Azərbaycan mətbuatının formalaşması və inkişafında ədəbi dərgilər hər zaman mühüm rol oynayıb. Onlar ədəbi, elmi və ictimai fikrin formalaşdığı, milli-mədəni dəyərlərin qorunub yaşadıldığı əhəmiyyətli platformalar kimi çıxış ediblər.
“Fuyuzat.az” saytı olaraq, 22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin nüfuzlu ədəbi dərgilərinin baş redaktorlarına müraciət edirik:
Azərbaycan mətbuatının inkişaf yolunda dərgiçiliyin rolunu və müasir dövrdə üzərinə düşən missiyanı necə dəyərləndirirsiniz?

“Füyuzat” dərgisinin baş redaktoru Loğman Məmmədov
Qloballaşma, kütləvi kommunikasiya imkanlarının geniş vüsət alması, mədəniyyətlərin inteqrasiyası, texniki tərəqqinin sürətli inkişafı dövründə milli–mənəvi dəyərlərin qorunub–saxlanması, insan mənəviyyatının tənəzzülə uğramasının, yad fikirlərin, anti–bəşəri ideyaların həyatımıza sızmasının qarşısının alınması aktual məsələlərdən biridir. Bu kontekstdə mətbuatın, kütləvi informasiya vasitələrinin üzərinə daha ağır yük düşür.
“Füyuzat” jurnalı ilk saylarından bu mühüm vəzifəni öz üzərinə götürmüş, nadanlığa, cəhalətə, savadsızlığa qarşı ciddi mübarizə aparmaqdan çəkinməmişdir. Aydınlarımızın keçən əsrin əvvələrində min–bir zəhmətlə həyata keçirdikləri həmin ideyaları bu gün müxtəlif nəsillərin nümayəndələrindən, xüsusən gənclərdən ibarət “Füyuzat” jurnalının yaradıcı heyəti ləyaqətlə yaşadır və inkişaf etdirir. “Füyuzat” jurnalı kollektiv əməyin bəhrəsidir.
Hər dövrün, hər zəmanənin, hər tarixi epoxanın özünəməxsus xüsusiyyətləri olsa da, “Füyuzat” jurnalı dünən də, bu gün də, sabah da dəyərdən düşməyən, mahiyyətcə dəyişməyən, sabit qalan, aktuallığını itirməyən ümumbəşəri missiyanın daşıyıcısıdır.
“Füyuzat” jurnalının ən böyük missiyası bu gün bir ovuc boyda olan dünyada milli, mədəni, tarixi dəyərlərimizi, doğma çalarlarımızı qorumaqdır.

“Ulduz” dərgisinin baş redaktoru Qulu Ağsəs
Azərbaycan mətbuatının formalaşmasında və inkişafında ədəbi dəyişikliklər hər zaman mühüm rol oynayıb. Azərbaycan mətbuatının 151 illik tarixinə nəzər yetirdikdə, biz dərgilərin müstəsna rolunu görməyə bilmərik. Bu, daha çox mətbuat araşdırmaçılarının işidir və onlar bu barədə kifayət qədər yazıblar. Xüsusilə də son illər filologiya elmləri doktoru Abid Tahirlinin mətbuatla bağlı araşdırmalarını görə bilərik. Onların bəziləri bizdə də çap olunub. Biz dərgilərin Azərbaycan mətbuatının inkişafındakı rolunu dəqiq müəyyən edə bilərik. Bu baxımdan Azərbaycan mətbuatında “Ulduz” jurnalının rolundan danışmaq istəyirəm. “Ulduz” ədəbiyyat dərgisi 59 ildən çoxdur ki, çap olunur. Gələn il – 2027-ci ilin yanvarında dərginin 60 yaşı tamam olacaq.
“Ulduz”un ilk nömrəsinin üz qabığında kiril əlifbası ilə “Ulduz” yazısı və jurnalın sağ küncündə qız və oğlan təsviri yer alır. Jurnalın digər ədəbi və ictimai-siyasi orqanlarda olduğu kimi, ümumi şüarı da eynidir. O, yanvarın 1–də Azərbaycan Yazıçılar İttifaqı və Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin ədəbi, bədii və ictimai-siyasi aylıq jurnalı kimi fəaliyyətə başlayıb.
