Xəbərlər

MİMTA-da milli irsin beynəlxalq təbliği və xaricdəki gənclərlə əlaqələr müzakirə olunub

Milli İrsin Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalıları və mədəniyyət nümayəndələri ilə keçirdiyi görüşlər platforması davam edir.

Növbəti görüşdə tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının böyük redaktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribov və İstanbuldakı Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri, Azərbaycan tədris müəssisəsinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-dramaturq və ssenarist Aygün Həsənoğlu iştirak ediblər.

Görüşdə Azərbaycanın zəngin milli-mədəni irsinin beynəlxalq miqyasda tanıdılması, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin daha da gücləndirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılığının qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçılarına MİMTA Fondunun milli irsin araşdırılması, qorunması və təbliği, həmçinin xaricdə yaşayan soydaşlarımızla, xüsusilə gənclərlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, qloballaşan dünyada milli kimliyin və tarixi yaddaşın qorunması yalnız mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından deyil, Azərbaycanın beynəlxalq informasiya və mədəniyyət məkanında layiqli şəkildə təmsil olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Görüşdə “MİMTA Yayımları”nın fəaliyyəti də diqqət mərkəzində olub. Azərbaycanın mətbuat tarixində mühüm iz qoymuş “Füyuzat” və “İşıq” jurnallarının uzun fasilədən sonra yenidən bərpa edilərək nəşr olunmasının milli mətbuat irsinin yaşadılması və müasir auditoriyaya çatdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Xaricdə təhsil alan və fəaliyyət göstərən azərbaycanlı gənclərin maariflənməsi, onların təhsil və yaradıcılıq imkanlarının dəstəklənməsi, milli özünüdərk hissinin gücləndirilməsi və Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması məsələləri də müzakirə olunub. Qeyd edilib ki, gənclərlə sistemli və davamlı əməkdaşlıq diaspor fəaliyyətinin yalnız təşkilati deyil, həm də intellektual və mədəni əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində media və maarifçilik istiqamətində təcrübə mübadiləsi aparılıb, televiziya, mətbuat və yeni media imkanlarından istifadə etməklə milli-tarixi yaddaşın qorunması və gənc nəslin bu irslə daha yaxından tanış edilməsi məsələləri ətrafında fikir mübadiləsi keçirilib. Xüsusilə gənc jurnalistlərin peşəkar inkişafı, onların milli tarix və mədəni irslə bağlı mövzulara marağının artırılması və bu sahədə maarifləndirici layihələrin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Sonda milli irsin beynəlxalq miqyasda təbliği, xaricdə yaşayan azərbaycanlı gənclərin maariflənməsi, onların Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi və media sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş iştirakçıları bu istiqamətdə həyata keçirilən təşəbbüslərin davamlılığının təmin edilməsinin, müxtəlif sahələrdən olan ziyalı və mütəxəssislərin prosesə cəlb olunmasının, eləcə də xaricdəki gənclərlə daha sistemli əlaqələrin qurulmasının vacibliyini vurğulayıblar.