Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bu günün tarixindən, əhəmiyyətindən bəhs edən biblioqrafik icmal, dövri mətbuatın elektron bazası, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Azərbaycan Dili Gününün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir. Virtual sərgidə bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar haqqında məlumatlar öz əksini tapır.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxananın rəsmi saytında “Ana dili” adlı dövri mətbuatın elektron bazası yaradılıb. Burada istifadəçilər işlək keçidlər vasitəsilə müxtəlif internet platformalarında, xəbər saytlarında ana dili mövzusunda qələmə alınan məqalələrin elektron versiyası-tam mətni ilə tanış ola bilərlər.
Kitabxanada “1 Avqust – Azərbaycan Dili Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Ana dilimiz varsa, biz də varıq” adlı biblioqrafik vəsait sərgilənməkdədir.