O zamandan bəri “Ulduz” jurnalı Azərbaycan mədəniyyətində və ədəbiyyatında silinməz iz buraxıb, olduqca böyük işlər görüb. Bir neçə ədəbi nəslin formalaşmasında onun müstəsna rolu var. Əlbəttə, biz “Ulduz”dan danışarkən təkcə baş redaktorları deyil, həmçinin müxtəlif qələm adamlarını da sevgi və ehtiramla yad edirik. Ernest Heminqueyin belə bir sözü var: “İnsanlar iki yerə bölünür: bir qisim adamlar rahatdır – onlarla asan yola gedirsən və asanlıqla da unudursan; ikinci qisim adamlar isə narahatdır – onlarla yola getmək çətindir, amma onlarsız yaşamaq da mümkün deyil”. Bu fikri mətbuata tətbiq etsək, deyə bilərik ki, mətbuatla yaşamaq çətindir. Amma mətbuatsız yaşamaq daha çətindir. Bu təkcə Azərbaycana deyil, bütün dünya mətbuatına aiddir.
Azərbaycan mətbuatının əsası 151 il əvvəl Həsən bəy Zərdabi tərəfindən qoyulub. O, bir toxum səpdi. Əgər bu toxum sağlam olmasaydı, bu qədər zaman ərzində çürüyüb yox olardı. Mən istəyirəm ki, o toxum heç vaxt çürüməsin, daim cücərsin və bar versin.

“Vətən” dərgisinin baş redaktoru Namiq Murad
Azərbaycan mətbuatının formalaşması və inkişafında dərgi nəşrinin xüsusi yeri olmuşdur. Mətbuat tarixi boyunca qəzetlər daha çox operativ məlumatlandırma funksiyasını yerinə yetirmişsə, dərgilər cəmiyyətin intellektual həyatını formalaşdıran, elmi, ədəbi, fəlsəfi və mədəni fikrin inkişafına təkan verən tribunaya çevrilmişdir. Yeni ideyalar məhz dərgilərin səhifələrində müzakirə olunmuş, görkəmli alimlərin, yazıçıların və publisistlərin əsərləri çap edilmiş, milli düşüncənin inkişafına mühüm töhfələr verilmişdir.
Azərbaycanın mətbuat tarixində “Molla Nəsrəddin”, “Füyuzat”, “Dirilik”, “Azərbaycan” və digər nüfuzlu dərgilər bütöv bir ictimai fikir məktəbi yaratmışdır. Onlar cəmiyyətdə mənəvi və intellektual mühitin formalaşmadına ciddi təsir göstərmişlər. Bu ənənə bu gün də davam edir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı dərgiçiliyin qarşısında yeni çağırışlar yaradıb. Sosial şəbəkələr və xəbər portalları xəbərləri ani olaraq yayırlar. Belə bir şəraitdə dərgilərin əsas üstünlüyü operativlik deyil, analitik yanaşma, dərin elmi təhlil, yüksək redaktə mədəniyyəti və uzunömürlü məzmundur. Dərgi gündəlik xəbərlərin deyil, zamanın sınağından çıxacaq fikirlərin daşıyıcısı olmalıdır.
Hesab edirəm ki, müasir Azərbaycan dərgilərinin əsas missiyası milli-mənəvi dəyərlərin qorunması, elmi biliklərin və mədəni irsin təbliği, gənc müəlliflərin üzə çıxarılması, cəmiyyətin aktual problemlərinin obyektiv və peşəkar şəkildə müzakirə olunmasıdır. Dərgilər həm də müxtəlif baxışların sivil dialoq mühitində qarşılaşdığı intellektual platforma rolunu oynamalıdır. Belə platformalar cəmiyyətin sağlam inkişafına və ictimai etimadın möhkəmlənməsinə xidmət edir.
Rəqəmsal dövr dərgiçiliyin mahiyyətini dəyişmir, yalnız təqdimat formasını yeniləyir. Bu gün çap və elektron formatlar bir-birini tamamlamalı, keyfiyyətli məzmun daha geniş auditoriyaya çatdırılmalıdır. İnanıram ki, məhz məzmunun keyfiyyəti, peşəkar redaktə prinsiplərinə sadiqlik və milli maraqlara xidmət dərgiçiliyin gələcəyini müəyyən edəcək əsas amillərdir.
“Vətən” elmi–publisistik, ədəbi–bədii dərgisinin baş redaktoru kimi hesab edirəm ki, hər bir dərginin ən böyük vəzifəsi insanları düşündürməkdir. Düşündürən söz isə zamanı aşır. Güclü mətbuat yalnız xəbərlər üzərində deyil, ideyalar, sağlam düşüncə və mənəvi dəyərlər üzərində qurulur.

“Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu
Dərgilər Azərbaycanda təkcə mətbuatın yox, həm də ictimai fikrin, ziyalı zümrəsinin, siyasi intibahın, dolayısıyla demokratik dövlət anlayışının yaranıb formalaşmasında misilsiz rol oynayıb. Hələ ötən əsrin əvvəllərində ölkəmizdə yüksəliş dövrünü yaşayan milli jurnalistikamızın fəaliyyəti, bir-biriylə yarışan qəzetlərin, jurnalların, ələlxüsus “Füyuzat”, “Molla Nəsrəddin” kimi ümummilli dərgilərin çağırışları sonda cahanşümul tarixi zəfər – xalq cümhuriyyətinin yaranmasıyla nəticələndi. Sovet senzurasının qılıncı altında da sözümüz inkişafdan qalmayıb, jurnalistika ən azı peşəkarlığını artırıb, bəlli çərçivə daxilində olsa da, ölkəmizin problemlərini, xalqımızın dərdlərini işıq üzünə çıxarıb. İmperiyanın yumşaldığı dövrlərdə “Azərbaycan”, “Ulduz”, “Qobustan”, daha sonrakı illərdə “Gənclik” kimi çoxtirajlı dərgilər yurddaşlarımızın ədəbi–bədii zövqünün, ictimai–siyasi şüurunun təkmilləşdirilməsi missiyasının yerinə yetirilməsində bir az da irəli getdi. Təsadüfi deyil ki, xalq hərəkatının formalaşmasında da şairlərimiz, ədiblərimiz, elm adamlarımız öndə gedirdilər. Bu kimi faktlar ədəbiyyatın, publisistikanın, bunları qovuşduran dərgilərin xalqın həyatında nə qədər önəmli rol oynadığına əyani sübutdur. Ümid etmək istərdim ki, bu missiya öz əhəmiyyətini hələ də itirməyib. “Füyuzat” dərgisinin kollektivi də demokratik dövlət quruculuğunun təməl daşlarından olan maarifçilik, vətəndaşlıq şüurunun inkişaf etdirilməsi uğrunda həvəslə, inamla çalışır, ulu sələflərindən qalma mirası çiynində könüllü daşıyır. Bu işdə həm sizə, həm də insanlarımızın, xüsusən gənclərimizin qurucu babalarımızdan miras qalmış doğru-düzgün ideoloji kursdan sapmaması üçün əlindən gələni əsirgəməyən bütün həmkarlarınızı Milli Mətbuat günü münasibətilə təbrik edirəm. Bayramınız mübarək!

“Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva
Milli mətbuatın inkişafında dərgilərin rolu haqqında düşünəndə keçilən 150 illik tarixə nəzər salmaq lazım gəlir. Böyük mütəfəkkir, xalqın işığa, maarifə çıxması yolunda bütün bilik və bacarığını, varlığını əsirgəməyən Həsən bəy Zərdabi “Əkinçi” ilə başlatmışdı bu mübarizəni. Amma əsrin əvvəllərindən yaranan dərgilərin gördüyü işlərə nəzərə salanda böyük və çətin yolun bir çox ayrıntıları haqqında aydın təsəvvür yaranır.
Əsrin ziyalı simaları olan Mirzə Cəlil Məmmədquluzadə də, Əlibəy Hüseynzadə də “Molla Nəsrəddin” və “Füyuzat” kimi dərgiləri yaradanda kütləyə təsir etmək, necə deyərlər yatmışları oyatmaq üçün ən dəqiq üsul seçmişdilər. “Molla Nəsrəddin” ən ağrılı problemlərdən, ən çətin mövzulardan satira və yumorla söz açıb millətlə onun öz dilində, anlaya biləcəyi üslubda danışanda, “Füyuzat” daha çox ziyalıya üzünü tutub onun üzərinə düşən vəzifələrə diqqət çəkirdi. Bir sözlə mətbuat millətin inkişafı və maariflənməsi yolunda həlledici rola malik idi. Bu günümüzdə 120 yaşlı “Molla Nəsrəddin”ə həsr olunmuş yubiley sayını çapa hazırladıqca bir daha anladıq ki, mübarizə bitməyib və irəli sürülən məsələlər, qoyulan problemlər ancaq dərginin işıq üzü gördüyü dövrə yox, yüz-yüz illər sonraya da xitab edir.
Qürurverici məqamdır ki, Milli Mətbuatın inkişafı yolunda “Qobustan” dərgisinin özünəməxsus yeri var. Əgər haqqında danışdığımız dərgilər əsrin əvvələrindən xalqa müraciət kürsüsü ola bilmişdisə, 60–cı illərdə bu missiyanı “Qobustan” davam etdirdi. O zamanlar hələ gənc yazıçı Anarın öz nəsildaşları ilə birgə mübarizəsinin, sovet buxovları ilə barışmazlığının əsas meydanı da elə yaratdığı dərgi – “Qobustan” oldu. İndi çalışdığımız bu mətbu orqanın fəaliyyətini araşdıranda o çətin zamanda görülən işlər insanı riqqətləndirir. Azərbaycan mədəniyyəti ümumtürk və dünya mədəniyyətinin tərkibi kimi göstərmək, çərçivələr içərisində olan təqdimat üsullarını dəyişmək, stereotipləri dağıtmaq dərgimizin ən böyük xidmətləri sırasındadır.
