Ötən əsrdə Naxçıvan bölgəsindən Türkiyəyə mühacirət edənlər arasında sonralar bu ölkədə peşəkar rəssam kimi tanınmış iki nəfər olub: Əkbər bəy Kazımbəyov və İbrahim Səfiyev. Təəssüf ki, qohum olan bu şəxslərin Türkiyəyə getməzdən öncəki həyatı və təhsil mühiti müəyyən qədər tədqiqatlardan kənarda qalmış, bəzi hallarda isə yetərli məlumat əldə olunmamışdır.
Əkbər Kazımbəyovun təhsil həyatı
Türkiyədə “Ekber Kazım Muğan” adı ilə tanınan Əkbər bəy Kazımbəyov 1884-cü ildə Naxçıvanda dünyaya gəlmiş, 1906-cı ildə isə İrəvanda orta təhsilini tamamlamışdır. Professor Ədalət Tahirzadənin əldə etdiyi məlumata görə, o elə həmin il Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. Türkiyə arxivlərindən əldə etdiyimiz yeni sənədlərdən aydın olur ki, Ə.Kazımbəyov 1912-ci ildə imtahan verərək Moskvadakı Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbinin ikinci sinfinə daxil olmuş, beləcə, rəssamlıq şöbəsində üç il oxuduqdan sonra – 1915-ci ildə təhsilini tamamlamışdır.
Əkbər Kazım 22 noyabr 1934-cü ildə Qars Maarif Müdirliyinə ünvanladığı müraciətində müharibə və mühacirət səbəbindən diplomunu itirdiyini, buna görə də yeni diplom ala bilməkdə ona köməklik göstərilməsini xahiş etmişdi. 30 dekabr 1934-cü ildə Qars maarif müdiri V.Hakkı bəy bununla bağlı Maarif Vəkalətinə (Təhsil Nazirliyinə) müraciət etmişdir. Sözügedən ərizədə Əkbər Kazımın bir fotoşəkli də verilib. Maarif Vəkaləti də bu müraciəti öz növbəsində Xariciyyə Vəkalətinə, ardınca isə 28 yanvar 1935-ci ildə araşdırılması üçün Moskva səfarətinə göndərib. Səfir Zəkai Apaydının imzası ilə Xariciyyə Vəkalətinə göndərilən 19 oktyabr 1935-ci il tarixli sənəddən aydın olur ki, Əkbər bəy hüquq fakültəsini 1912-ci ildə, incəsənət fakültəsini isə 1915-ci ildə bitirib. Səfir məsələnin araşdırıldığını, lakin həmin dövrə aid qeydiyyat materialları qorunmadığı üçün surəti əldə etməyin mümkün olmadığını yazıb. Xariciyyə Vəkaləti isə Maarif Vəkalətinə göndərdiyi 11 noyabr 1935-ci il tarixli sənəddə bu barədə məlumat verib.
Əkbər bəy Kazımbəyovla bağlı əldə edilən bu yeni sənədlər onun ali təhsili barədə mühüm bilgilər versə də, təəssüf ki, Türkiyədəki iş fəaliyyətinin əsas göstəricisi olan diplomun surəti tapılmayıb. Türkiyə arxivində bəzi mühacirlərin də eyni səpkili müraciəti olub. Görünür, ya SSRİ onların kimliyini bildiyi üçün yardım göstərməyib, ya da ki bəzi universitetlərin arxivində yanğın olduğu üçün sənədlər həqiqətən yoxa çıxıb.
Diplomun itməsinə səbəb olan hadisəni isə oğlu Nuru Muğan 2011-ci ildə “Kars” jurnalına verdiyi müsahibəsində belə izah edib: “Atamın diplomu onu həbs edən gürcü əsgərlərin qurbanı olub. Həmin əsgərlər tələb etdikləri 3000 manatı almaq üçün evə gəldikləri zaman hər şeyi belindəki bir qurşaqda gizlədən anası hamısını verərək atamı xilas edir. Beləcə, digər sənədlərin yanında diplomu da gedir. Sonrakı illərdə diplomu yenidən çıxartmaq istəsək də, o dövrə aid qeydiyyatlar tapılmadı. Halbuki doktor Əsəd Oqtay bəyin qardaşı Səməd bəy o dönəm SSRİ-yə gedərək Əsəd bəyin diplomunu almışdı”.
