxud Qəddafinin aqibəti necə oldu? Ona görə də diktatura hakimiyyətləri gec-tez dağılmağa məhkumdur.

– Siz Qərbdə yaşayırsınız. Oradan İslam dünyası necə görünür? Avropalılar biz müsəlmanlara necə baxırlar?

– Avropa, yəni xristianlar illərlə, əsrlərlə müsəlmanlarla müharibə aparıb. Düzdü, nisbətən yaxınlaşmalar olub. Amma demək olar ki, hələ o müharibə bitməyib. Onsuz da Qərbin müsəlmanlara qarşı fikirləri, münasibəti yaxşı deyildi. Bir tərəfdən də radikal islamçılar, İŞİD bir az da işləri korladı. İmkan vermədi ki, Avropanın müsəlmanlara münasibəti yaxşı olsun. Ona görə bu haqda ürəkaçan nəsə demək olmur.

– Son dövrlərdə texnologiya o qədər inkişaf edib ki, artıq bəzi sahələrdə insan əməyinə az ehtiyac duyulur. Sizcə, süni intellekt dünyada incəsənətə, fotoya hər hansı mənfi təsir göstərəcəkmi?

– Gəlin sizə bir misal çəkim: qatar ixtira edilməzdən öncə insanlar harasa faytonla, yaxud atla gedərdilər. Qatar ixtira ediləndə hamı başladı deməyə ki, faytonçunun işi aradan qalxacaq. Düzdür, faytonçuluq aradan getdi, amma insanları daşımaq ki aradan qalxmadı. Əksinə, çox yüksək səviyyəyə qalxdı. Süni intellekt də bizim üçün bir alət kimidir. Bəlkə də, haçansa bu cür foto, film çəkmək aradan qalxar. Amma fotoqrafiya aradan getməyəcək. Əksinə, süni intellekt bizə yardım edəcək ki, işlərimizi yeni alətlə dünyaya göstərə bilək. Məsələn, bundan əvvəl də “Fotoşop” proqramı çıxmışdı. Ondan əvvəl kompüter çıxmışdı. Hər yeni şey çıxanda hamı deyirdi ki, vay, hər şey dəyişdi. Video çəkiliş çıxanda dünyanın məşhur jurnallarında yazırdılar ki: “Kino öldü!” Sonra televiziya dövrü başladı. Filmlər kinoteatrlardan evlərə ayaq açdı. Sonra kinoteatrlar öldü. Amma əksinə, baxın görün, indi kinoteatrlar yüzqat çoxalıb, insanlar da gedib film izləyirlər. İncəsənət adamı gərək bunları düzgün istifadə edə bilə.

Söhbətləşdi: Ramin Paşazadə

FÜYUZAT: 2024, №6, 140