Füyuzat 150 • Xəbərlər

Qırmızı siyənəklər

Modern dünyada həqiqətdən yayındıran izlər…

Fəlsəfə ilə ciddi məşğul olmağa başlayan, bu sahənin tarixini, önəmli arqumentlərini və problemlərini öyrənmək istəyən hər kəsin yolu gec-tez məntiq elminə düşür. Getdikcə formal və qeyri-formal məntiq, bu elmin zaman içində keçdiyi yol, Aristotel məntiqinin digər məntiq növləri qarşısındakı mövqeyi, analitik metodlar, “fuzzy logic” və s. mövzularla yaxından tanış olur. Diqqətçəkən xüsus isə ayrıca tədris edilən “Məntiqi xətalar/səfsətələr” (Logical fallacies) bölməsidir. Mübahisələrdə və ya bir mövzu haqqında sərbəst düşünərkən yol verdiyimiz səhvlərdən bəhs edən bu dərslərdə tələbəyə ən geniş yayılmış məntiqi xətalardan bəhs edilir ki, o da gələcəkdə eyni tələlərə düşməsin, zehnində məntiqi strukturlar qurarkən özündən əvvəl dəfələrlə təkrarlanmış köhnə yanlışlara yol verməsin.

Bu xətaların bir neçəsinə nəzər salaq. Məsələn, mübahisə zamanı kimsə bir iddianı faktlarla “çürütmək” əvəzinə, “Amma filan tanınmış alim bu mövzu ilə bağlı belə düşünmür” deyərək vəziyyətdən çıxmağa çalışır. Məntiq elmində buna “appeal to authority”, yəni nüfuza müraciət səfsətəsi adı verilir. Belə olan halda məsələnin mahiyyəti dərhal unudulur və arqumentin bütün ağırlığı hansısa nüfuzlu şəxsin çiyinlərinə yüklənir.

Başqa bir zehni tələyə baxaq: “cherry pi­c­k­­­ing” və ya seçmə sübut səfsətəsi. Təsəvvür edin ki, bir mövzu haqqında onlarla araşdırma, yüzlərlə fakt və müxtəlif nəzərlər mövcuddur. Lakin qarşı tərəf bütün bu məlumatların içindən yalnız öz mövqeyini dəstəkləyən bir-iki nümunəni seçir, əksini göstərən sübutları isə görməzdən gəlir. Məsələn, yeni bir dərmanın təsirini müzakirə edərkən yalnız uğurlu nəticə vermiş tədqiqatları qabardır, eyni dərmanın təsirsiz olduğunu və ya mənfi nəticə verdiyi araşdırmaları gizlədir. Bu məntiqi xəta bizi bütöv mənzərəni yox, gerçəkliyin diqqətlə seçilmiş kiçik bir hissəsini görməyə vadar edir və nəticədə yanlış qənaətlərə gəlməyimizə səbəb olur.

Bu qəbildən sonuncu nümunə isə, bəlkə də, gündəlik həyatda ən çox rastlaşdığımız, ən ibtidai instinktdir: şəxsiyyətə hücüm (ad hominem) səfsətəsi. Burada bir fikri rədd etmək, məntiqi arqumentin sütunlarını daha güclü əks-arqumentlərlə sındırmaq əvəzinə, o fikri səsləndirən insanın xarakterinə, keçmişinə və ya şəxsiyyətinə hücum edilir. Mübahisənin ən qızğın yerində qarşı tərəfin zahiri görünüşünü, etnik köklərini, inanclarını ön plana çıxararaq onu alçaltmağa çalışmaq bu xətanın klassik nümunələrindəndir. Burada artıq fikrin özü yox, onu irəli sürən fərdin şəxsiyyəti mübahisə mövzusu olur.