Siyasətdən rəssamlığa
Əkbər bəy Kazımbəyovun müraciətində qeyd etdiyi hərb və mühacirət səbəbinə gəldikdə isə onun həyat hekayəsi olduqca maraqlıdır. Türkiyə arxivindəki müraciətində onun Azərbaycandakı ünvanı açıq şəkildə qeyd edilib: İrəvan vilayəti, Şərur-Dərələyəz qəzası, Baş Noraşen qəsəbəsi. 1961-ci ildə bu kəndin adı Mirzə Cəlilin xatirəsinə Cəlilkənd olaraq dəyişdirilib. Nuru Muğan müsahibəsində ailəsinin mənşəyi haqqında da bəzi bilgilər verib: “Əslən naxçıvanlıyıq. Atam Naxçıvandakı Şərq qəsəbəsində bugünkü lisey binası olan evdə dünyaya gəlib. Naxçıvanda atama məxsus kəndlər olub. Vaxtilə IV Murad dədəmə veribmiş. IV Muraddan bəylik alan Kazımbəyovdur. Yəni Kazım bəyzadə. Atam Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin Naxçıvan təmsilçisi idi. Atam, əslində, rus idarəçiliyi dövründə Ərdəhana rus məmuru olaraq gəlib. Göle, Oltu, Ərdəhan, Posof ərazilərində hali-ərazi müdiri olub, ayda 700 rubl maaş alıb. Qars Milli Şurasında ziraət və təhsil naziri olub. Atamın o dövrdəki dostlarını çox tanımıram. Cümhurbaşqanı İbrahim bəy çox cəsur adamdı. Sərvər Atabəy də atamın dostu idi. Sonrakı illərdə Manisaya yerləşirlər, xəyal-məyal xatırlayıram. Atam corab geyinməzdi, ayağına kətan parça sarıyardı. Bu, rus dövründən qalma bir alışqanlıqdı. Rusiyada o zamanlar corab yox imiş, ayağı bu şəkildə qoruyar, sonra ayaqqabı geyinilərdi”.
Əkbər bəyin nəticəsi Hakan Ertuğralın dədəsi haqqında qələmə aldığı məqalədə atasının Cəlal, anasının Səadət olduğu göstərilib. Anasını erkən yaşda itirib. Uşaq yaşlarından etibarən rəssamlığa böyük maraq göstərib. Ailəsi ilə birgə yaylaqda olduğu zamanlarda kömür və su vasitəsilə ilk təsvirlərini yaratmağa başlasa da, ailə mühitində rəssamlıq fəaliyyətinə mənfi münasibət bəslənildiyi üçün əl işlərini çadırlarda gizlədib. O, Rusiyada ikən məşhur rəssam Kazimir Maleviçdən, Leonid Pasternakdan dərs alıb. Bu illərdə “Doktor Jivaqo”nun müəllifi Boris Pasternakla da tanış olub.
Əkbər Kazım 1917-ci ildə Rusiyanın tərkibində olan Ərdəhan şəhərinə gəlib, Hacı Zeynalabdin Tağıyevin yaratdığı Cəmiyyəti-Xeyriyyənin bölgədəki əməkdaşlarından olub, meşəbəyi vəzifəsində də çalışıb. Çar Rusiyasının çöküşündən sonra ermənilərin bölgədə törətdiyi zülmlərin qarşısını almaq üçün qurulan Qars Milli Şurasında təmsil olunub. İngilislərin bu şuranın qurduğu hökuməti dağıtmasından sonra isə bir müddət siyasi fəaliyyətinə son qoyub. Nuru Muğan müsahibəsində atasının bu dövrdəki fəaliyyəti ilə bağlı bəzi məlumatlar verib: “Mən atamın cümhuriyyət idarəçiliyində yer aldığını öyrəndiyim zaman iyirmi beş yaşımda idim. Atamdan bizə niyə bir şey danışmadığını soruşdum. O isə “oğlum, bir şey edə bilmədik ki. Xalq bizdən çox şey gözləyirdi, pulumuz, əsgərimiz yox idi”, – dedi. Parlament basıldığı zaman atam da orada imiş, həbs qərarı çıxınca qaça bilib. O, rus topçulardan birinin atına minərək Ərdəhana gedir. Orada Tağıyevin maliyyəsi ilə fəaliyyət göstərən Cəmiyyəti-Xeyriyyədə yer alır… O vaxtlar Cəmiyyəti-Xeyriyyənin Qarsda qurduğu məktəbin başında doktor Xosrov Sultanov, Ərdəhandakının başında isə atam Əkbər Kazımbəyov dayanırdı. Sonrakı illərdə Qarsın millət vəkili olan Kahraman Arıklı bu məktəbin anbar məmuru idi”.
Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Əkbər Kazım 1930–1934-cü illərdə Ərdəhаndа bələdiyyə rəisi, 1934–1936-cı illərdə Qаrs lisеyində rəsm müəllimi kimi çаlışıb. Ərdəhanın Mərkəz rayonunun Kaptanpaşa kəndində qeydiyyata düşüb. 1930-cu illərdə Qarsdan musiqiçilər gətirərək Ərdəhanda tədbir təşkil edib. 1950-ci il seçkilərində millət vəkilliyinə namizədliyi istənilsə də, rədd edib.
1966-cı ildən başlayaraq ömrünün sonuna kimi arıçılıqla məşğul olan Əkbər Kazım bu peşəni oğluna öyrədib. Nazim Muğan isə “Arıçının illik işləri” adlı kitab qələmə alıb. Ərdəhanda yaşadığı müddətdə Əkbər Kazım Muğan Vyanaya getmək istəyib, lakin bu arzusu baş tutmayıb.
1966-cı ildə İstanbula köçən Əkbər bəy İstanbul Universitetinin Stomatologiya kafedrasının professoru olan oğlu Nuru Muğanın yanında yaşayıb. O, ömrünün ixtiyar çağlarında, təxminən 84-85 yaşlarında yenidən bədii yaradıcılıqla məşğul olmağa başlayıb. Rəssamın, əsasən, həyatının son üç ilində ərsəyə gətirdiyi 35-40 ədəd portret, mənzərə, natürmort və çoxfiqurlu kompozisiyadan ibarət tabloları ilk dəfə vəfatından 14 il sonra nümayiş etdirilib. Həmin əsərlər oğlu Nuru Muğanın təşəbbüsü ilə 4 aprel – 2 may 1986-cı il tarixlərində İstanbulun “Pamukbank Suadiyə Sənət” qalereyasında təşkil olunmuş sərgidə geniş ictimaiyyətə təqdim olunub. Bu sərgi barədə “Sənət çevrəsi” jurnalında professor İsmayıl Tunalının məqaləsi dərc edilib və Əkbər Kazımın əsərlərinin təhlili aparılıb.
Hazırda sənətkarın tabloları Türkiyənin müxtəlif muzeylərində və şəxsi kolleksiyalarda mühafizə olunur. Əkbər Kazım Muğanın yaratdığı yüzə yaxın sənət nümunələrinin otuza qədəri oğlu Nuru bəyin şəxsi arxivində saxlanılmışdı. Nuru Muğan 1989-cu ildə Bakıda səfərdə olarkən bu əsərlərdən ikisini Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayıb. Əkbər bəy vəfatından bir gün əvvəl Türkiyənin sabiq Baş naziri Adnan Menderesin kömürlə işlənmiş portretini çəkib.
Ailə həyatı
Əkbər bəy 1920-ci ildə Tutu adlı xanımla evlənib, bir il sonra övladları Nazim, ardınca da Yasin, Nuru və Lətifə dünyaya gəlib. Tutu xanımın valideynləri Xoy şəhərindən Ərdəhana köçmüş Güney Azərbaycan mühacirlərindən olub. Tutu xanım Tiflisdə gimnaziyanı bitirib.
Ali təhsilli aqronom-mühəndis olan oğlu Nazim Muğan bir müddət siyasi fəaliyyət göstərib, 1968-ci ildən etibarən Ərdəhan Ziraət İnstitutunun müdiri olub. Yasin Muğan Türkiyə İş Bankasında uzun illər müdir vəzifəsində çalışmış, İstanbulda Stomatologiya fakültəsinin dekanı olan Nuru Muğan isə “Türk diş həkimliyinin tarixi” adlı monoqrafiya yazmışdır. Hərbi hakim Saim Sonbayla ailə quran qızı Lətifə xanım 22 yaşında vəfat edib. Qızının Şirin Sonbay Yücəl adlı qız övladı isə fəlsəfə müəllimi kimi fəaliyyət göstərib, Pertevniyal liseyində işlədikdən sonra təqaüdə çıxıb.
7 noyabr 1972-ci ildə İstanbulda vəfat edən Əkbər bəy Ədirnəqapı məzarlığında dəfn edilib. Həyat yoldaşı Tutu Muğan isə 17 yanvar 1980-ci ildə dünyasını dəyişib.
Qaynaqlar:
Başkanlık Cumhuriyet Arşivi.
Türk Diplomatik Arşivi.
Ertuğral, H. (2018 ) “Rusya’da Devrim, Muhacirler ve Ekber Kazım Muğan”// “Yeditepe Üniversitesi Tarih Bölümü Araştırma” dergisi 2: s. 30–54.
“Kars” dergisi, sayı 4, Haziran 2011.
“Sanat Çevresi” dergisi, sayı 90, Nisan 1986.



