Köşə Yazıları Samir Ramizoğlu Xəbərlər

Qaranlığı yarmaq üçün…

Cəmiyyəti tənqid atəşinə tutub qınayanlar nədənsə çox vaxt öz nöqsanlarını görmür və ya görməzdən gələrək düzəltmək istəmirlər. Cəmiyyətin dəyişməsini istəyirik, amma özümüzü dəyişmirik. Başqalarının nöqsanları gözümüzdən yayınmır, amma öz daxili səsimizi dinləmək istəmirik. Halbuki insanın ən böyük qələbəsi öz nəfsinə üstün gəlməsidir.

Cəmiyyətin halı bizim düşüncələrimiz, davranışlarımız və mənəviyyatımızdan qaynaqlanır. İnsan dəyişmirsə, cəmiyyət də dəyişmir. İcraçılar yaramazdırsa, əxlaq kasadlığı çəkirsə, ən mükəmməl qanunlar belə insanları xoşbəxt edə bilməz, ən böyük sərvətlər isə yararsız və dəyərsiz olar.

Mənən kasad olan başqalarına fayda verə bilməz. İnsan mütləq daxilən zənginləşməlidir.

Bəzən elə təsəvvür yaranır ki, bir neçə kitab oxumaqla alim, bir neçə xeyriyyə aksiyası keçirməklə xeyirxah, yaşa dolduqca ağsaqqal olmaq mümkündür. Halbuki bilik oxunan kitabların sayında yox, düşüncəyə verdiyi doğru istiqamətdədir. Xeyriyyəçilik qəlbdən doğulan xeyirxahlıq əxlaqına bağlıdır. Ağsaqqallıq yaşın deyil, müdrikliyin göstəricisidir. Ziyalılıq isə rütbənin deyil, məsuliyyət hissinin adıdır.

Müasir dövrün özəlliyi informasiya bolluğundadır. Heç vaxt bu qədər məlumatlı olmamışıq, eyni zamanda bəlkə də heç vaxt mənəviyyata da bu qədər ehtiyac duymamışıq. İnformasiya insanı məlumatlandırır, mənəviyyat isə istiqamətləndirir. Texnologiya həyatımızı rahatlaşdıra bilər, amma mənəviyyatımızı zənginləşdirə bilməz.

İşıq qaranlıqla döyüşməyə çalışmır, sadəcə onun gizlətdiklərini aydınlığa çıxarır. İnsan da uzun, yersiz çıxışlardan, sərt ittihamlardan və bitməyən narazılıqlardan daha çox nümunəvi davranışı ilə təsir göstərə bilir.

Müəllimin vicdanla keçdiyi dərs, jurnalistin həqiqət naminə yazdığı məqalə, həkimin mərhəməti, alimin dürüstlüyü, gəncin təmənnasız yaxşılığı… Tarixin də işıqlı səhifələri çox vaxt məhz belə fədakarlıqlarla yazılıb.

Millətlərin böyüklüyü yalnız iqtisadi göstəricilər, hərbi güc və ya göydələnlərlə ölçülmür. Hər millət mənəviyyatca güclü insanlarla qüdrət qazanır. Çünki vicdansız zəka təhlükəlidir, əxlaqsız güc dağıdıcıdır, məsuliyyətsiz azadlıq isə cəmiyyəti uçuruma aparır.

Bu gün bizə yeni şüarlardan daha çox yeni örnəklər lazımdır. Daha gur səslərdən deyil, daha parlaq vicdanlardan güc almalıyıq. İnsanlar deyilənləri unuda bilərlər, amma gördükləri nümunəni uzun illər yadda saxlayırlar.

Bu günün ən aktual sualı budur: Mən dünyadan nə gözləyirəm?

Amma bundan da vacib olanı: Dünya məndən nə istəyir? – sualıdır.

Bəlkə də, cavab elə bu iki sualın arasında gizlənib. Çünki böyük dəyişikliklər kütlələrin alqışı ilə deyil, insanın verdiyi vicdanlı qərarlarla başlayır.

Böyük millətlərin uğuru hər fərdin məsuliyyətindən doğulur.

Və bəzən ən qatı qaranlığı yarmaq üçün bircə çıraq kifayət edir.

O çıraq elə sənsən, mənəm, bizik…