Gündəlik həyatda yol verdiyimiz onlarca, yüzlərcə məntiqi xətalardan biri diqqətimi daha çox çəkib. Bu, “red herring”, yəni “qırmızı siyənək” məntiqi xətasıdır. Detallara enməzdən əvvəl bu anlayışa qısa tərif verək: “Qırmızı siyənək – diqqəti əsl hədəfdən, müzakirənin ana xəttindən və düşüncənin istiqamətini bilərəkdən azdırmaq üçün ortaya atılan şüurlu yayındırma manevridir. O, əsl arqumentin, gerçək problemin üzərinə çəkilən pərdədir”.

Təsəvvür edin, qarşınızdakı insanla əhəmiyyətli bir mövzuda müzakirə aparırsınız və ortaya qoyduğunuz arqumentlər də kifayət qədər güclüdür. Məsələn, deyirsiniz ki:

– Müasir insanın ən böyük faciəsi sükuta dözə bilməməsidir; biz öz daxili boşluğumuzla üzləşməmək üçün dayanmadan ekranların və rəqəmsal dünyanın səs-küyünə sığınırıq.

Bu zaman qarşı tərəf uzaqdan baxanda mövzu ilə əlaqəli görünən, ancaq mahiyyətcə müzakirənin ana xətti ilə heç bir bağlantısı olmayan, son dərəcə cəlbedici və provokativ bir fikir ortaya atır:

– Sənin o bəyənmədiyin internet və sosial şəbəkələr sayəsində ucqar kəndlərdəki uşaqlar təhsil alır. Sən o uşaqlara bu şansı çox görürsən?

Budur, beləcə “red herring” tələsi qurulmuş olur. İndi yeni, kəskin qoxunun izinə düşüb özünüzü müdafiə etməyə, texnologiyanın xeyri və zərəri barədə müzakirəyə başlasanız, əsl məsələ – insanın daxili boşluğu, mövcudluq böhranı, sükutdan qaçması birdəfəlik unudulacaq. İntellektual həyatınızda belə bir manipulyasiya ilə qarşılaşmısınızsa və ya mübahisədə uduzmamaq üçün fərqində olmadan özünüz də bu “metod”dan istifadə etmisinizsə, deməli, yolunuz artıq “qırmızı siyənəklər”lə kəsişib.

Bu metoddan detektiv romanlarda da geniş istifadə edilir. Yazar diqqətinizi əsl məsələdən, əsl qatildən uzaqlaşdırmaq üçün ortaya qəsdən yanıldıcı bir ipucu atır və oxucu onun izinə düşərək həqiqətin arxasınca getdiyini sanır. Əslində isə tamamilə həqiqətdən uzaqlaşır; qəribə xarakterli, şübhəli görünən bir qonşu, ya da əsas obrazın keçmiş həyat yoldaşı buna misal ola bilər… Əslində, onların cinayətdən qətiyyən xəbərləri yoxdur. Yazar onlardan elə ustalıqla, elə detallı şəkildə bəhs edir ki, oxucu bütün diqqətini ora yönəldir və həqiqətdən uzaqlaşır. Məntiq elmindəki “red herring” xətası da eynilə belədir: mövzudan yan keçmək üçün zahirən əlaqəli, əslində isə tamamilə yad bir mövzu sizə təqdim edilir.

Bu məntiqi xəta nəzəri cəhətdən nə qədər önəmli olsa da, fikrimcə, modern həyatımızda oynadığı rol daha vacibdir.

“Qırmızı siyənəklər” və ov tazıları

XVI–XVII əsrlərdə ov tazılarının dözümsüzlüyünü və diqqətini sınamaq üçün hiyləgər, lakin olduqca təsirli bir metoddan istifadə edilirdi. Təlimçi tazını əvvəlcə ovun – məsələn, bir tülkünün – yüngül, güclə sezilən izinə buraxırmış. Sonra ölü bir siyənək balığını yerdə sürüyərək tazının irəliləyəcəyi cığırdan çarpaz şəkildə keçirmiş. Duzlanıb qaxac edildiyi və saatlarla tüstüyə verildiyindən rəngi tünd-qırmızıya çalan bu siyənək balığının qoxusu isə dözülməz dərəcədə kəsif olurmuş.

