Mənəviyyat Muxtar Cəfərli Xəbərlər

Ən gözəl libas

“Əgər utanma, həya hissin yoxdursa, istədiyini et!” demişlər. Bu nəsihəti bütün dövrlərdə yaşayan böyüklər dönə-dönə insanlara xatırlatmışlar. Çünki həyasını itirən, həya pərdəsi yırtılan insan utanıb-çəkinmədən hər istədiyini, ağlına gələn hər şeyi, hətta hər cür pisliyi rahatlıqla edə bilər.

“Çəkinmək” və “utanmaq” anlamını verən həya əxlaqi termin kimi “insanın çirkin davranışlardan narahat olub onları tərk etməsi” , xoşa gəlməyən şeylərin baş verməsi zamanı insanın üzündə meydana çıxan “incə qızartı” və s. mənaları ifadə edir.

İnsana xas bir hiss olan həya eyni zamanda insanı digər varlıqlardan ayıran ən bariz xüsusiyyətlərdən biridir. Həya insanı heyvani duyğulardan, şeytani düşüncələrdən qoruyan mənəvi bir hisdir. İnsan libası ilə bədənini örtüb qoruduğu kimi, həyasıyla da ruhunu və mənəviyyatını qoruyur. Bu mənada demək olar ki, bir insanın həqiqi insanlıqdan nəsibi həyası qədərdir.

Həya və iffət bütün insanlardan gözlənilən xüsusiyyət olsa da, bu hislərdən söhbət gedəndə təbii olaraq daha çox qadınlar ağla gəlir. Çünki yaradılış etibarilə qadınlara daha çox yaraşan bir gözəllikdir həya. Ən gözəl əxlaqın təmsilçisi olan peyğəmbərimiz Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Həya gözəldir, amma qadınlarda daha da gözəldir” .

Doğrudur, İslamda savab və günah baxımından qadın və kişi bərabərdir. Uca Allah xeyirli işlər görən, gözəl davranış sərgiləyən və yaxşılıq edən kişiyə də, qadına da eyni savabı verir. Həmçinin şər və pislik edən kişiylə həmin işi görən qadına da eyni cəza tətbiq edilir.

Həya bütün insanların, xüsusilə də qadınların daxili gözəlliyinin zahirə əks olunmuş halıdır. Qadın dəyərini ancaq həya və iffət dairəsində yaşamaqla qoruya bilər. Belə bir qadına həm mələklər, həm də insanlar qibtə edərlər. Çünki həya və iffətləri səbəbiylə qadınlar Cənnət hurilərindən belə daha üstün məqama yüksələrlər.

Bəli, qadını mələklərdən daha ülvi edən onu misilsiz bir inciyə çevirən, məhz onun batini gözəlliyi, iffət və həyasıdır. Cənnət qadınları ən üstünü və insanlıq hurisi Həzrət Fatiməni, iffət və həya abidəsi olan Həzrət Məryəmi, Həzrət Muhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) ilk iman edən xanım Həzrət Xədicəni pak və təmiz edən, onları ülvi məqamlara yüksəldən nə onların çox namaz qılmaları, nə də çox oruc tutmaları idi. Onları belə bir məqama ucaldan əsas səbəb iffət və həyaları idi

Həya insanların öz mənəvi dəyərlərindən uzaqlaşdığı, özlərinə yadlaşdığı və insani keyfiyyətləri birbir itirdiyi bu dövrümüzdə ən çox ehtiyac duyduğumuz bir məziyyətdir. Lakin günümüzdə bir çox dəyərlər kimi həyanın da ehtiva etdiyi geniş və dərin mənalar gözardı edilərək təkcə “utanma” mənası qalıb ki, o da insanlıq üçün nöqsan hesab olunur.

Müasir dünyada insan nə qədər “arsız” olarsa, onun öz iş və peşəsində daha çox müvəffəqiyyət qazanacağı, eyni zamanda geyimindən ta istedadına qədər hər şeyini böyük bir “cəsarətlə” nümayiş etdirməsi təlqin olunur. Belə edənlərin vardövlətə, şöhrətə, rahatlığa və hər cür maddi imkana kəsə olaraq sahib olduqları zehinlərə yerləşdirilir, habelə onlar cəmiyyətə nümunə kimi göstərilir!

Bu da bir həqiqətdir ki, həyasını itirmiş bir insan nə mənəvi, nə də əxlaqi dəyərləri yaşada bilər. Çünki inanan bir insan üçün həya insanlığın əsas göstəricisidir. Həya timsalı Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) bu həqiqəti “Hər dinin bir əxlaqı vardır. İslamın əxlaqı da həyadır” hədisi ilə bəyan etmişdir.

Kiçiyin böyükdən, gəncin yaşlıdan həya etməsinin “mədəniliyə” zidd qəbul edildiyi (!) bir həyat düşüncəsində, təbii ki, yaradılanın Yaradan qarşısındakı həyasından söhbət belə gedə bilməz. İnsanlar birbirindən aşkarda həya etdikləri kimi, daha doğrusu, həya etmək məcburiyyətində olduqları kimi, onların hər halını görüb xəbərdar olan Uca Yaradandan da gizlində həya etmək məcburiyyətindədirlər.

Ələlxüsus günahların aşkar şəkildə edildiyi bu dövrdə iffət qalasına sığınmaq bir zərurətdir. Belə ki, ən böyük düşmən olan nəfs və şeytanın iffət qalamıza zərər verməməsi üçün onu iman və həya ilə təmir edib möhkəmləndirməli, eyni zamanda Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) bu ciddi xəbərdarlığını əsla zehnimizdən çıxartmamalıyıq:

“Həya və iman əkiz qardaşdır – biri gedərsə, digəri qalmaz”.

Müəllif: Muxtar Cəfərli

Mənbə: “İşıq”–qadın jurnalı, 2015, № 4 (84)