Bu gün Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür. Bu münasibətlə şairin qəlblərə yol tapan misralarını Fuyuzat.az oxucularına təqdim edirik:
Qaçmışam şəhərdən, maşın səsindən
Onun ruhuma yad təntənəsindən.
Xəzər sahilində mavi bir eyvan
Olubdur günəşlə isinmiş yuvam.
Ayağımın altında ağ qum dənizi
Başımın üstündə mavi göy üzü,
Torpaqla, havayla, suyla, günəşlə
Həmsöhbət yaşaram əməklə, işlə.
Gecələr fikirlər məni yoranda
Dururam yataqdan alatoranda.
Çıxıram tənəklər döşənmiş bağa
Əyilib hörmətlə şehli torpağa,
Mən salam verirəm, salam alıram
Gözəllik önündə fikrə dalıram.
Bilmirəm nə zaman günün çırağı
Yanıb al-qırmızı boyuyur bağı.
Onda fikirlərdən açılıb başım
Çıxır xəyalımdan indiki yaşım
Deyirəm: Mən sənin, ey ana torpaq,
Üstündə yaşamaq istərəm ancaq
Bu təmannam üçün sən məndən küsmə
Qoynuna çəkməyə məni tələsmə.
Duyğular
Səhra küləkləri kimi
Könlüm mülkündə duyğular
Gah soyuq, gah isti əsdi.
Gah gecikdi, Gah tələsdi.
Gah gözdə göz yaşım dondu,
Gah ürəyim oda yandı…
Demədim, bəsdi! Duyğular!
Üzdüm fikirlər selində
Xatirələrin elində…
Kədər xəncəri əlində
Yolumu kəsdi duyğular!
Gah ağlatdı xəlvət-xəlvət,
Əzizlərdən açdı söhbət,
Gah göstərdi mənə ülfət
Gah məndən küsdü duyğular.
***
Dörd divar,
Bir tavan,
Bir döşəmə.
Bir də
Ürəyimdə sıxıntı,
Kədər.
Sabahı gözləyən ümidlər…
Sabahım da bu günümə bənzəsə əgər?..
Tufanla oynama
Dəniz küləklə oynadı,
Vəhşi fələklə oynadı.
Yaşıl çəməndə dalğalar
Bu dib çiçəklə oynadı.
Dəniz, o mavi gözlü qız
Çaşdı tufanla oynadı.
Ürəklə, canla oynadı,
Coşdu içindən qaynadı.
Sən də tufanla oynama,
Dəniz kimi coşma gülüm, ay gülüm.
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri…
Baş götürdü bircə gün;
Bir gün oldu bu toy-düyün.
Biz oturaq, sən səadət,
Dəniz yoruldu büsbütün.
Uçdu ləpəsi aşiqin,
Getdi dəniz küləkləri.
Susdu o mavi gözlü qız,
Susdu o nəğmə səsləri.
Sən də tufanla oynama,
Dəniz kimi coşma gülüm, ay gülüm.
Coşub içindən qaynama,
Çox deyil bizim ömrün illəri…
Təqdim etdi: Günel Natiqqızı



