Xəbərlər

Ruslan Bayramlı peşə təhsilinə qəbul qaydaları və yenilikləri şərh edib

2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilib. Qəbulda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil  bazasını bitirən şəxslər iştirak edə bilər.

Peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməklə müraciət edə bilərlər.

Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a bildirdiyinə görə, peşə təhsili müəssisələrinə qəbul siyasəti əmək bazarının mövcud tələbləri nəzərə alınmaqla formalaşdırılır. Statistik rəqəmlərə baxsaq görərik ki, son 10 ildə plan yerlərinin sayı artıq 33 000-i ötüb. Həmçinin, cari ildə 5 yeni ixtisas – geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası ixtisasları da qəbul planına əlavə edilib.

İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul attestat fənləri üzrə qiymətlərin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

Qəbul prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas seçimi etmək imkanı yaradılır.

Peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər şəxslər 2026/2027-ci tədris ili üzrə qəbul planını, həmçinin əvvəllki illərdən fərqli olaraq 2025/2026-cı tədris ili üzrə qəbul zamanı formalaşmış keçid ballarını Peşə Təhsili Üzrə Dövlət Agentliyinin saytından əldə edə bilərlər.

Bir məlumatı da xüsusi olaraq qeyd edək ki, Peşə Təhsili Üzrə Dövlət Agentliyinin verdiyi məlumata əsasən, cari ilin məzunları üçün təhsil məlumatları sistemə yaxın günlərdə inteqrasiya olunacaq. Digər bir məlumat da ondan ibarətdir ki, 9 illik bazadan peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün şəkilli şəxsiyyət vəsiqəsi tələb olunur.

Məlumat üçün qeyd edək ki, peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 avqust 2026-cı il tarixinədək davam edəcək.