Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) “İnkişaf Elçiləri Proqramı” çərçivəsində ilk səfəri Azərbaycana olub.
“Füyuzat” xəbər verir ki, layihənin əsas məqsədi ali məktəb tələbələrinə qlobal inkişaf platformalarında, beynəlxalq tərəfdaşlıq layihələrində həm nəzəri biliklərə yiyələnmək, həm də canlı təcrübə qazanmaq imkanı yaratmaqdır.
Könüllülərin xarici səfər marşrutunda ilk dayanacaq məhz Azərbaycan olub. Səfər proqramını Bakıdakı Türk Şəhidliyini ziyarət etməklə tamamlayan “İnkişaf Elçiləri” ölkəmizlə bağlı təəssüratlarını bölüşüblər. TİKA-nın Bakıdakı nümayəndəliyinin rəhbəri Mahmud Ağırman qeyd edib ki, proqram çərçivəsində gənclərin müxtəlif coğrafiyalara səfərləri planlaşdırılır:
“İlkin addımın Azərbaycandan atılması dərin mənəvi məna daşıyır. Tələbələrin bura gəlişi 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın keçdiyi tarixi yola ehtiramın bir göstəricisidir.” Əcdadlarının izi ilə Azərbaycanın regional mərkəzlərinə üz tutan gənclər müxtəlif səmərəli görüşlərdə iştirak ediblər:
“Şəhidlikdəki anım ziyarəti ilə səfərimizi yekunlaşdırırıq. Burada dinamik inkişaf edən, son dərəcə abad və gözəl bir ölkə ilə tanış olduq. Türkiyə və Azərbaycan arasında müxtəlif istiqamətlərdə genişlənən tərəfdaşlıq ‘Bir millət, iki dövlət’ prinsipinə uyğun olaraq bundan sonra da yüksələn xətlə davam edəcək.”





