Xəbərlər

Yunis Orucovun “Zəfəran ətri” kitabı oxuculara təqdim olunub

Oktyabrın 3-də “Litera” kitab evində yazıçı, Əməkdar jurnalist, yazıçı Yunis Orucovun yeni əsəri – “Zəfəran ətri” romanının təqdimat mərasimi baş tutub.

“Füyuzat”ın məlumatına görə, kitab “MİMTA Yayımları” tərəfindən nəşr olunub.

Tədbirdə çıxış edən müəllif Yunis Orucov bildirib ki, “Zəfəran ətri” kitabı 25 il öncə həyata gözlərini qapayan nənəsinə həsr olunub. Kitabı illər öncə yaddaşına yazdığını, sadəcə son 2 ildə vərəqlərə köçürdüyünü vurğulayıb.

“MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu tədbirdə çıxış edərək bildirib ki, “Zəfəran ətri” müəllifin əvvəlki əsərlərindən fərqli xüsusiyyətləri ilə seçilir.

Kitabda güclü duyğu yükünün olduğunu qeyd edən naşir Yunis Orucovun şəxsi hiss və xatirələrini ədəbi üslubda oxucuya uğurla çatdırdığını bildirib. O vurğulayıb ki, əsər bir ailənin həyat hekayəsi fonunda böyük bir millətin dədə-baba yurdlarından köçürülmə faciəsini orijinal bədii həlldə təqdim edir.

Tədbirdə çıxış edən tanınmış şair, Əməkdar jurnalist Qulu Ağsəs isə xalqımızın qazandığı qələbədən sonra bu mövzuda əsərlərin meydana gəlməsinin əhəmiyyətindən danışıb. O, “Zəfəran ətri”nin oxucunu daha böyük hədəflərə və düşüncələrə sövq edən əsərlərdən biri olduğunu qeyd edib.

Təqdimat mərasiminin sonunda müəlliflə imza saatı keçirilib. Tədbir iştirakçıların xatirə şəkilləri çəkdirməsi ilə yekunlaşıb.