Ovunun izi ilə diqqətlə irəliləyən tazı gəlib iki qoxunun kəsişmə nöqtəsinə çatanda sanki görünməz divara çırpılırdı. Əsl ovun yüngül qoxusu o saniyə silinib gedir, tazının genetik kodlarına sirayət etmiş minillik izsürmə instinkti bu yeni, süni və kəskin qoxu ucbatından iflic olurdu. Heyvan hədəfini unudaraq asan, daha kəskin və daha “səs-küylü” olan qoxunun arxasınca qaçmağa başlayırdı. Tazılar ovlarının arxasınca doğru yolda addımladıqlarını, hədəflərinə sarı əminliklə irəlilədiklərini düşünsələr də, bu saxta iz onları əsl ovdan kilometrlərlə uzaqlaşdırıb azdırırdı.

Bu təlimin ən dramatik tərəfi tazının aldanış şəklidir. Qırmızı siyənəyin qoxusu o qədər bəsit, onu izləmək o qədər asan idi ki, tazı əvvəlkindən daha sürətlə qaçır, daha bərkdən hürməyə başlayırdı. Təlimçinin bu hiyləgərlikdə məqsədi isə sadədir: iradəni instinktən üstün tutmaq. Tazının iybilmə qabiliyyəti yalnız onda inkişaf etmiş sayılırdı ki, qarşısına çıxan bu iyrənc qoxudan sıyrılmağı, diqqətini bərpa etməyi öyrənsin. Tazı burnunu o kəskin, asan və yalançı izdən çəkib qoxunun cəlbediciliyinə aldanmağı rədd etdiyi, yenidən meşənin sükutuna və o xəfif, ancaq gerçək qoxuya fokuslandığı an əsl ovçuya çevrilə bilirdi.

Bu meşə mənzərəsi, bu qəddar izazdırma oyunu və tazının aldanış şəkli, məncə, bizim modern həyatımızla və bu həyatı yaşama tərzimizlə inkaredliməz paralellik təşkil edir.

Modern dünya və insan

İnsan təbiəti etibarilə həqiqətin arxasınca qaçmağa, özünü və kainatı mənalandırmağa proqramlaşdırılmış varlıqdır. Mürəkkəb fəlsəfi sistemlərimiz, elmi paradiqmalarımız, spiritual doktrinalarımız elə bu axtarışın meyvələridir. Həqiqət axtarışı, özümüzü və kainatı dərk etmək bizim genetik kodumuza işləmiş bir funksiyadır. Aristotelin sözləri ilə ifadə etsək: “Bütün insanlar təbiətləri etibarilə bilmək istəyirlər”.

Təəssüf ki, insanın öyrənmə ehtirası qarşısında modern dünya keçilməz sədd kimi dayanıb; daha doğrusu, cəmiyyətimiz insanın bu vəziyyətindən çox hiyləgər şəkildə sui-istifadə etməyi bacarır. Modern dünya özlüyündə nəhəng, fasiləsiz işləyən bir “qırmızı siyənək fabriki”dir və gündəlik həyat dediyimiz şey Varlıq və gerçəkliyin üzərini örtən qatı duman təbəqəsinə çevrilib.

Hər gün ekranlardan üstümüzə yağan bitmək-tükənmək bilməyən arzular, saxta böhranlar, sensasiyalı trendlər və sürətlə axan “reels”lər – bunlar hamısı “düşüncə cığırımız”a atılmış ölü, “qırmızı siyənəklər”dir. Onlar da meşənin səssizliyində “Mən daha vacibəm, mənə bax!” deyə dayanmadan qışqırırlar. Dopaminə təslim olan zehnimiz isə həmişə hərəkətə və kəskin şeylərin arxasınca qaçmağa meyillidir. Nəticədə həyatımızın, bəlkə də, çox böyük bir qismi yanlış qoxuların izində hədər olub gedir. Biz gerçək və anlamlı bir şeyin izinə düşdüyümüzü zənn edərkən, əslində, iybilmə qabiliyyətini itirmiş, süni stimullara aldanıb ətrafda məqsədsiz qaçışan zavallı tazılara çevrilirik. İç səsimiz – dərindən gələn, üzərində yaxşı düşünülmüş, fəlsəfi və rasional analizlər edə bilən o mexanizm isə “qırmızı siyənəklər”in səs-küyü altında yoxa çıxır. Bizi, əslində, “heç yerə aparmayan” bu xarici stimullar “hər yerə apardıqlarına” dair güclü illüziya yaradır. Əsl hədəf, yəni mütləq “həqiqət” meşənin bir yerində səssizcə dayanmışkən “ovçu” bütün enerjisini bu yanıldıcı, sintetik izin arxasınca qaçaraq tükəndirir.

