Bizim dost itirən vaxtımız deyil,
Artıq günortanı adlayıb ömür.
İnsafı, mürvəti yoxdur elə bil,
Yaş geri qayıtmır, il geri dönmür.
Yel əsir arana, qar düşür dağa,
Xəzəlli yoldadır ömrün karvanı.
Təzədən kimisə bərkə salmağa,
Sınağa çəkməyə vaxtımız hanı?!
Yaddır özü kimi yadın sözü də,
Dostun nəs kəlməsi güllətək dəyir.
Dostun yarasına dözmək özü də,
Kişilik istəyir, mərdlik istəyir.
Qar onu üşüdər bizi döyəndə,
Onu itirdikmi, qəmə yoldaşıq.
Dostu hər çaşanda, hər büdrəyəndə
İtirmək üçün ha qazanmamışıq.
1980



