Deyirlər, güzgü heç vaxt yalan danışmır. O, qarşısında dayananı olduğu kimi göstərir. Amma həyatın elə bir görünməz güzgüsü də var ki, o, üzümüzü yox, daxilimizi əks etdirir. Biz ətrafımızdakı insanları, hadisələri və dünyanı çox vaxt olduğu kimi deyil, öz daxilimizdə daşıdıqlarımızın rəngində görürük.
Qəlbində sevgi olan insan ətrafında sevgi axtarmır, onu hər yerdə hiss edir. Kiçik bir təbəssümü, sadə bir salamı, səmimi bir sözü böyük bir xoşbəxtlik kimi qəbul edir. Çünki onun baxışları işıqlıdır. Dünyaya baxanda ilk gördüyü gözəllik olur.
Amma ürəyində kin gəzdirən insan üçün dünya tamam başqa yerdir. O, hər sözün arxasında pis niyyət axtarır, hər davranışı özünə qarşı hesab edir. Başqasının uğuruna sevinmək əvəzinə, onun necə yüksəldiyini araşdırır. Çünki daxilində olan hisslər baxışlarına hakim olur.
Paxıl insan elə düşünür ki, hamı onun uğurunu çəkə bilmir. Yalan danışan insan başqalarının da həmişə yalan danışdığına inanır. Xəyanət edən insan hər kəsdən xəyanət gözləyir. Çünki insan başqasını çox vaxt öz ölçüsü ilə qiymətləndirir. Öz daxilində nə daşıyırsa, onu başqalarının üzərinə köçürür.
Elə insanlar var ki, daim “Heç kim səmimi deyil”, “Ondan mənfi enerji alıram”, “İnsanlara inanmaq olmaz” deyirlər. Bəzən bu sözlər yaşanmış acı təcrübələrin nəticəsi ola bilər. Amma bəzən də bu fikirlər insanın öz daxili dünyasının əksidir. Çünki hər kəs eyni dünyada yaşasa da, eyni həyatı görmür. Hər kəs öz baxış bucağından baxır.
Xoşbəxt insan başqasının sevincini görəndə gülümsəyir. Öz həyatından razı olan insan başqasının uğurundan narahat olmur. Çünki bilir ki, başqasının işığı onun işığını söndürmür. Amma daxilən narazı olan insan üçün başqasının uğuru öz uğursuzluğunu xatırladır. Buna görə də dünyanı haqsız, insanları isə xoşbəxt görünən maskalı insanlar kimi görməyə başlayır.
Həyatı dəyişmək istəyən insan əvvəlcə güzgünü silməyə çalışmamalıdır. Çünki problem güzgüdə deyil. Əgər güzgüdə gördüyümüz görüntü xoşumuza gəlmirsə, dəyişməli olan güzgü deyil, onun qarşısında dayanan insandır.
Bəlkə də xoşbəxtliyin sirri dünyanı dəyişməkdə deyil, ona baxan gözləri dəyişməkdədir. Daxilimizə sevgi, mərhəmət, dürüstlük və ümid yerləşdirdikcə, ətrafımızda da bunların izlərini daha çox görəcəyik. Çünki həyat hər gün bizə eyni həqiqəti pıçıldayır. Dünya çox vaxt sənin ona baxdığın güzgüdür. Sən necə baxırsansa, o da sənə elə görünür.