Çağdaş sosial şəbəkələr əsrində klassik dərgilərin qorunub saxlanması və onların əhəmiyyətini yeni nəsillərə çatdırmaq fikrimizcə, çox önəmlidir. Oxucuya çatmaq və gəncləri gerçək sənətə kökləmək yolunda əlimizdən gələni əsirgəmir və hansı çətin mübarizəni, müqəddəs missiyanı davam etdirdiyimizi də hər an dərk edirik. Bütün məsləkdaşlarımızı təbrik edir, işlərində uğurlar diləyirik…

“Ədəbi Ovqat” dərgisi, Vaqif Osmanlı
Azərbaycanda mətbuat sistemininin formalaşmasında dərgiçiliyin də rolu danılmazdır. Bu sistemi və onun layiqli nəslini formalaşdıran, peşə prinsiplərini yaradan maarifçilik ideyalarının daşıyıcısı, milli mətbuatımızın qaranquşu, 1875–1877–ci illərdə nəşr olunan, 300–400 tirajla yayımlanan, cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın böyük ziyalısı, milli mənəvi dəyərlərin qoruyucusu Həsən bəy Zərdabinin işıqlı təxəyyülündən doğulan ilk vicdanlı söz və fikir qaranquşudur. “Əkinçi” xalqımızın dünyagörüşünün formalaşmasına, genişlənməsinə, mədəni intibaha qədəm qoymasına kömək etmək üçün gələn ilk mətbuat elçisidir.
Azərbaycan ədəbi–bədii mühitində öz mövqeyi, prinsipləri, nüfuzu, ilahi sözə vicdanlı münasibəti ilə seçilən “Ədəbi ovqat” ədəbi–bədii dərgisinin cəmi beş yaşı olsa da, zəngin və şərəfli yola möhkəm addımlar atdığını anlayır. Artıq dərgi təkcə Vətənimizdə yox, onun hüdudlarından kənarda da yaxşı tanınır, oxucular və müəlliflər, onunla əməkdaşlıq etmək arzusunda olanlar gündən-günə artmaqdadır. Beş il müddətində keçdiyimiz yola nəzər salanda qürur duyuruq. Uğurlu sözə daha məsuliyyətlə yanaşmaq iş prinsipimizdi. Peşəkarlığı, ədəbi sözün və dərgimizin nüfuzunu qorumaq ümdə vəzifəmizdi. Ədəbi sözə özfəaliyyət, əyləncə kimi yanaşanlar, sözü bizneslə eyniləşdirənlər, kiməsə yararlanmaq üçün sözə yarınıb fürsət axtaranlar həqiqi ədəbi nümunə yarada bilməzlər. Söz duyğulu və təmənnasız ürəyin, təbin və qələmin bəhrəsi olmasa heç kimdə ilahi hisslər yarada bilməz. Hissiz, duyğusuz “söz sənəti”nin meydan oxuduğu zamanlarda həqiqi ədəbiyyata çox böyük ehtiyac olub və olacaq. Biz sözə vurğunların mənəvi ehtiyacını ödəmək üçün cəfalı, inanırıq ki, həm də səfalı “uzun, incə bir yol”dayıq. Bu dərgi ədəbi mühitə, ilahi sözə biganə olmayanların yolunda yaşıl işığa çevrilib. Biz həqiqi sözün xidmətçisi kimi bir missiyanın daşıyıcısı olmağı qətiyyətlə qərara aldıq. Dərginin yaradıcılarının qarşısında bir prioritet vəzifə durur: ilahi sözün dəyərini həmişə müqəddəs və uca yerdə saxlamaq. Bu nəşri zövqlü sözsevərlərin sözə sevgisi səviyyəsinə qaldırmaq həm də oxucularımızdan asılıdır. Əlahəzrət həqiqətə tapınaraq biz SÖZün keşiyində ayıq-sayıq söz əsgəri kimi dayanacağıq. Bizi ruhlandıran, əqidəmizə, verdiyimiz sözə sadiq olmağa məcbur edən vicdanlı və istedadlı söz adamlarının qəlbinin, təxəyyülünün məhsulu ancaq bir amala – həqiqətə tapınan SÖZ olacaq…
Böyük elm və fikir dahisi Xudu Məmmədov deyirdi: “Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur”. Yəni söz ən dəqiq tənzimçidir. Biz belə söz axtaranlardanıq. Fərəhimiz, sərvətimiz uğurlu sözdür.