***

Həbsdə olduğunu dərk etməyən məhkum əsla qaçış planı qurmaz. Bu problemi görüb haqqında düşünmək belə həllin tapılmasında çox önəmlidir.

Aristotel “Metafizika” əsərində “reflex­ion” (refleksiya) anlayışından bəhs edir. Bu, bir addım geriyə çəkilib mənzərəyə – öz düşüncə sahəmizə kənardan, obyektiv baxa bilmək mənasına gəlir. Fikrimcə, ətrafımızdakı və zehnimizin mərkəzindəki “qırmızı siyənəklər”dən qurtulmağın tək yolu refleksiya bacarığımızı işə salmaq və beləcə, “iybilmə” qabiliyyətimizi qoruyub saxlamaqdır.

Gerçək ovun arxasınca qaçıb onu yaxalamaq çox çətindir, çünki bu axtarış bizdən diqqət və səssizlik tələb edir, bizi daxilimizdəki radikal gerçəkliklə üz-üzə qoyur. Qırmızı siyənəyin funksiyası isə qoxusunun kəskinliyi ilə zehni ələ keçirmək, onu dərinlikdən səthə çəkməkdir. Ondan qurtulmağın yolu tamamilə əhəmiyyətsiz saymaq deyil; arxasınca düşdüyümüz qoxunun gerçək bir ova – həqiqətimizdən uzaq, duzlanıb qaxac edilmiş ölü bir balığa aid olduğunun fərqinə varacaq qədər ayıqlıq göstərməkdir.

Diqqətçəkən, bizi təşvişə salan, qəzəbləndirən və ya saxta həzz bəxş edən hər stimul qarşısında bu sualı verməyə məcburuq: “Bu, meşənin öz təbii qoxusudur, yoxsa önümə atılmış ölü bir siyənək balığıdır?”

Şəxsən bu ayıqlığı, refleksiya bacarığını qazanmaq üçün “mindfulness” praktikalarının və neyroelmə dair araşdırmalar aparıb mövzunun köklərinə enməyin çox faydalı olduğunu düşünsəm də, o çoxunun işinə yaramaya bilər. Bu “sağalma” prosesində hər şey yolunda getsə belə, biz yenə də arabir o kəskin qoxunun arxasınca qaçacaq, daha parlaq, daha səs-küylü olana doğru gedəcəyik. Çünki yüz min illik təkamül prosesi bizə həmişə daha cəlbedici və daha bər-bəzəkli görünənə sarı qaçmağı diktə edir.

Bütün bu çətinliklərə baxmayaraq, bəzən, o saxta izin ardınca gedərkən bircə anlıq ayaq saxlayıb meşənin dərin səssizliyindəki daha xəfif, duymaq üçün dərin diqqət tələb edən, gerçək qoxunu içimizə çəkə bilərik. Özümüzə dönmək, zehnimizin imkanlarından tam yararlanmaq üçün ovsunlayan qoxulara məhəl qoymayıb yenidən səbir tələb edən gerçəyin səssiz izinə düşməyə cəsarət göstərə bilərik. Kim bilir, bəlkə də, elə bu, tamamilə çılğınlaşmış və “qırmızı siyənəklər”in əlindən tərpənə bilmədiyimiz müasir dünyada zehnimizi və “iybilmə” qabiliyyətimizi qorumaq üçün yetərli olar.

Həmid Həmidzadə