Misirin türkəsilli keçmiş kraliçası Nazlı Səbriyə məxsus, 673 almazla bəzədilmiş qiymətli boyunbağı Avstriyanın paytaxtı Vyanadakı Tətbiqi Sənət Muzeyindən oğurlanıb.
“Füyuzat” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Hadisə avqustun 27-də, muzeyin ziyarətçilər üçün açıq olduğu vaxt baş verib. Polisin verdiyi məlumata görə, iki kişi bilet alaraq ziyarətçi kimi muzeyə daxil olub, çəkiclə boyunbağının yerləşdirildiyi şüşə vitrini sındıraraq zinət əşyasını götürüb və hadisə yerindən qaçıb. Onların hər ikisinin təhlükəsizlik kameralarına düşdüyü bildirilir.

Platin üzərində yerləşdirilən 673 almazın ümumi çəkisi 200 karatdan çoxdur. Van Cleef & Arpels zərgərləri tərəfindən 1939-cu ildə Misir kral ailəsi üçün hazırlanan boyunbağı həmin il kraliça Nazlı Səbri tərəfindən qızı şahzadə Fövziyyə bint Fuadın İranın gələcək şahı Məhəmməd Rza Pəhləvi ilə toyunda taxılıb. Qeyd edək ki, şahzadə Fövziyyə İran şahının ilk xanımı olub.

Sözügedən boyunbağı 2015-ci ildə Sotheby’s hərracında 4,3 milyon dollara satılıb. Hazırda oğurluqla bağlı araşdırmanı Vyana Dövlət Cinayət Polisi İdarəsi aparır. Polis şübhəlilərin axtarışına başlayıb.