Həqiqi söz, fikir, ideya axtarışında olanların yolu heç vaxt hamar, asan olmayıb. Yaxşı anlayırıq ki, çətinlikdən qorxanlar bu yola çıxmırlar. Biz həqiqi söz yolçularıyıq. Qarşımıza o qədər “mən həqiqətəm!” hayqıran saxta sözbazlar çıxır ki, bəzən doğru və uğurlu sözlə yalanı saf-çürük eləmək çətinləşir. Biz o hay-küyün içində abır–həyasına qısılıb bir küncə sığınan həqiqi sözü axtarıb tapmaq, oxucularımıza tanıtmaq üçün bu yoldayıq. Sözə sevgi bu yolda bizim Simurğ lələyimizdi. Həyatın, sözün yolu nə qədər kələ-kötür olur-olsun, sözə, həqiqətə sevginin gücü bütün çətinliklərə qalib gəlmək üçün bəs edər. Həqiqətə xəyanət edənlərin yolunda qırmızı işıq kimi dayanıb, həqiqi sözü uğurlayan yaşıl işıq olmaq ümdə vəzifəmizdi.

“Çapar” dərgisi, Dilqəm Əhməd
Azərbaycanda jurnalçılığın əsası ötən əsrin əvvəllərinə aiddir. “Füyuzat” və “Molla Nəsrəddin”dən başlayan yolu sonrakı illərdə çoxsaylı dərgilər əvəz etdi.
“Şəlalə”, “Məzəli”, “Babayi–Əmir”, “Məktəb”, “Dəbistan”, “Dirilik”, “Zənbur” kimi müxtəlif mövzulu jurnallar ötən əsrdəki ictimai-siyasi fikrimizi öyrənmək baxımından önəmlidir. Dövrün ziyalıları, siyasi xadimləri xalqa düşüncələrini məhz bu vasitələrlə çatdıra biliblər. Cümhuriyyət dövründə də, Sovet zamanında da bu ənənə davam edib. “Övraqi–Nəfisə”, “Maarif və Mədəniyyət”, “Qobustan” kimi jurnallar dərgiçilik tariximizdə çox önəmli yer tutublar. Müstəqilliyimizi bərpa etdikdən sonra işıq üzü görən “Xəzər”, “Karvan”, “Qurtuluş” kimi jurnallar da dövrün ab-havasını öyrənməyimiz baxımından vacibdir.
Ona görə də istər keçmişin ənənəsini yaşatmaq, istərsə də əhalinin bir qisminin oxu alışqanlığını nəzərə alaraq onlayn dünyada, süni intellekt dövründə dərgilərin yaşadılması vacibdir. Nəzərə alaq ki, bizdə düşüncənin, ictimai fikrin gələcək nəslə ötürülməsində qəzet və jurnalların rolu hələ də aktual olaraq qalır. Bu gün “Füyuzat” dərgisi müxtəlif elm, düşüncə insanlarını bir araya toplayan, dəyər yarada bilən bir platformadır. Burada ədəbiyyat, tarix, fəlsəfə, din, musiqi, teatr və müxtəlif sahələrə aid bir–birindən maraqlı yazılar yer alır. Bu baxımdan feyz verın vasitələrin yaşaması, çoxalması vacibdir. Ölkəmizdə təəssüf ki, onlayn media arxivçiliyi inkişaf etməyib. İndiyədək onlarla ədəbi-mədəni portalın fəaliyyəti sonlandığı üçün arxivi də həmişəlik yoxa çıxıb. İllərin zəhməti, böyük bir arxiv bu şəkildə gələcəyə ötürülməyib. Özüm çalışıram ki, yazılarım daha çox qəzet, jurnallarda çıxsın. Çünki çap materiallar milli kitabxanada toplanılır və bizdən 50 il sonra kimlərsə bu dövrü araşdıranda bizim də yazılarımızı görəcəklər.
“Əkinçi”, “Həyat”, “İrşad”, “Azərbaycan” ənənələrini yaşatmaq, bu günümüzü gələcəyə daşımaq üçün yorulmadan çalışmalıyıq.
Baş redaktoru olduğum “Çapar” dərgisi adından dost “Füyuzat” dərgisi kollektivi başda olmaqla dərgiçiliklə məşğul olan hər kəsi Mətbuat Günü münasibətilə təbrik edirəm.
Hazırladı: Fidan VAHİD


